YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Tarixi Qələbə, Zəfər Günü”

Yeni Azərbaycan Partiyası (YAP) Samux rayon təşkilatının və Samux Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində 8 Noyabr - Zəfər Günü münasibətilə “Tarixi Qələbə, Zəfər Günü” adlı tədbir keçirilib.

Əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Daha sonra 44 günlük Zəfər tariximizə həsr olunmuş film nümayiş etdirilib.

Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı möhtəşəm Qələbədən, əsgər və zabitlərimizin qəhrəmanlıqlarından danışıb. O qeyd edib ki, Ordumuzun keçdiyi 44 günlük döyüş yolunun hər bir səhifəsi əsl qəhrəmanlıq dastanıdır. Əsgərlərimizin yüksək döyüş ruhu, vətənpərvərliyi və əzmkarlığı dillər əzbərinə çevrilib.

Firdovsi Əliyev vurğulayıb ki, Azərbaycan xalqı 8 Noyabr - Zəfər Gününü torpaqlarımızın işğaldan azad olunmasının, əzəli yurd yerlərimizə qayıdışın hədsiz sevinc və qüruru ilə qeyd edir.

YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov bildirib ki, Azərbaycan xalqının əzmi, iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin Qələbəsini təmin edən əsas amillər olub.

O qeyd edib ki, xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən bu Qələbənin əbədiləşdirilməsi məqsədilə 8 noyabr tarixinin Zəfər Günü kimi təsis edilməsi hər bir vətəndaş üçün böyük qürur mənbəyidir.

İnstitut qəsəbə tam orta məktəbin müəllimi Dilarə Əsgərova vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin qətiyyəti və şanlı Azərbaycan Ordusunun rəşadəti nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa olunub. O, Vətən müharibəsinin tariximizin ən parlaq səhifəsinə və xalqımızın iftixar mənbəyinə çevrildiyini qeyd edib.

Tədbirin sonunda Zəfər Günü münasibətilə YAP Samux rayon təşkilatı tərəfindən keçirilmiş inşa-yazı müsabiqəsi və rəsm sərgisinin qalibləri fəxri fərmanlarla təltif olunublar.