YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hikmət Babaoğlu: 2018-ci ildə görülən işlər 2019-cu ildəki inkişafımız üçün yeni münbit əsaslar yaradıb

“Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə xalqımıza təbriki əslində 2018-ci ildə görülən işlər və 2019-cu ildə qarşıda duran vəzifələrlə bağlı bir növ qısa hesabat idi. Təqdim olunan rəqəmlərdən və hesabatdan da göründüyü kimi, 2018-ci il xalqımız üçün bir sıra mühüm məsələlərlə bağlı əlamətdar olub. Yola saldığımız 2018-ci ili xarakterizə edən əsas cəhətlər onun sabit inkişaf ili kimi yadda qalması, bir sıra problemlərin həll edilməsi, eyni zamanda, Azərbaycanın beynəlxalq nüfuzunun daha da artması və nəhayət, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminin həlli ilə bağlı yeni münbit şərtlərin ortaya çıxması olub. Əgər biz bu qısa ümumiləşdirməni bir qədər dərindən təhlil etməyə çalışsaq görəcəyik ki, əldə etdiyimiz bu nailiyyətlər 2015-2017-ci illərdə ölkəmizdə həyata keçirilən konstitusion və institusional islahatlar sayəsində mümkün olmaqla 2018-ci ilin inkişaf şərtlərini formalaşdırıb. Yola saldığımız ilin aprel ayında keçirilən prezident seçkiləri və onun nəticələri isə reallaşdırılan islahatlara xalqın dəstəyinin ifadəsi olmaqla milli iradənin legitim əsaslar formalaşdıraraq Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasi kursun davam etdirilməsinin təminatçısı olub. Ona görə həm iqtisadi, həm də siyasi baxımdan heç də sadə olmayan beynəlxalq şərtlər içində Azərbaycan bu nailiyyətləri əldə edib”. Bu fikirləri  Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib.

H.Babaoğlu qeyd edib ki, 2018-ci ildə Azərbaycanın həyata keçirdiyi bir sıra beynəlxalq layihələr başa çatıb və ölkəmiz üçün real gəlirlər gətirməyə başlayıb. Bunlar, ilk növbədə, “Cənub Qaz Dəhlizi” layihəsi çərçivəsində onun mühüm seqmenti olan TANAP-ın tikilib başa çatdırılması, eyni zamanda, ölkəmizin xaricdə ən böyük investisiyası hesab edilən “Star” neft emalı zavodunun açılışı olub. Bu layihələrin reallaşdırılması təkcə Azərbaycan üçün deyil, digər tərəfdaş ölkələr üçün də mühüm hadisəyə çevrilib, Avropanın enerji təhlükəsizliyi üçün mühüm alternativ kimi özünü təsdiq edib, eyni zamanda, Azərbaycan-Qərb münasibətlərində yeni etibarlı iqtisadi körpü rolunu oynamağa başlayıb. Bu, Türkiyə-Azərbaycan strateji müttəfiqliyini iqtisadi müstəvidə daha da dərinləşdirməklə hər iki tərəfin gücünü və nüfuzunu bir qədər də artırıb.

Hikmət Babaoğlu əlavə edib ki, yadda qalan əsas iqtisadi hadisələrdən biri də Sumqayıt Kimya Sənaye Parkında inşaat kimyəviləri zavodunun açılışı olub. Bu zavod Azərbaycanda qeyri-neft ixracının xüsusi çəkisinin xeyli dərəcədə artmasını təmin edib. Ölkəmizdə çoxsaylı sənaye məhəllələri və aqrar sənaye kompleksləri tikilib istifadəyə verilib. Üzümçülüyün, pambıqçılığın, baramaçılığın, şərabçılığın, tütünçülük sənayesinin inkişafı ilə bağlı olduqca böyük işlər görülüb. Bu işlər 2019-cu ildəki inkişafımız üçün yeni münbit əsaslar yaradıb ki, əslində bu da yeni ildə əldə edəcəyimiz uğurlar üçün baza rolunu oynayacaq. Sosial sahədə çox böyük işlər görülüb. Əhalinin aztəminatlı təbəqəsinin problemləri daim diqqət mərkəzində saxlanılıb, şəhid ailələrinə birdəfəlik müavinətlərin verilməsinə başlanılıb və bu proses davam edir. Qaçqın və məcburi köçkün ailələrinə təkcə 2018-ci ildə 5800 mənzil verilib ki, bu da rekord göstərici hesab oluna bilər.

Deputat bildirib ki, yola saldığımız il Azərbaycanın beynəlxalq nüfuzunun artması ili kimi də səciyyələndirilə bilər. Beynəlxalq uğurlar sırasında, ilk növbədə, Azərbaycanın Avropa İttifaqı ilə imzaladığı Tərəfdaşlığın Prioritetləri sənədinin paraflanmasını qeyd etmək olar. Bu sənəddə ölkəmizin ərazi bütövlüyü və sərhəd toxunulmazlığının Avropa İttifaqına üzv olan dövlətlər tərəfindən bir daha dəstəklənməsi və qəbul edilməsi əksini tapıb. İkinci mühüm nailiyyət Xəzər dənizinin hüquqi statusu ilə bağlı hüquqi Konvensiyanın imzalanması sayıla bilər ki, bu da Azərbaycanın xarici siyasətini uzun illərdir məşğul edən məsələlərdən biri idi. Konvensiyanın imzalanması Xəzər hövzəsində qarşılıqlı inteqrasiyanın təmin edilməsi və mövcud resursların koordinasiyalı və səmərəli istifadə edilməsi baxımından olduqca mühümdür. Bu Konvensiya Xəzər hövzəsində yeni cəlbedici iqtisadi təmərküzləşmə yaradacaq ki, bu da turizm, mədəni və humanitar sahələrdə yeni inkişaf perspektivlərini formalaşdıracaq. Ən əsas məsələ isə heç şübhəsiz, işğalçı Ermənistanın küncə sıxışdırılması, erməni təxribatına qarşı bir neçə uğurlu hərbi əməliyyatın keçirilməsi oldu ki, bu da 2019-cu ildə problemin həllinə yeni fəal impulslar daxil etdi. Ona görə də 2018-ci ilə müxtəlif aspektlərdən baxanda olduqca uğurlu bir il kimi yadda qaldı.