Xəbərlər
Yüksək səviyyəli siyasi münasibətlər və qarşılıqlı etimad mühiti

Azər Badamov
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı
Azərbaycan Qazaxıstan münasibətləri ortaq tarixi və mədəni köklər üzərində qurulub və prezidentlərin şəxsi dostluq müanisbətləri üzərində günü-gündən inkişaf etməkdədir. Son illər dövlət başçılarımızın müntəzəm şəkildə həyata keçirdikləri qarşılıqlı rəsmi və işgüzar səfərləri ölkələrarası münasibətlərdə yeni horizontlar açmışdır. İki dövlət arasında imzalanmış strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilə və təqribən 170 sənəd ölkələrimiz arasında hərtərəfli əməkdaşlığın genişləndirilməsi üçün hüquqi baza yaratmışdır.
Təbii ki, siyasi münasibətlərin dərinləşməsinin təməlində iqtisadi münasibətlərin inkişafı xüsusi əhəmiyyət daşıyır. Azərbaycan və Qazaxıstan yerləşdikləri coğrafiyadan çox səmərəli istifadə edərək bir yerdə Orta dəhilizi inkişaf etdirməklə Asiya ilə Avropa arasında körpü yarada bilmişdir. Bu faktor yüklərin çatdırılmasında mühüm rol oynamqla yanaşı, həm də tranzit potensialını artırmışdır. Belə ki, 2024-cü ildə Azərbaycan ilə Qazaxıstan arasında tranzit daşımaları əvvəlki dövrlə müqayisədə 20 faiz artaraq 3,5 milyon tondan çox olmuşdur. Bu marşrut üzrə Azərbaycan, Qazaxıstan, Gürcüstan və Türkiyədən olan 20-dən çox logistik və liman operaturun birləşməsi daşımaları daha sürətli edərək zamanı 38 gündən 19 günə endirmişdir. Dövlətimizin yaratdığı yeni reallıqların aktuallaşdırdığı Zəngəzur dəhlizi Orta dəhlizin seqmenti olaraq beynəlxalq yükdaşımlarda daha böyük nailiyyətlərin əldə olunmasına yol açacaq. Həmin dəhliz reallaşandan sonra Orta dəhlizin uzunluğu daha 600-700 km qısalır, bu da daşıma xərclərinin 10-15% azalmasına yol açacaq. Bütün bunlar Çindən Avropa ölkələrinə qədər Orta dəhliz boyu yerləşən ölkələrin beynəlxalq yükdaşımalarda marağını artıracaqdır.
Orta dəhliz ancaq yüklərin daşınması ilə kifayətlənmir. Belə ki, 2026-cı ilin sonunda tikintisinin yekunlaşdırlmasına hədəflənmiş Xəzər dənizinin dibi vasitəsilə çəkilən rəqəmsal dəhliz və Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji şəbəkəsini birləşdirməklə ərsəyə gələcək yaşıl enerji dəhlizi ölkələrimizin əməkdaşlığında yeni səhifə açacaqdır. Azərbaycan və Qazaxıstan həm də beynəlxalq yaşıl enerji və rəqəmsal dəhlizlıəri vasitəsilə regional və qlobal əməkdaşlığın dərinləşməsinə yeni üfüqlər açır.
Qazaxıstan Azərbaycan ərazisndən BTC vasitəsilə ildə 1,5 milyon ton neft ixrac edir. Amma Azərbyacan 2027-ci ilə qədər illik tranzit həcmini 7 milyon tona çatdırmağı hədəfləmişdir.
Azərbaycan və Qazaxıstan arasında ticarət dövriyyəsi artmaqdadır. Qazaxıstan Mərkəzi Asiyada ölkəmizin birinci ticarət tərəfdaşıdır. Belə ki, 2024-cü ildə 470 milyon dollar təşkil etdiyi halda bu ilin 8 ayında isə bu rəqəm artaraq 547 milyon dollara çatmışdır. 2024-cü ildə Azərbaycan Qazaxıstandan 450 min tondan çox taxıl idxal etmişdir. Ölkələrimiz Qafqaz və Türkiyə bazarlarında kənd təsərrüfatı məhsullarının emalı və paylanması üzrə birgə mərkəzlərin yaradılmasını planlaşdırır.
Dövlətlərarası qarşılıqlı investisiyaların artması iqtisadi inteqrasiyanı sürətləndirir. Belə ki, Azərbaycanda Qazaxıstan kapitalı ilə 250-yə yaxın kommersiya strukturu qeydiyyatdan keçmişdir. Ölkələrimiz arasında yaradılmış birgə İnvestisya Fondu 300 milyon dollar nizamnamə kapitalı ilə qarşılıqlı investisiya mühitini genişləndirir. Azərbaycan Qazaxıstan iqtisadiyyatına 225 milyon dollar, Qazaxıstan isə Azərbaycan iqtisadiyyatına 136 milyon dollar investisyalar yatırmışdır. İki ölkə arasında yaradılmış hökumətlərarası komissiyanın uğurlu əməkdaşlığı və birgə biznes forumların keçirilməsi yeni əməkdaşlıq potensialının üzə çıxarılması və əməkdaşlığın dərinləşməsinə töhfə verir.
Qazaxıstan işğaldan azad olunmuş ərazilərimizdə keçirlən yenidənqurma və bərpa işlərinə də qardaş hədiyyəsini etmişdir. Belə ki, Füzulidə inşa edilən Kurmanqazı adına Uşaq İncəsənət Mərkəzi Azərbaycan və Qazaxıstanın dostluq mərkəzi olmuşdur. Burada təhsil alan 100-dən çox şagird Qazaxıstanın tarixi və mədəniyyətini, birgə köklərini öyrənir və xalqlarımızn daha da yaxınlaşmasına töhfə verir.
Ümumiyyətlə deyə bilərik ki, Azərbaycan və Qazaxıstan dost ölkələr olaraq ikitərəfli və çoxtərəfli əməkdaşlığı genişləndirməklə, beynəlxalq platformalarda eyni mövqedən çıxış edir. Əlaqələrin genişlənməsi dünyada mövqelərimizin möhkəmlənməsinə töhfə verir.