YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Zəngilanın işğaldan azad edilməsi müasir dövlətçilik tariximizin qürurverici səhifələrindəndir

Bədəl Bədəlov

Milli Məclisin deputatı

Zəngilan tarixi, təbiəti və strateji mövqeyi ilə Qarabağ bölgəsinin ən qədim yaşayış məntəqələrindən biridir. Bu diyar uzun illər düşmən işğalı altında qalsa da, xalqımızın Qələbə əzmi, dözümü və Vətən sevgisi sarsılmadı. Zəngilanın azad edilməsi ilə həm ədalət bərpa olundu, həm də tariximizin qəhrəmanlıq səhifəsinə yeni bir şanlı gün yazıldı.

Füzuli və Cəbrayıl rayonları işğal olunduqdan sonra zəngilanlılar 67 gün tam mühasirə şəraitində erməni silahlı birləşmələrinə qarşı qəhrəmancasına döyüşüblər. 1993-cü il oktyabrın 29-da Ermənistan tərəfindən işğal olunan Zəngilan rayonu tamamilə dağıdılıb, zəngin təbii ehtiyatları talanaraq xarici ölkələrə daşınıb.

44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər Azərbaycanın qüdrətini və xalqımızın birliyini bütün dünyaya nümayiş etdirdi. 2020-ci il oktyabrın 20-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etməklə, xalqımızın tarixində qürur və iftixar səhifəsi yazdı.

Zəngilanın azad edilməsi yalnız strateji baxımdan deyil, həm də mənəvi-siyasi müstəvidə böyük əhəmiyyət daşıyırdı. Bu şanlı Qələbə ilə 132 kilometrlik dövlət sərhədimiz tam bərpa olundu, Azərbaycan-İran sərhəd xətti bütövlükdə nəzarətə götürüldü. Beləliklə, dövlətimizin ərazi bütövlüyü təmin olundu, Zəngilan isə azad torpaqların dirçəliş rəmzinə çevrildi.

İşğal illərində dağıdılmış mədəni və dini abidələrin bərpası azad edilmiş torpaqlarda həyata keçirilən genişmiqyaslı fəaliyyətin əsas istiqamətlərindəndir. Zəngilan şəhər məscidinin Heydər Əliyev Fondu tərəfindən bərpa edilməsi bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. XIX əsrə aid memarlıq üslubuna malik olan məscid ilkin görkəminə qaytarılıb, müasir texnologiyalarla yenidən qurulub, ibadətə açılıb. Bu amillər həm Zəngilanın, həm də xalqımızın milli-mənəvi irsinin zənginliyini və dəyərlərini əks etdirir.

Zəngilan rayonunun Ağalı kəndində həyata keçirilən “Ağıllı kənd” layihəsi işğaldan azad olunmuş torpaqlarda müasir və dayanıqlı həyat modelinin parlaq nümunəsidir. Burada sosial xidmətlər, enerji təminatı, təhsil, səhiyyə və məşğulluq sahələri tam inteqrasiya olunmuş ekosistem daxilində fəaliyyət göstərir. Layihə çərçivəsində “yaşıl enerji” prinsiplərinə əsaslanan sistem qurulub. Həkəri çayı üzərində su elektrik stansiyası, günəş panelləri və ekoloji təmiz istilik avadanlıqları kəndin enerji təminatında mühüm rol oynayır. GPON texnologiyasına əsaslanan yüksək sürətli internet, ağıllı işıqlandırma və video müşahidə sistemləri sakinlərin rifahını təmin edir. Ağalı kəndinin sakinləri artıq yalnız evlərinə deyil, həm də gələcəyin innovativ həyat tərzinə qayıdıblar.

Zəngilanın strateji mövqeyi onu regionun mühüm logistika mərkəzinə çevirib. Horadiz–Zəngilan–Ağbənd dəmir yolunun, eləcə də Zəngilan Beynəlxalq Hava Limanının inşası bölgənin iqtisadi və nəqliyyat potensialını yeni mərhələyə yüksəldib. Zəngilan Beynəlxalq Hava Limanı ICAO və IATA standartlarına uyğun şəkildə inşa edilib və həm sərnişin, həm də yük daşımalarına imkan yaradır. Hava limanı həm regional nəqliyyat şəbəkəsinin, həm də Zəngəzur dəhlizinin hava komponentinin əsas hissəsini təşkil edir. Eyni zamanda, Zəngilan-Horadiz avtomobil yolu və tunellər sistemi azad edilmiş ərazilərin inteqrasiyasını təmin edir, bölgənin sosial-iqtisadi inkişafına xidmət edir.

Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamına əsasən, 20 oktyabr Zəngilan şəhəri günü kimi təsis olunub. Bu tarix həm azadlığın, həm də yenidənqurma, dirçəliş və gələcəyə inamın təntənəsidir.

Zəngilan torpaqları kənd təsərrüfatı potensialı baxımından böyük imkanlara malikdir. Bu potensialın səmərəli istifadəsi məqsədilə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə təşəbbüsü olan bu aqropark müasir heyvandarlıq, əkinçilik, emal və logistika sahələrini əhatə edir. Layihə tam başa çatdıqdan sonra minlərlə insan işlə təmin olunacaq, 6 min hektar sahədə məhsuldar təsərrüfatlar yaradılacaq, regionda “Made in Qarabağ” brendi ilə istehsal olunan məhsullar dünya bazarına çıxarılacaq.

2024-cü ildə açılışı olan “Ağalı” hoteli Zəngilanın turizm infrastrukturuna yeni nəfəs gətirib. Həkəri çayı sahilində yerləşən, təbii mənzərələr və müasir rahatlıqla birləşən bu mərkəz ekoturizmin inkişafı üçün mühüm addımdır. Zəngilanın füsunkar təbiəti, dağ-meşə mənzərələri, tarixi abidələri yaxın illərdə bölgəni turizm baxımından da cəlbedici məkana çevirəcək.

Artıq azad Zəngilan Böyük Qayıdışın ünvanına çevrilib. Burada həyata keçirilən layihələr təkcə bir rayonun deyil, bütün Qarabağ və Şərqi Zəngəzurun inkişaf modelini formalaşdırır. Zəngilanın azadlıqdan quruculuğa aparan yolu dövlətin siyasi iradəsinin, xalqın birliyinin və Vətən sevgisinin parlaq təzahürüdür.