Xəbərlər
Nizami rayonunda Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib
2025-ci il “Konstitusiya və Suverenlik İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının və Türk Ağsaqqalları İctimai Birliyinin birgə təşkilatçılığı ilə 5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə “Azərbaycanın uğurlarının əsasında müəllimin gərgin zəhməti və gündəlik fəaliyyəti durur” mövzusunda tədbir keçirilib.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş Vətənin qəhrəman övladlarının, o cümlədən şəhid olmuş müəllimlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Beynəlxalq Müəllimlər Gününə həsr edilmiş videoçarx nümayiş etdirilib.
Tədbirdə YAP Veteranlar Şurasının üzvü, Türk Ağsaqqalları İctimai Birliyinin sədri professor Südeyf İmamverdiyev, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov, Nizami Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Könül Həsənova, YAP Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsinin müdiri Zəkiyyə Musayeva, Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Ümumi təhsilin təşkili sektorunun aparıcı məsləhətçisi Gülnar Qədirova, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov və başqaları çıxış ediblər.
Qeyd olunub ki, “Mən dünyada müəllimdən şərəfli ad tanımıram” deyən Ümummilli Lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə müəllim əməyini yüksək qiymətləndirib. Onun təşəbbüsləri sayəsində təhsil işçilərinin maddi vəziyyətinin və sosial rifahının yaxşılaşdırılması daim diqqət mərkəzində olub.
Bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan təhsilinə göstərilən yüksək diqqət və qayğı bu gün də davam etdirilir. Çıxışlarda ölkəmizdə təhsilin inkişafında, onun maddi-texniki bazasının möhkəmlənməsində Birinci vitse-Prezident Mehriban xanım Əliyevanın, rəhbərlik etdiyi Heydər Əliyev Fondunun müstəsna xidmətləri də diqqətə çatdırılıb.
Qeyd olunub ki, Azərbaycan müəlliminin xalqımızın intellektual potensialının formalaşdırılmasında böyük xidmətləri var. Bu mənada Azərbaycanın əldə etdiyi bütün nailiyyətlərin əsasında məhz müəllimin gərgin zəhməti və fəaliyyəti dayanır. Dilimizin, ədəbiyyatımızın, mədəniyyətimizin və mənəviyyatımızın kökündə dayanan müəllim cəmiyyətimizdə hörmət və ehtiramla əhatə olunur.
O da vurğulanıb ki, artıq 5-ci ildir Azərbaycan müəllimi Beynəlxalq Müəllimlər Gününü qalib xalqın qalib övladı olaraq bayram edir. Xatırladılıb ki, Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində 20 məktəb direktoru, 32 direktor müavini, 671 müəllim düşmənə qarşı vuruşaraq qəhrəmanlıqlar göstərib. Bu müharibədə 20 təhsil işçisi döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə onların hər biri müxtəlif dərəcəli medallarla təltif edilib.
Çıxışlardan sonra mükafatlandırma mərasimi keçirilib. Mərasimdə təhsildəki uğurlarına və ictimai fəallıqlarına görə bir qrup müəllimə təşəkkürnamələr verilib. Həmçinin, bu il yubiley yaşını qeyd edən və partiya veteranı olan müəllimlər fəxri fərmanla təltif olunublar. Eləcə də Yeni Azərbaycan Partiyasına yeni qoşulan müəllim və tələbələrə üzvlük vəsiqələri təqdim edilib.
Tədbirə Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə yekun vurulub.