Xəbərlər
“Şanlı Zəfər tariximiz”
“Konstitusiya və Suverenlik İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Tərtər rayon təşkilatının, Tərtər Rayon İcra Hakimiyyətinin və Tərtər Təhsil sektorunun birgə təşkilatçılığı ilə Uşaq-Gənclər İnkişaf Mərkəzinin qarşısında ümumtəhsil məktəblərinin şagirdləri arasında 8 Noyabr - Zəfər Gününün beşinci ildönümünə həsr olunmuş “Şanlı Zəfər tariximiz” adlı müsabiqə baş tutub.
Müsabiqəyə 38 ümumtəhsil məktəbindən 45 rəsm və əl işi təqdim edilib.
Tədbir torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə YAP Tərtər rayon təşkilatının əməkdaşı Gündüz Alıkişiyev, Tərtər Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Svetlana Əzizova və Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Ülviyyə Qəmbərova çıxış edərək Ordumuzun şanlı qələbəsindən, şəhid və qazilərimizin qəhrəmanlıq səlnaməsindən danışıblar.
Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli sərəncamı ilə 44 günlük Vətən müharibəsində qazanılan Zəfərin beşinci ildönümü və müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsinin 30-cu ildönümü münasibətilə 2025-ci il “Konstitusiya və Suverenlik İli” elan edilib.
Müsabiqəyə təqdim olunan işlər arasından 9 rəsm və əl işi qalib seçilib. Onlardan 3-ü birinci, 3-ü ikinci, 3-ü isə həvəsləndirici yerə layiq görülüb.
