YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Beynəlxalq “Turizm və Səyahətlər” sərgisi 15 illik yubileyini qeyd edəcək

Bu il regionda turizm sənayesi üzrə aparıcı tədbirlərdən biri - Azərbaycan Beynəlxalq “Turizm və Səyahətlər” (“AITF” 2016) sərgisi 15 illik yubileyini qeyd edəcək. Keçirildiyi illər ərzində “AITF” sərgisi bütövlükdə Xəzəryanı regionda mühüm tədbirlərin təşkil olunduğu, tərəfdaşlıq müqavilələrinin imzalandığı, habelə yeni proqram və istiqamətlərin elan edildiyi əsas turizm tədbirinə çevrilərək, bu sənaye sahəsinin qovşağı (“hab”) statusunu qazanıb.

Mədəniyyət və Turizm Nazirliyindən bildirilib ki, “AITF-2016” sərgisində fərqli turizm istiqamətlərini təqdim edən dünyanın 40 ölkəsindən 200-dən artıq şirkətin iştirakı planlaşdırılır. Belarus, Bolqarıstan, Macarıstan, Gürcüstan, Dominikan Respublikası, Hindistan, İndoneziya, İran, İspaniya, Tailand, Türkiyə, Xorvatiya, Monteneqro və Çexiya öz ölkələrinin turizm potensialını və koloritini parlaq şəkildə nümayiş etdirmək məqsədilə sərgidə milli pavilyonlar ilə çıxış edəcəklər. Həmçinin, sərgidə Stavropol vilayəti və Yurmala kimi regionlar da ayrıca stendlərlə təmsil olunacaq. Bundan başqa, sərgidə Latviya, Maldiv adaları, Rusiya, Sloveniya, ABŞ, Ukrayna, İsveçrə və digər ölkələrin turizm şirkətləri və otellərinin iştirakı gözlənilir. Builki sərgi iştirakçıları arasında Azərbaycanda akkreditasiyadan keçmiş bir sıra xarici səfirliklər, o cümlədən ticarət palataları da yer alır. Ənənəvi olaraq, Azərbaycan Turizm Assosiasiyasının (“AZTA”) stendində Azərbaycanın turizm şirkətləri, otel və sanatoriyaların təklifləri ilə tanış olmaq mümkün olacaq.

Mədəniyyət və Turizm Nazirliyinin stendi və ölkə regionlarının ənənəvi ekspozisiyaları çərçivəsində isə Azərbaycanın daxili turizm potensialı bütün çalarları ilə təqdim olunacaq.

Yaz sərgi mövsümünün ilk tədbiri olan “AITF” sərgisi turizm sahəsi üzrə danışıq və görüşlər, eləcə də fikir mübadilələri və təkliflər üçün mərkəzi platformaya çevriləcək. Burada sərgi iştirakçıları turizm sektorunun müxtəlif istiqamətləri üzrə eksklüziv təkliflərlə çıxış edəcəklər. Tədbirin iştirakçıları arasında turizm şirkətləri, aviaşirkətlər, milli və regional turizm təşkilatları, otel şəbəkələri, xaricdə daşınmaz əmlak agentlikləri, sanatoriyalar, pansionatlar, müalicə-sağlamlıq və spa mərkəzləri, o cümlədən idman və ekoloji turizm obyektləri yer alacaqdır. Bu il yerli və xarici tibb mərkəzləri, sağlamlıq ocaqları və sanatoriyalar tərəfindən təqdim olunacaq “Tibbi və sağlamlıq turizmi” sektoruna olan diqqət də artmaqdadır.

“AITF” sərgisi ilə eyni vaxtda Cənubi Qafqaz və Xəzər regionunun qonaqpərvərlik sənayesi üzrə mühüm ixtisaslaşdırılmış tədbiri - 10-cu Yubiley Qafqaz Beynəlxalq “Mehmanxana, restoran və super-marketlər üçün avadanlıq və ləvazimatlar” (“HOREX Caucasus” 2016) sərgisi keçiriləcək. Sərgidə “Mehmanxana, restoran və kafelər” (“HoReCa”) sektoru üzrə aparıcı yerli və beynəlxalq istehsalçı və distributorların təklif etdikləri peşəkar mətbəx və ticarət avadanlıqları, mehmanxana və restoranlar üçün mebel, habelə tekstil (parça) və uniformalar, peşəkar gigiyenik vasitələr, eləcə də qida məmulatları və içkilər təqdim olunacaq.