YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kuala Lumpurda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə rəsmi qəbul təşkil edilib

Kuala Lumpurda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və Azərbaycan ilə Malayziya arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi münasibətilə rəsmi qəbul təşkil edilib.

Azərbaycanın Malayziyadakı səfirliyinin təşkil etdiyi mərasimdə Xalq Cümhuriyyətinin bütün müsəlman dünyasının tarixindəki rolundan danışılıb.

Mərasimdə Malayziya hökumətinin rəsmiləri, Malayziya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri, ictimaiyyətin nümayəndələri, diplomatik korpusun təmsilçiləri iştirak ediblər.

Əvvəlcə qonaqlar Azərbaycanın keçdiyi inkişaf yolunu, ölkəmizin turizm potensialını, müasir və qədim memarlığını əks etdirən foto sərgi ilə tanış olublar.

Hər iki ölkənin dövlət himnləri səslənildikdən sonra çıxış edən Azərbaycanın Malayziyadakı səfiri Qaley Allahverdiyev müsəlman Şərqində ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin nəinki xalqımızın, eləcə də bütün müsəlman dünyasının tarixində mühüm hadisə olduğunu vurğulayıb. Bildirilib ki, Xalq Cümhuriyyəti cəmi 23 ay yaşamasına baxmayaraq, dövlət quruculuğu, siyasi, iqtisadi və digər sahələrdə xeyli uğur qazanıb, bir çox Avropa ölkələrindən də əvvəl qadınlara seçki hüququ verib.

1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycanın özünü Xalq Cümhuriyyətinin varisi elan etdiyini diqqətə çatdıran səfir deyib ki, görkəmli dövlət xadim Heydər Əliyevin qətiyyəti və müdrik rəhbərliyi sayəsində suverenliyimiz qorunub, davamlı inkişaf strategiyasının əsası qoyulub. Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan son illər böyük uğurlar əldə edib. Aprelin 11-də keçirilən prezident seçkilərində İlham Əliyevin böyük səs çoxluğu ilə qalib gəlməsi xalqımızın Azərbaycanın inkişafının davamlı olmasına yekdil dəstəyinin göstəricisidir.

Azərbaycan ilə Malayziyanın ikitərəfli münasibətlərindən danışan səfir bildirib ki, bu il həm də iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 25 ili tamam olur. Ötən müddətdə tərəflər müxtəlif sahələrdə uğurlu əməkdaşlığa nail olublar. Azərbaycan tərəfi Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Malayziyanın mövqeyini yüksək qiymətləndirir.

Malayziya Senatının sədr müavini Əbdül Həlim Səməd çıxış edərək əlamətdar yubiley münasibətilə Azərbaycan Prezidentini və xalqını təbrik edib, dost Azərbaycan xalqına və onun rəhbərinə böyük uğurlar və tərəqqi arzulayıb.

Mərasim Azərbaycandan dəvət olunan incəsənət ustalarının ifasında konsert proqramı ilə davam edib. Tarzən Şəhriyar İmanov və nağara ifaçısı Şükür Əliyevin təqdimatında səslənən milli musiqi nümunələri, habelə Naxçıvanın “Araz” mahnı və rəqs ansamblı üzvlərinin ifa etdiyi milli rəqslərimiz mərasim iştirakçıları tərəfindən maraqla qarşılanıb.