YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Tərəqqi, rifah və qayğı

Təvəkkül Əliyev

YAP Şuşa rayon təşkilatının sədri

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə işğaldan azad olunmuş torpaqlarımızda şəhər günlərinin təsis edilməsi mühüm tarixi hadisədir. Həmin qərara əsasən, 26 avqust Laçın Şəhəri Günü kimi qeyd edilir. Bu tarix təsadüfi seçilməyib – 2022-ci il məhz həmin gün Azərbaycan Ordusu Laçın şəhərinə daxil oldu, Zabux və Sus kəndlərini nəzarətə götürdü. Dövlət başçısının “Twitter” üzərindən xalqa ünvanladığı müjdə isə milyonlarla soydaşımız üçün unudulmaz anlara çevrildi.

Azadlıq xəbəri ilə yanaşı, qısa müddətdə reallaşan böyük dönüş Laçına da öz möhürünü vurdu. 2023-cü il 28 May – Müstəqillik Günündə ilk köç karvanının Laçına yola salınması tarixə qürurla yazıldı. Bu, yalnız köçkünlərin yurd həsrətinə son qoymadı, eyni zamanda dövlətimizin gücünü və quruculuq iradəsini bütün dünyaya göstərdi.Unutmayaq ki, 44 günlük Vətən müharibəsi Azərbaycanın taleyində dönüş nöqtəsi oldu. Döyüş meydanında əldə edilən Zəfər nəticəsində yüzlərlə yaşayış məntəqəsi işğaldan azad edildi, Ermənistan isə kapitulyasiya aktına imza atmağa məcbur qaldı. Ağdam, Kəlbəcər və Laçının döyüşsüz geri qaytarılması da həmin tarixi qələbənin siyasi müstəvidə təsdiqi idi. Bu səbəbdən, Laçın Şəhəri Gününün təsis edilməsi təkcə bir rayonun deyil, ümumi Qələbənin təntənəsidir.

Tarixi ədalətin bərpası 2023-cü ilin 19 sentyabrında başa çatdı. Cəmi bir gün davam edən antiterror tədbirləri ilə ölkənin suverenliyi tam şəkildə təmin olundu. Artıq Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə Azərbaycan bayrağı dalğalanır. Bu gün həmin torpaqların simasını dəyişən genişmiqyaslı bərpa işləri Laçın timsalında daha aydın görünür.Laçının yeni həyat konsepsiyasında turizm mühüm yer tutur. 2025-ci ildə Zerti kəndində istifadəyə verilən “Laçın” İstirahət Kompleksi regionun inkişafına güclü təkan verdi. Müasir hotellər, konfrans zalları və müxtəlif xidmət obyektləri ilə bu kompleks həm istirahət, həm də işgüzar görüşlər üçün ideal məkana çevrildi. Ən önəmlisi isə yüzlərlə yerli sakin burada məşğulluq imkanı qazandı.

Bərpa prosesində sosial infrastruktur da diqqətdən kənarda qalmadı. Onlarla fərdi ev və çoxmənzilli bina istifadəyə verildi, məktəblər və təhsil ocaqları fəaliyyətə başladı. 510 şagird yerlik Laçın şəhər məktəbi və Zabux kənd məktəbi uşaqların doğma torpaqda təhsil almasına imkan yaradır. Bu layihələr, əslində, həm də gələcəyin təməlini qoyur.Bölgənin strateji inkişaf istiqamətlərindən biri də hava nəqliyyatı ilə bağlıdır. 28 may 2025-ci ildə açılışı olan Laçın Beynəlxalq Hava Limanı Azərbaycanın ən yüksəkdə yerləşən aeroportu kimi tarixə düşdü. Bu hava limanı yalnız strateji baxımdan deyil, həm də iqtisadi və turizm sahəsində yeni imkanlar açmaqla Laçının qlobal mərkəzə çevrilməsinə xidmət edir.

Laçın hazırda müasirliklə tarixin qovuşduğu bir məkan kimi Azərbaycanın inkişaf və tərəqqi yolunda daha bir möhtəşəm uğurunun göstəricisinə çevrilir.Bu zəfər bizim gələcək nəsillərimizə əmanət edilən ən böyük qürur və iftixar mənbəyidir.

DİGƏR Xəbərlər Arxiv