YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elmar Məmmədyarov: Azərbaycan xalqı və dövləti hər zaman Türkiyə xalqının və dövlətinin yanındadır

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda işgüzar səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə görüşüb.

Görüşdə ölkələrimiz arasında qardaşlıq və strateji müttəfiqlik əlaqələrinin inkişafından məmnunluq ifadə olunub.

Elmar Məmmədyarov bir daha Türkiyədə törədilmiş dövlət çevriliş cəhdini qətiyyətlə pisləyib. Nazir Azərbaycan xalqının və dövlətinin hər zaman Türkiyə xalqının və dövlətinin yanında olduğunu bildirib.

Mövlud Çavuşoğlu ölkəsində baş vermiş dövlət çevrilişinə cəhddən sonra qardaş Azərbaycanın Türkiyənin yanında olmasını yüksək qiymətləndiriklərini diqqətə çatdırıb və Azərbaycan hökuməti və xalqına təşəkkürünü çatdırıb. O deyib ki, əməkdaşlığımız Bakı-Tbilisi-Qars və TANAP kimi layihələrlə daha da güclənir və inkişaf edir.

Tərəflər ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli formatda davam edən uğurlu əməkdaşlığın regional inkişafa mühüm töhfələr verdiyini, bu xüsusda Şərq-Qərb nəqliyyat dəhlizinin mühüm seqmenti olan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin yaxın müddətdə istismara veriləcəyini bildiriblər. Nazirlər TANAP layihəsi üzrə işlərin davam etdirildiyini vurğulayıblar.

Azərbaycan və Türkiyə arasında beynəlxalq və regional təşkilatlar, o cümlədən BMT, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər qurumlarda qarşılıqlı dəstəyin və birgə səylərin davam etdirildiyi diqqətə çatdırılıb.

Ölkələrimiz arasında olan ikitərəfli əməkdaşlığın Azərbaycan-Gürcüstan-Türkiyə, Azərbaycan-İran-Türkiyə, Azərbaycan-Türkmənistan-Türkiyə kimi üçtərəfli formatlarda da inkişafının əhəmiyyəti qeyd olunub. Bu formatın daha da genişləndirilməsi yolları nəzərdən keçirilib.

Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesi barədə həmkarına məlumat verib.

Mövlud Çavuşoğlu bəyan edib ki, Türkiyə BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq, Ermənistan qoşunlarının bütün işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasını, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinin təmin olunması əsasında münaqişənin danışıqlar yolu ilə həllini dəstəkləyir.

Söhbət zamanı ikitərəfli əməkdaşlığın perspektivləri, ticarət dövriyyəsinin artırılması, qarşılıqlı maraq doğuran digər regional və qlobal məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Görüşdən sonra nazirlər birgə mətbuat konfransı keçiriblər.