Xəbərlər
Azərbaycanın qətiyyətli mövqeyinin təsdiqi

Mehdi Balabəyov
YAP Şabran rayon təşkilatının sədri
Dövlət başçısı İlham Əliyevin Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibəsi dünya mətbuatında bu gün də geniş işıqlandırılmaqdadır. Müsahibə Azərbaycan dövlətinin hər bir məsələdə ədalətə və beynəlxalq hüquqa söykənən qətiyyətli mövqeyini, regonda və dünya siyasətində söz sahibliyini bir daha təsdiqlədi.
Prezident İlham Əliyev bildirdi ki, ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Vaşinqtonda əldə olunmuş razılaşma artıq müharibənin sonu deməkdir. Bu sənəd yalnız Azərbaycan-Ermənistan münasibətlərinə deyil, bütövlükdə Cənubi Qafqazın geosiyasi taleyinə təsir edən hadisədir. Dövlətimizin başçısı bu çağırışı da səsləndirdi ki, əgər Ermənistanın hər hansı gələcək hökuməti hakimiyyətə gəldiyi vaxtdan asılı olmayaraq, Vaşinqtonda imzalanan sənədi şübhə altına qoyarsa, Ermənistan ciddi çətinliklərlə üzləşəcək. Çünki regiondakı güc balansı hər baxımdan tamamilə bizim xeyrimizədir. Düşünürəm ki, bu, hər kəsə aydındır. Əgər Ermənistan bir daha bizim ərazi bütövlüyümüzü şübhə altına qoysa, biz də adekvat cavab verəcəyik.
Vaşinqtonda imzalanan sənədin əhəmiyyəti ondan ibarətdir ki, hər iki tərəf bir-birinin ərazi bütövlüyünü tanıyır və gələcək təmaslarını beynəlxalq hüququn bu fundamental tezisi əsasında planlaşdıracaq. Əgər onlar bizim ərazi bütövlüyümüzü tanımaqdan imtina etsələr, biz də onların ərazi bütövlüyünü tanımaqdan imtina edəcəyik. Dövlətimizin başçısı onu da qeyd etdi ki, burada kim qazanacaq, kim uduzacaq, məncə, bu, ritorik sualdır. Ermənistanın istənilən gələcək hökumətində kifayət qədər müdriklik, ağlabatan yanaşma olacaq ki, Vaşinqtonda razılaşdığımızı şübhə altına almasın. Bu, iki dövlət arasında razılaşmadır. Bu, Paşinyan ilə mənim razılaşmamız deyil.
Cənab İlham Əliyev Donald Trampı sülh yaradan lider kimi yüksək qiymətləndirərək onun Nobel Sülh Mükafatına namizədliyini dəstəklədiyini açıqladı. Qeyd etdi ki, erməni həmkarımla birlikdə Prezident Trampın Nobel Sülh Mükafatına namizədliyini irəli sürdük. O, həqiqətən buna layiqdir. O, bir neçə ay ərzində Afrikada, Asiyada, Cənubi Qafqazda möcüzə yaradıb. Bu, onun xarakteridir, bu, onun təbiətidir. O, sülh istəyir. O, Qərb liderlərinin ənənəvi imicindən tamamilə fərqli bir şəxsiyyətdir. O, çox mehribandır. O, bütün hədiyyələrini, hətta planlaşdırılandan daha çoxunu verəcək qədər çox səxavətlidir. O, həqiqətən də böyük tərifəlayiq insandır: “Bu, mənim onunla ilk görüşüm idi, ancaq siyasətçi kimi ona münasibətim həmişə müsbət olub. Hətta onun ilk prezidentlik dövründə belə, - ancaq o vaxt görüşmək imkanımız olmayıb, xüsusilə də o, “dərin dövlət”in nümayəndələri tərəfindən seçki saxtakarlığı ilə seçilməkdən məhrum edilib, - onun qələbəsini əlindən aldılar. Onun poçtla göndərilən səs bülletenləri ilə bağlı fikirləri tamamilə düzgündür. Çünki Amerika administrasiyaları həmişə bütün dünyaya necə yaşamalı, demokratiyanı necə qurmalı, seçkiləri necə təşkil etməli olduğumuz barədə mühazirə oxumağı xoşlayır. Lakin onlar özləri Prezident Trampı qələbədən məhrum edərək, ona qarşı ən böyük seçki saxtakarlığını etdilər. O, prezident olmadığı müddətdə özünü çox layiqli şəkildə aparıb. O, böyük cəsarət və ləyaqət nümayiş etdirərək Amerikada yenidən hakimiyyətə qayıtdı. Qurbağalarla dolu bütün bu bataqlıqlar - USAID, “Radio Liberty”, “Washington Post”, “New York Times”, “Wall Street Journal”, “Newsweek” kimi saxta xəbər mənbələrinin hamısı onun əleyhinə idi”.
Prezident İlham Əliyev, Minsk qrupunun ləğvindən də danışdı. Bildirdi ki, Minsk qrupunun ləğvi Azərbaycan tərəfindən danışıqların ilkin mərhələlərində irəli sürülmüş şərtlərdən biri idi. Bizim məntiqimiz bundan ibarət idi ki, Minsk qrupu 1992-ci ildə ATƏM tərəfindən Qarabağ münaqişəsinin həlli üçün yaradılmışdı. Ermənistan rəsmi şəkildə Qarabağı Azərbaycanın hissəsi kimi tanıdığını və münaqişənin başa çatdığını bildirdiyi halda, Minsk qrupunun hüquqi mövcudluğu absurddur. Əgər onu saxlamaqda israrlı olsalar, bu, onların Qarabağla bağlı hələ də ərazi iddialarının olduğunu göstərir. Bu, mövqeyimizin əsasında dayanan məntiq idi. Ermənistana anlatmaq üçün çox vaxt və səy sərf etdik ki, hər iki tərəf Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-ə məktub yazsın və bu, Prezident Trampın iştirakı ilə baş verdi. Hazırda proses artıq başlayıb və bu, Minsk qrupunun hüquqi süqutunu ifadə edəcək, çünki o, artıq beş ildən çoxdur ki, fəaliyyətsizdir.
Azərbaycanın diplomatik uğurları davamlılığı ilə diqqətdədir. Buna əsas verən tarixi həqiqətlərə və real faktlara əsaslanan təbliğatı, ədalətə, beynəlxalq hüququn norma və prinsiplərinə söykənən siyasətidir.