Xəbərlər
Şərqi Zəngəzur hava qapısını dünyaya açıb

Həbib Cəfərov
YAP Astara rayon təşkilatının sədri
20 oktyabr Zəngilan Şəhəri Günüdür. Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə işğaldan azad edilmiş ərazilərimiz üzrə şəhər günlərinin təsis edilməsi tarixi Zəfərimizin əbədiləşdirilməsinə xidmət edən mühüm addımlar sırasındadır.
1920-ci ilin 28 aprel işğalından sonra bolşeviklərin köməyi ilə qədim türk torpaqları hesabına ilk dövlətlərini quran ermənilər Zəngəzur qəzasını işğal ediblər. Bu zaman bolşevik Rusiyasının təkidi ilə Zəngəzur Azərbaycanın əlindən alınaraq, Ermənistana birləşdirilib. Nəticədə qəzanın yuxarı hissəsi Ermənistanın, Laçın, Qubadlı və Zəngilan bölgələri isə Azərbaycanın tərkibində qalıb. Rayonda çöküntü suxurlarından başqa, vulkanik materiallar - yura, təbaşir çöküntüləri yayılmışdır. Ərazidə bir sıra faydalı qazıntılar - tikinti daşı, qızıl yatağı, qara mərmər yatağı, əhəng xammalı, susuzlaşdırılmış soda üçün əhəng daşı vardır. Rayon ərazisindən 4 çay keçir: Araz, Oxçuçay, Həkəri və Bəsitçay.
Rayonun coğrafiyasına gəldikdə Zəngilanın ərazisi şərqdən Həkəri çayından Mehri dağ silsiləsinə qədər olan ərazini əhatə edir. Şimaldan Qubadlı, Şərqdən Cəbrayıl rayonu, cənubdan Araz çayı boyunca İran İslam Respublikası, qərbdən isə Ermənistanın Mehri və Qafan rayonları ilə həmsərhəddir. Rayon respublikanın dağətəyi ərazisində yerləşməklə iqtisadi cəhətdən əsasən kənd təsərrüfatı istiqamətli olmuş, 29 kolxoz-sovxozu, 1 arıçılıq təsərrüfatını, 4 kooperativi və 3 kəndli-fermer təsərrüfatını əhatə etmişdir. Ərazisində 21 dəmiryol müəssisəsi və 6 dəmir yol vağzalı fəaliyyət göstərirdi.
Füzuli və Cəbrayıl rayonları işğal olunduqdan sonra zəngilanlılar 67 gün tam mühasirə şəraitində ermənilərlə vuruşdu. 25-29 oktyabr 1993-cü ildə Zəngilan rayonunun əhalisi son anadək vuruşaraq, 235 nəfər şəhid və itkin verərək Araz çayını keçmiş, İran İslam Respublikasının ərazisi ilə keçərək Azərbaycanın 43 rayonunda müvəqqəti məskunlaşmışlar.
44 günlük İkinci Qarabağ müharibəsində uğurla davam edən Zəfər yürüşü Zəngilan şəhərinin də azad edilməsinin sevincini yaşatdı. Azərbaycan Silahlı Qüvvələri 2020-ci il oktyabrın 18-də Zəngilan rayonunun azad edilməsi uğrunda əməliyyata başlamışdır. Oktyabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyev xalqa növbəti müraciəti zamanı Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etmişdir. Zəngilan döyüşləri nəticəsində Zəngilan şəhəri, rayonun 4 qəsəbəsi və 49 kəndi işğaldan azad edildi.
Zəngilan da hazırda Böyük Qayıdış Proqramı çərçivəsində genişmiqyaslı bərpa-quruculuq dövrünü yaşayır. Zəngilan nəqliyyat dəhlizləri üzərində yerləşir və ona görə Zəngilan Beynəlxalq Hava Limanının inşası da bu bölgənin inkişafı baxımından mühüm faktor olmuşdur. Bu hava limanı bütün növ təyyarələri, o cümlədən genişgövdəli ağır yük təyyarələrini qəbul edəcək. Hava limanı ICAO və IATA standartlarına uyğun uçuşların həyata keçirilməsinə imkan verəcək. Zəngilan Beynəlxalq Hava Limanı Qarabağın mühüm nəqliyyat qovşağına çevrilməsini şərtləndirən əsas obyektlərdəndir. Həmçinin bu hava limanı Zəngəzur dəhlizinin hava nəqliyyatı infrastrukturu ilə gücləndirilməsi baxımından strateji əhəmiyyət kəsb edir. Zəngilan Beynəlxalq Hava Limanı Şərqi Zəngəzurun hava qapısını dünyaya açdı.
Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşasının böyük strateji əhəmiyyəti var. Bu dəmir yolu azad edilmiş torpaqlara həm vətəndaşların gəlməsi, həm də yüklərin daşınması üçün böyük əhəmiyyətə malik olacaq. Buradan dəmir və avtomobil yolları da keçəcək və Naxçıvana yol açılacaq. Zəngilan-Horadiz avtomobil yolu strateji əhəmiyyəti ilə seçilir. Yolun ümumi uzunluğu 124 kilometrdir. Yolun illik buraxılış qabiliyyəti 15 milyon ton olacaq. Tikinti işləri 3 mərhələdə həyata keçirilir. 259 suötürücü boru, 39 körpü, 4 heyvan keçidinin, 5 yölötürücü və üst keçid, 7 alt keçidin tikintisi yekunlaşıb. Hazırda 4 ədəd tunelin, 1 ədəd körpünün, 1 ədəd qalereyanın və 3 ədəd suötürücü borunun tikinti-quraşdırma işləri davam edir.
Tarixi və dini abidələrimizin bərpası da əsas prioritetlər sırasındadır. Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. İşğal dövründə Zəngilan şəhərindəki tarixi məsciddən tövlə kimi istifadə olunub. XIX əsrdə inşa edilmiş və memarlıq abidəsi kimi inventarlaşdırılan məscid dağıdılıb, ilkin görkəmini 70 faizə qədər itirib. İşğal altında olan ərazilərimiz azad edildikdən sonra Qarabağdakı tarixi, dini və mədəniyyət abidələrinin bərpası layihələri çərçivəsində Zəngilan məscidində bərpa-tikinti işlərinə başlanılmışdı. Konservasiya olunan tarixi məscidin yanında yeni məscid inşa edilib. Yeni məscid binası düzbucaqlı plan quruluşlu, iki minarəli, üç nefli layihələndirilib. Məscid binasında 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Məscidin minarələri və günbəzi kaşı və kərpicdən yığılıb. İnteryerdə nəqqaşlıq işləri aparılıb, mehrab kaşıdan yığılmış nəbati naxışlarla işlənib. Minbər və şəbəkə elementləri təbii ağacdan hazırlanıb.
Zəngilan dirçəlir. Dövlət başçısı İlham Əliyevin rayona 10-dan artıq səfəri olub. Bu səfərlərin hər biri rayonun həyatında mühüm rol oynayacaq sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalır. Müzəffər Ali Baş Komandan İlham Əliyev 2020-ci il 23 dekabr tarixində rayona ilk səfəri zamanı Azərbaycan Bayrağını ucaltdı. Bu gün azad edilmiş bütün ərazilərimizdə qalibiyyət rəmzi olan Bayrağımızın dalğalanmasından böyük qürur hissi keçiririk. 30 il işğal altında qalan torpaqlarımız tarixi sahibinə qovuşaraq quruculuq dövrünü yaşayır. Mərhələ-mərhələ bu ərazilərə qayıdan soydaşlarımız onlara yeni həyat verir.