YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mirkazım Seyidov: Bu gün dünya azərbaycanlıları öz həmrəyliyini bütün dünyaya nümayiş etdirir

Azərbaycanın diaspor təşkilatları fəaliyyət göstərdikləri ölkələrdə siyasi qüvvəyə çevrilməli, aktivliyini daha da artırmalıdır. Onlar yerli kütləvi informasiya vasitələri ilə sıx əlaqələr qurmalı, ictimai-siyasi həyatda daha çox fəallıq göstərməlidirlər.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Dünya Azərbaycanlılarının IV Qurultayının iştirakçısı, Türkdilli Xalqlarla Slavyan Xalqları arasında Əməkdaşlıq Fondunun prezidenti Mirkazım Seyidov deyib.

“Dünya Azərbaycanlılarının I Qurultayında ümummilli lider Heydər Əliyev belə bir fikir söyləyib ki, azərbaycanlı hər bir yerdə yaşaya bilər, ancaq o, özünün dinini, dilini və mədəniyyətini unutmamalıdır. Onun qəlbi daim Azərbaycanla döyünməlidir. Bu, əslində dünya azərbaycanlılarını bir yerə yığmaq üçün bir çağırış idi. Bu gün Ulu Öndərin bu sözlərinə sədaqət nümayiş etdirilərək dünya azərbaycanlılarının qurultayları keçirilir. Bu qurultaylarla dünya azərbaycanlıları öz birliyini, həmrəyliyini bütün dünyaya nümayiş etdirir. Qurultayların keçirilməsi çox önəmlidir. Burada diaspor təşkilatlarının işinin təkmilləşdirilməsi, mövcud problemlərin həlli istiqamətində yeni təkliflər, ideyalar səsləndirilir”, – deyə Mirkazım Seyidov bildirib. O, IV qurultayda da yeni fikirlərin səsləndiriləcəyini, səmərəli təkliflərin irəli sürüləcəyini söyləyib. Vurğulanıb ki, dünyada qloballaşma prosesi gedir. Bu prosesdən istifadə edən bəzi qərəzli dairələr haqsızlıqlar edirlər. Xalqlar münaqişələrə cəlb olunur, ikili standartlara yol verilir, insan hüquqları pozulur. Belə bir şəraitdə ədalətsizlikləri aradan qaldırmaq üçün birlik daha da möhkəmləndirilməlidir. Diaspor təşkilatları zamanın tələbinə uyğun olaraq vahid mərkəzdən idarə edilən KİV-lərə malik olmalıdır ki, haqsızlıqlara qarşı vaxtında və mütəşəkkil şəkildə mübarizə apara bilsinlər. Bunu yaşadığımız dövr tələb edir.