Xəbərlər
Birlik, əməkdaşlıq, tərəqqi

Rafiq Əliyev
YAP Yevlax rayon təşkilatının sədri
Türk Dövlətləri Təşkilatı 3 oktyabr 2009-cu ildə Naxçıvan şəhərində imzalanan Naxçıvan müqaviləsi ilə Türk dövlətləri arasında qurulmuş olan beynəlxalq təşkilatdır. Təşkilata üzv olan dövlətlər qardaşlıq prinsiplərinə əsaslanaraq, siyasi, iqtisadi-ticarət, enerji, nəqliyyat-logistika, kənd təsərrüfatı, mədəniyyət, hüquq, ədliyyə və məhkəmə daxil olmaqla, bir çox sahələrdə çoxtərəfli əməkdaşlıq edir.
Mötəbər təşkilatın əsas məqsədi Türk dövlətləri arasında hərtərəfli əməkdaşlığa yardım etməkdir. Bununla yanaşı təşkilat öz fəaliyyətində humanizm prinsipləri əsasında qlobal sülhə də mühüm töhfə verir. Üzv ölkələrin işgüzar dairələri, ticarət və sənaye palataları vasitəsilə türkdilli ölkələr arasında iqtisadi əməkdaşlığın dərinləşdirilməsini həyata keçirir. TDT artıq İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, ATƏT, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsi, BMT, Ümumdünya Turizm Təşkilatı ilə əlaqələr qurmuşdur.
Məlum olduğu kimi cari ilin oktyabrın 7-də Qəbələdə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü keçirilib. Dövlətimizin başçısı tədbirdə çıxış edərək, mühüm tarixi faktları diqqətə çatdırıb. Ortaq tarixi və etnik köklərimiz, dillərimiz bizi bir ailə kimi birləşdirir. Daxili siyasi və iqtisadi sabitlik, əhəmiyyətli geostrateji mövqe, müsbət demoqrafiya və gənc əhali, nəqliyyat-logistika sahəsində böyük imkanlar, təbii resurslar, habelə hərbi və hərbi-texniki sahədə artan potensial TDT-ni qlobal arenada vacib aktora çevirir.
Əlbəttə ki, Türk Dövlətləri Təşkilatının əsas hədəfi həmrəyliyi, dostluğu və qardaşlığı gücləndirməkdir. Təşkilata üzv olan dövlətlər yalnız öz təhlükəsizliyinin deyil, regionda sülhün, sabitliyin və rifahın ən güclü təminatçısıdır.Hazırda dünyada mövcud olan geosiyasi vəziyyətin fonunda qardaş ölkələrimiz arasındakı sarsılmaz birlik çox vacibdir. Sözün həqiqi mənasında dünya bu birliyə həsəd aparır. Qədim tarixi olan Qəbələ şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədov və Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə iştirak edən digər dövlət və hökumət başçıları Türkmənistan tərəfindən Füzulidə tikiləcək məscidin onlayn formatda təməlini qoyublar. Bu isə qardaş ölkələr arasındakı qarşılıqlı hörmət və səmimi diqqətin bariz nümunəsidir.
Zirvə Görüşünün yüksək səviyyədə təşkil edilməsi bir daha onu göstərdi ki, tərəflər məhz ölkələrimiz və xalqlarımız arasındakı qarşılıqlı etimadın daha da möhkəmləndirilməsi, həmçinin regionda və dünyada sülhün bərqərar edilməsi naminə birgə fəaliyyəti gələcəkdə daha da genişləndirəcəkdir.