YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda Parlamentlərarası İttifaqın Gənc Parlament Üzvlərinin 5-ci Qlobal Konfransı işə başlayıb

Dekabrın 14-də Bakıda Parlamentlərarası İttifaqın Gənc Parlament Üzvlərinin 5-ci Qlobal Konfransı işə başlayıb.

Konfransın açılışında çıxış edən Milli Məclisin sədri Oqtay Əsədov dünya əhalisinin mühüm hissəsini təşkil edən gənclərin dayanıqlı inkişafa böyük töhfələr verdiyini söyləyib. “Yeni dünya nizamının formalaşmasında gənclər mühüm rol oynayacaqlar”, - deyən sədr bildirib ki, Azərbaycan dövlətinin apardığı siyasət nəticəsində gənclər cəmiyyətimizin aparıcı qüvvəsinə çevrilib.

Parlamentlərarası İttifaqın prezidenti Qabriela Kuevas Barron deyib ki, gələcəkdə enerjiyə, su ehtiyatlarına daha çox ehtiyac olacaq. Bu baxımdan ətraf mühitə olan təsirlər gələcəkdə vəziyyəti daha da çətinləşdirəcək. Ərzaqla bağlı çətinliklər yaranacaq. Son bir neçə ildə altı milyard tona yaxın balıq ehtiyatı məhv olub. Buna görə də biz gələcəyimiz naminə seçimlərimizi doğru etməli, qərarlarımızı düzgün hesablamalıyıq.

Parlamentlərarası İttifaqın Gənclər Forumunun sədri Mourine Osoru deyib ki, qəbul edilən siyasi qərarların gənclərə təsir göstərməsi təmin edilməlidir. Gənclər daha da səlahiyyətləndirilməlidir. Çünki onlar cəmiyyətin aparıcı qüvvələridir.

Gənclər və idman naziri Azad Rəhimov çıxışında Azərbaycanın gənclər siyasəti, ölkəmizdə gənclərə göstərilən diqqət və qayğı barədə məlumat verib. O deyib ki, Azərbaycanda gənc sahibkarlar dəstəklənir. Azərbaycan dövləti dünyanın 100 universitetində 3600-dən çox tələbənin təhsil alması üçün maliyyə yardımı göstərib. Azərbaycan gəncləri Avropa Şurası, BMT və 30-dan çox digər beynəlxalq təşkilatda təmsil olunur.

Sonra birgə foto çəkdirilib.

Konfransın “Planetimizin gələcək üçün mühafizəsi: ətraf mühitin qorunmasında gənclərin rolu” mövzusunda birinci sessiyasında Təbiət Qanunu Fondunun prezidenti Toni Oposa “Danışıq vaxtı bitdi: gələcək nəsillər üçün iqlim ədaləti” adlı videoməruzə ilə çıxış edib.

Sessiya panel-müzakirələrlə davam edir.