YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının Bakı sammiti işə başlayıb

İyunun 9-da Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının Bakı sammiti işə başlayıb.

“Ortaq gələcəyin qurulması” mövzusunda keçirilən sammitdə Avropanın müxtəlif ölkələrindən rəsmi şəxslər, deputatlar, ictimai-siyasi xadimlər, elm və iş adamları, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edirlər.

Tədbirin rəsmi hissəsi Azərbaycan barədə təqdimatla başladı.

Sonra Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov dövlətimizin başçısı İlham Əliyevin Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının Bakı sammitinin iştirakçılarına ünvanladığı təbrik məktubunu oxudu.

Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov çıxış edərək Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının sammitinin Bakıda keçirilməsini yüksək qiymətləndirdi. O, dünyanın qarşılaşdığı problemlərin həll edilməsinin vacibliyini vurğuladı, bu prosesdə parlamentlərarası əlaqələrin mühüm rol oynadığını bildirdi.

Ziyafət Əsgərov, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verdi, münaqişənin həlli istiqamətində beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qərar və qətnamələrin yerinə yetirilməsinin vacibliyini vurğuladı.

Avropada Mühafizəkarlar və İslahatçılar Alyansına üzv olan Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, Milli Məclisin deputatı Qüdrət Həsənquliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin başvermə səbəblərindən, ağır nəticələrindən, habelə bu gün dünyada bir sıra terror qruplaşmalarının İslam dini adından törətdikləri cinayətlərdən danışdı.

Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının prezidenti, Avropa Parlamentinin Beynəlxalq Ticarət Komitəsinin vitse-prezidenti, Avropa Parlamentinin üzvü Yan Zahradil çıxışında sammitin iştirakçılarına ünvanladığı təbrik məktubuna görə Prezidenti İlham Əliyevə minnətdarlığını bildirdi. O, Alyansın Bakı sammitinin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə eyni vaxta düşməsini yüksək qiymətləndirdi. Vurğuladı ki, Azərbaycan çox vacib ölkədir. Burada sabitlik hökm sürür. Bu isə əməkdaşlıqda mühüm amildir. Azərbaycan əldə etdiyi uğurlara, mühüm roluna görə dünyada öz layiqli yerini tutur.

Sonra birgə foto çəkdirildi.

Sammit panel iclaslarla işini davam etdirir.