YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyevin azad edilmiş ərazilərə səfəri əlamətdar hadisələrlə yadda qaldı

Müstəqil Azərbaycan dövləti tarixdə heç zaman indiki qədər güclü olmayıb. Qalib Lider, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və rəşadətli ordumuzun gücü ilə, suverenliyimizin, ərazi bütövlüyümüzün tam təmin edilməsi reallığı milli yaddaşımıza, dövlətçilik tariximizə qızıl hərflərlə yazılan ən böyük nailiyyətimizdir. Bu fikirləri YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə, Milli Məclisin deputatı deyib.

Deputat bildirib ki, tarixi missiya uğurla yerinə yetirildikdən sonra Qarabağın və Şərqi Zəngəzurun, işğaldan azad olunmuş ərazilərin bərpası, inkişafı dövlətimiz üçün prioritet məsələlərdəndir. Düşmənin illərlə xarabalığa çevirdiyi şəhər və kəndlərimiz müasir standartlara uyğun yenidən inkişaf edir. Artıq dünya Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa, yenidənqurma işlərinin fonunda Azərbaycanın öz daxili imkanları hesabına necə əzəmətli və nəhəng layihələri həyata keçirdiyinin şahidi olur. 30 il ərzində düşmənin viran qoyduğu torpaqlarımıza hər gün yeni nəfəs verilir, doğma yurd yerlərimiz gülüstana çevrilir. Müasir standartlara cavab verən yollar çəkildi, beynəlxalq hava limanları tikildi. Düşmənin viran etdiyi tarixi, mədəni, dini irsimiz bərpa olunur, “ağıllı kənd” layihəsi həyata keçirilir. İllərlə əsl sahibinə həsrət qalan torpaqlarımızda infrastruktur yenilənir, dədə-baba yurdlarına qayıdan soydaşlarımız üçün dünyanın ən müasir imkanları yaradılır, onların rahat yaşaması, işlə təmin olunması, təhlükəsizliyi, istirahəti üçün hər cür şərait qurulur. İşğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri bütün dünyaya nümunə olan Qalib Azərbaycanın gücünün, siyasi iradəsinin təqdimatı oldu.

Millət vəkilinin sözlərinə görə, 44 günlük şanlı Vətən müharibəsindəki parlaq zəfərdən sonra yeni tarixi mərhələyə qədəm qoyan Azərbaycanın Müzəffər Ali Baş Komandanı İlham Əliyevin işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur bölgələrinə mütəmadi səfərləri dövlətimizin gücünü, milli birliyini nümayiş etdirir. Eyni zamanda bu səfərlər bölgədə aparılan bərpa və quruculuq işlərinin, infrastruktur layihələrinin uğurlu gedişinin və məcburi köçkünlərin yüksək əhval-ruhiyyə ilə, toy-bayramla geri dönüşünün təsdiqi olur.

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 14 sentyabr tarixində Qarabağa səfəri də, əvvəlki səfərlər kimi əlamətdar hadisələrlə yadda qaldı. Səfər çərçivəsində Füzuli rayonunun yeni salınacaq Qaraxanbəyli kəndinin təməlinin qoyulması, Xocavənd rayonunun Hadrut qəsəbəsində inşa olunmuş məscidin açılışı, Xankəndi şəhərində Qarabağ Universitetinin Klinikasının binasının, Tibb və sağlamlıq elmləri fakültəsinin tədris korpusunun açılışı, Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində Qırmızı Bazar, Hadrut qəsəbələrinin və Sos kəndinin sakinləri ilə görüş doğma Qarabağın yeni intibahının, Böyük Qayıdış proqramının uğurla həyata keçirildiyinin göstərici idi.

“Şadam ki, siz artıq öz doğma dədə-baba torpağınıza gəlmisiniz, yerləşmisiniz. Sizin üçün burada şərait yaradılıb, evlər tikilib, təmir edilib. Bütün şərait var - su, qaz, elektrik, istilik, məktəb, tibb məntəqəsi, yollar. Ən önəmlisi bura doğma Qarabağ diyarıdır”. Prezident İlham Əliyevin Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində Qırmızı Bazar, Hadrut qəsəbələrinin və Sos kəndinin sakinləri ilə görüşündə söylədiyi bu sözlər hər bir soydaşımızın qəlbini dağa döndərdi.

Pərvin Kərimzadə qeyd edib ki, tarixi Zəfərimizin beşillik yubileyini yaşayan doğma Qarabağ diyarı bu gün rahat nəfəs alır. Öz ərazi bütövlüyünü bərpa edən, möhtəşəm zəfərə imza atan Azərbaycan dövləti “Böyük Qayıdış” proqramını uğurla icra edir, bu ərazilərə yeni həyat bəxş edir. Qüdrətli Azərbaycan 30 il ərzində erməni terrorçularının işğalıında qalan kəndləri, şəhərləri yenidən bərpa edir, illərlə doğma ocaqlarının həsrətini çəkən soydaşlarımız öz yurdlarına qayıdır. Geniş miqyasda iqtisadi, sosial layihələr və məşğulluq proqramları icra olunur, xüsusən də kənd təsərrüfatı, istehsal yönümlü çoxsaylı ailə təsərrüfatlarının yaradılması ilə insanların məşğulluğu təmin edilir.

Prezident İlham Əliyevin vurğuladığı kimi, doğma Qarabağımız bu gün cənnətə çevrilir. İşğaldan azad edilmiş ərazilərdə görülən işlər, həyata keçirilən tədbirlərin sürətlə aparılması, uzun ayrılıqdan sonra dədə-baba yurdlarına qayıdan insanların sevinci bir daha göstərdi ki, bu torpaqların əsl sahibi Azərbaycan xalqıdır və həmişə də belə olacaq!”, - deyə YAP İdarə Heyətinin üzvü vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv