YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ölkəmiz Seulda keçirilən “KOTFA” beynəlxalq turizm sərgisində mükafatlandırılıb

Xəbər verdiyimiz kimi, Mədəniyyət və Turizm Nazirliyi iyunun 9-dan 12-dək Koreya Respublikasının Seul şəhərində keçirilən “KOTFA 2016” beynəlxalq turizm sərgisində iştirak edib. Sözügedən sərgidə ölkəmizi Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti ilə yanaşı, “Silk Way travel” və “Geo-travel” turizm şirkətləri təmsil edib.

Nazirlikdən bildirilib ki, beynəlxalq sərgidə ölkəmizin turizm imkanlarını əks etdirən 27 kvadratmetr sahəsi olan milli stenddə mədəniyyətimiz, tariximiz, eləcə də, ölkəmizin görməli yerləri haqqında Koreya və ingilis dillərində müxtəlif növ reklam-çap məhsulları və videoçarxlar nümayiş olunub.

İyunun 12-də Azərbaycan-Koreya Hökumətlərarası Komissiyasının ilk iclasında iştirak məqsədilə bu ölkəyə səfər edən mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov sərgini ziyarət edib. Sərgidə ölkəmizin turizm potensialının Koreya Respublikasında daha da geniş tanıdılması məqsədilə bu ölkənin bir sıra şirkətləri ilə görüşlər keçirilib.

Sərginin yekununda təşkilatçılar tərəfindən sərginin işində fəal iştirak etmiş ölkələr və şirkətlər mükafatlandırılıb. Belə ki, sərgidə Koreya və ingilis dillərində 20-dən çox adda turizmin təbliği üzrə reklam-çap məhsulları ilə iştirak edən ölkəmiz “Ən yaxşı turizm nəşrləri” mükafatına layiq görülüb.

Keçirilmiş mükafatlandırma mərasimində mükafatı Koreya Beynəlxalq Turizm Sərgisinin sədri Shin Jung Mok təqdim edib.

Qeyd edək ki, Koreya Respublikası turizm baxımından ölkəmiz üçün prioritet olan ölkələr sırasındadır və bu ölkədən Azərbaycanı ziyarət edən turistlərin dinamikası artmaqdadır.

Cənub-Şərqi Asiya regionun ən böyük turizm sərgilərindən olan “KOTFA” sərgisində ölkəmiz artiq 4-cü dəfədir ki, təmsil olunur.