YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Zəfər missiyası

Nihad Pənahov

YAP Tovuz rayon təşkilatının sədri

Oktyabrın 17-də xalqımız Füzuli rayonunun işğaldan azad edilməsinin beşinci   ildönümünü qeyd edəcək. Bu qüruru, xoşbəxtliyi xalqımıza yaşadan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, rəşadətli Ordumuza minnətdarıq. Qanları, canları ilə tarix yazan şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə şəfa diləyirik.

Füzuli şəhəri və rayonun böyük hissəsi 23 avqust 1993-cü il tarixində erməni silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. Ermənistanın  silahlı qüvvələri ilə mübarizədə  rayon sakinlərindən 400 nəfərədək müharibə əlili, 663 nəfər şəhid olmuşdur, 181 nəfər əsir və itkin düşmüşdür. Azərbaycan Silahlı Qüvvələrinin hücumu nəticəsində 5 yanvar 1994-cü ildə Füzuli rayonunun 22 yaşayış məntəqəsi işğaldan azad olunmuşdur. İşğaldan öncə Füzuli rayonu tarixi-dini abidələrlə, xüsusən də türbələrlə zəngin bir ərazi olmuşdur. Rayonda mövcud olan abidələr sırasına Babı kəndində yerləşən səkkizguşəli Şeyx Babi Yaqub (XIII əsr) türbəsini, Aşağı Veysəlli kəndində XIV əsrə aid Mirəli türbəsini, Əhmədalılar kəndində orta əsr qəbiristanlığının ərazisində sənduqə formalı qəbirdaşının üzərindəki türbəni, XIX əsrin Cəlil türbəsini aid etmək olar.

Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri şanlı Ordumuz tərəfindən 17 oktyabr 2020-ci il tarixində işğaldan azad edildi. Ümumilikdə 44 günlük  Vətən müharibəsi zamanı  rayonun 62 yaşayış məntəqəsi işğaldan azad edilib. Füzuli uğrunda aparılmış döyüşlər Vətən müharibəsi zamanı ən ağır döyüşlərdən olmuşdur. Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması Azərbaycana strateji üstünlüklər vermişdir. 30 il ərzində düşmən təmas xəttində möhkəm istehkam qurmuşdu. Hətta ən tanınmış hərbi mütəxəssislər də belə fikirdə idi ki, Füzulini işğaldan azad etmək üçün bəlkə aylarla vaxt lazım olacaq. Füzuli uğrunda döyüşlərdə Ordumuzun şücaəti qarşısında düşmən son mərhələdə öz silahlarını yerə qoyub qaçmışdı. Hərbi mütəxəssislər artıq açıq-aydın bildirirlər ki, Azərbaycan Ordusu böyük döyüş qabiliyyətinə və texniki təminata malik olan bir ordudur. Düşmən və bütün dünya artıq Azərbaycanın gücünü görüb və bunu etiraf edib.

Ermənilərin 30 ildə bu ərazilərimizdə qurduqları istehkamlar onların torpaqlarımızı sülh yolu ilə geri qaytarmaq fikrində olmadıqlarının aydın təsəvvürünü yaratdı. Bu səbəbdən Ermənistan himayədarlarının dəstəyi ilə danışıqlar prosesinə imitasiya naminə qatılır, vaxt qazanmağa cəhdlər edirdilər. Onların yeni ərazilər uğrunda müharibə planları   da danışıqlar prosesinin  uzanmasında  özünü qabarıq şəkildə büruzə verdi.

44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusu bu istehkamları dağıtdı, hər günü tariximizə Qələbə səhifəsi kimi yazdı.  Vətən müharibəsinin gedişində strateji əhəmiyyət kəsb edən Füzuli əməliyyatı ilə qədim yaşayış məskənimiz işğaldan azad olundu. Azərbaycan Ordusu döyüş meydanında xalqımızın qisasını aldı və həlak olanların qanı yerdə qalmadı.

Füzuli döyüşlərində Ordumuzun göstərdiyi şücaətə verilən yüksək önəmin təzahürü olaraq “Füzulinin azad olunmasına görə” medalı təsis edilib. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin Sərəncamları ilə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda döyüşlərdə iştirak edərək şəxsi igidlik və şücaət göstərmiş 25325 hərbi qulluqçumuz “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunub.

17 oktyabr dövlət başçısı İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimiz üzrə şəhər günlərinin təsis edilməsi haqqında Sərəncamına uyğun olaraq Füzuli Şəhəri Günü kimi qeyd edilir.  Hazırda  işğaldan azad edilmiş digər ərazilərimiz kimi, Füzuli rayonu da  bərpa və quruculuq dövrünü yaşayır. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın tarixi Zəfərimizdən sonra ilk səfər etdiyi ərazilər Füzuli və Cəbrayıl rayonu, o cümlədən Füzuli və Cəbrayıl şəhəri oldu. Cənab İlham Əliyevin bu günədək Füzuli rayonuna 20-dən artıq səfərinin hər biri rayonda aparılan bərpa-quruculuq işlərinin aydın mənzərəsini yaradır. Füzuli şəhəri sakinlərinə qovuşan 6 şəhərdən biridir. Azad edilmiş ərazilərimizdə tikilib istifadəyə verilən hava limanlarından biri Füzuli rayonundadır. 2021-ci ildə Füzuli Beynəlxalq Hava Limanı istifadəyə verildi. 8 aya tikintisi başa çatdırılan, müasir tələblərə cavab verən bu hava limanının açılışı  Azərbaycan və Türkiyə Prezidentlərinin iştirakı ilə həyata keçirildi. Qarabağın dünyaya açılan hava qapısı kimi dəyərləndirilən Füzuli Beynəlxalq Hava Limanı bu torpaqlara səfər edən qonaqlarımızın rahat gediş-gəlişini təmin edir.  Dövlət başçısı İlham Əliyev 2021-ci ilin 18 oktyabr tarixində Füzuli ictimaiyyətinin  nümayəndələri ilə görüşündə bildirmişdir ki, Füzuli şəhərinin azad edilməsi bizə əlavə mənəvi güc verdi. Azərbaycan Silahlı Qüvvələri bundan sonra böyük əzmkarlıq göstərərək xilaskarlıq missiyasını uğurla davam etdirdi. Füzuli azad olunandan 3 gün sonra Zəngilan şəhəri azad edildi, ondan beş gün sonra Qubadlı, ondan sonra biz Laçın dəhlizinə çıxdıq və beləliklə, müharibənin taleyi heç kəs üçün sirr deyildi. Biz öz torpaqlarımızı azad etməli idik: “Mən işğal dövründə bu məsələ ilə bağlı Azərbaycan xalqına dəfələrlə müraciət edərək və keçmiş köçkünlərlə görüşlər əsnasında deyirdim ki, nəyin bahasına olursa-olsun, torpaqlarımızı azad etməliyik. Onu da deyirdim ki, əgər lazım olsa, biz güc tətbiq etməklə öz torpaqlarımızı geri qaytaracağıq. Belə də oldu. Həm işğal dövründə, həm müharibə dövründə bütün təzyiqlərə, bütün bəyanatlara baxmayaraq, bizim qabağımızda heç bir qüvvə dayana bilmədi. Biz Ermənistan ordusunu darmadağın etdik, erməni mifologiyasına son qoyduq, bütün dünyaya sübut etdik ki, “yenilməz Ermənistan ordusu” nəyə qadirdir və bütün dünyaya xalqımızın böyüklüyünü nümayiş etdirdik. Bu şanlı Qələbə çoxəsrlik Azərbaycan tarixində əbədi yaşayacaqdır”.

DİGƏR Xəbərlər Arxiv