YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Astarada “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş tədbir keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Astara rayon təşkilatının, Astara Rayon İcra Hakimiyyətinin və Astara Pedaqoji Kollecinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “44 günlük müharibənin hər bir günü Qələbə, Zəfər günüdür” mövzusunda dəyirmi masa keçirilib.

Əvvəlcə tədbir iştirakçıları YAP Astara rayon təşkilatının inzibati binasında Ulu Öndər Heydər Əliyevin büstünü ziyarət edərək önünə gül dəstələri düzüblər.

Tədbirdə öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Astara rayon təşkilatının sədri Həbib Cəfərov çıxışında bildirib ki, 1990-cı illərin əvvəllərində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əzmlə həyata keçirdiyi tarixi missiya ölkəmizin qarşısında dayanan problemləri aradan qaldırmağa, vəziyyəti sabitləşdirməyə, qanunçuluğu bərpa etməyə və müasir dövlətin əsaslarını yaratmağa imkan verib: “Ulu Öndərin rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi (referendum) nəticəsində qəbul edilmiş Konstitusiya ölkənin inkişaf strategiyasını irəli sürüb, xalqın suverenliyi, qanunun aliliyi, hakimiyyət bölgüsü prinsiplərini müəyyən edib, insan hüquqlarının və azadlıqlarının müdafiəsi üçün təminatlar yaradıb. Bu mənada dövlətimizin əsas qanunu təkcə hüquqi sənəd deyil, həm də milli tariximizin gələcəyə inam və quruculuq dövrünün təzahürüdür. Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar Konstitusiyanın mahiyyətinə uyğun olaraq hüquqi dövlət və vətəndaş cəmiyyətinin daha da möhkəmlənməsinə xidmət edir”.

Rayon təşkilatının sədri Həbib Cəfərov Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun işğal altındakı torpaqları azad etdiyini vurğulayıb. Qeyd olunub ki, 2020-ci ilin 44 günlük Vətən müharibəsi və 2023-cü ildə həyata keçirilmiş lokal xarakterli antiterror əməliyyatları nəticəsində ölkəmizin suverenliyi və ərazi bütövlüyü tam təmin edilib. Bu zəfərlər müasir tariximizin ən parlaq səhifəsini təşkil edir və xalqın dövlətinə olan sonsuz inamının, milli həmrəyliyinin təntənəsidir.

Astara Pedaqoji Kollecinin direktoru Kamran Kazımov geniş məruzə ilə çıxış edərək vurğulayıb ki, Konstitusiyanın hər maddəsi xalqın iradəsini, dövlətin əsas prinsiplərini əks etdirir: “Suverenlik isə dövlətin müstəqil qərar vermək, öz taleyini azad şəkildə müəyyənləşdirmək və milli maraqlarını qorumaq hüququnun ali təzahürüdür. Biz gənclərə dövlətə sədaqət, qanunlara hörmət və milli dəyərlərə bağlılıq kimi prinsipləri aşılayırıq. “Konstitusiya və Suverenlik İli” bu baxımdan gənclərin vətəndaşlıq məsuliyyətini artırmaq, dövlətçilik şüurunu daha da gücləndirmək üçün əhəmiyyətli bir təşəbbüsdür”.

Rayon Ağsaqqallar Şurasının sədri Natiq İbadov diqqətə çatdırıb ki, xalqımız Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində formalaşmış möhkəm və sabit dövlətin bəhrəsini görür: “Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 44 günlük Vətən müharibəsi isə xalqımızın mənəvi birliyinin, milli kimliyinin və dövlətə sədaqətinin parlaq təcəssümünə çevrilmiş ali dəyərdir".

Astara Magistral Qaz Kəmərləri Sahəsinin rəisi Rövşən Məstiyev bildirib ki, suveren dövlətin əsas dayaqlarından biri də iqtisadi müstəqillikdir: “Müstəqil enerji siyasətinin qurulması və dövlətimizin iqtisadi gücünün daha da möhkəmləndirilməsi Konstitusiyaya uyğun şəkildə reallaşdırılır. Cənub Qaz Dəhlizi layihəsi Azərbaycanın enerji diplomatiyasının ən uğurlu nümunələrindən biridir. Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində həyata keçirilən bu layihə ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm tərəfdaşa çevrilməsinə imkan yaradıb”.

Astara Pedoqoji Kollecinin müəllimləri Elçin Mahmudov və Nəzrin Ağamalızadə çıxışlarında qeyd ediblər ki, ölkəmizdə həyata keçirilən islahatlar, təhsil sistemində aparılan yeniliklər Konstitusiyanın prinsiplərinə uyğun olaraq həyata keçirilir və gələcək nəsillərin milli-mənəvi dəyərlərə sadiq, müstəqil düşüncəli, qanunlara hörmət edən vətəndaş kimi yetişməsinə xidmət edir. Diqqətə çatdırılıb ki, təhsil işçiləri Azərbaycan Ordusunun sıralarında 44 günlük Vətən müharibəsində şanlı Qələbənin əldə olunmasına töhfə veriblər.

Astara Rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Turan Həsənzadə bildirib ki, 2020-ci ilin Vətən müharibəsində qazanılan tarixi Zəfər xalqımızın gücünü, milli həmrəyliyini və dövlətinə sarsılmaz inamını bütün dünyaya nümayiş etdirib: “Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi, rəşadətli ordumuzun peşəkarlığı və xalqın bir amal uğrunda birləşməsi nəticəsində illərlə həsrətində olduğumuz torpaqlar azad olunub. Bu Zəfər təkcə hərbi qələbə deyil, həm də milli qürurumuzun, ədalətin və tarixi ədalətin bərpası olub. Bu şanlı Qələbə müstəqil dövlətimizin suverenliyini möhkəmləndirərək quruculuq, bərpa və inkişaf mərhələsinin əsasını qoyub”.

Daha sonra YAP sıralarına yeni qəbul olunmuş üzvlərə partiya vəsiqələri təqdim olunub.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının himni səsləndirilib.

DİGƏR Xəbərlər Arxiv