YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vüqar Rəhimzadə: «Bir kəmər, bir yol» Forumu Azərbaycanın beynəlxalq əhəmiyyətini daha da artırır

«Pekində «Bir kəmər, bir yol əməkdaşlığı,  ümumi parlaq gələcəyin qurulması» mövzusunda keçirilən, 37 dövlət və hökumət başçısının, beynəlxalq təşkilatların rəhbərlərinin qatıldıqları  2-ci «Bir kəmər, bir yol» Beynəlxalq Əməkdaşlıq Forumu bir kəmərin, bir yolun xalqlar, ölkələr arasında dostluğa, əməkdaşlığa verdiyi töhfələrin əhəmiyyətini ortaya qoydu.  Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, bu layihə yalnız nəqliyyat bağlılığını təmin etmir. O, həmçinin müxtəlif ölkələr arasında əlaqələri gücləndirir, dialoq və əməkdaşlığın möhkəmləndirilməsi işinə xidmət edir və beynəlxalq ticarət üçün yeni imkanlar yaradır.» Bu fikirləri  KİV-ə açıqlamasında YAP Siyasi Şurasının üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə  Pekində keçirilən 2-ci «Bir kəmər, bir yol» Beynəlxalq Əməkdaşlıq Forumu ilə bağlı  bildirib.

V.Rəhimzadə qeyd edib ki, hər bir beynəlxalq əhəmiyyətli tədbirin iştirakçı ölkələrin malik olduqları imkanların təqdimatında rolunu nəzərə alsaq,  bu Forumun ölkəmizə qazandırdığı siyasi və iqtisadi dividendi  daha aydın görə bilərik: “Belə ki, enerji resurslarının nəqlinin şaxələndirilməsi və bunun üçün müasir infrastrukturun yaradılmasını qarşıya prioritet məsələ kimi qoyan Azərbaycanın bu istiqamətdə atdığı addımlara, əldə olunan nətəcələrə diqqət yetirsək,  məqsədə nail olduğumuzu böyük əminliklə deyə bilərik.  Avropanı Asiya ilə  birləşdirən  Bakı-Tbilisi-Qars dəmir yolunun istər iştirakçı, istərsə də dünya dövlətlərinin iqtisadi imkanlarının genişləndirilməsində rolu inkaredilməzdir. Azərbaycan bu kimi mühüm layihələrin uğurlu icrasına nail olmaqla  tranzit ölkə kimi mövqeyini möhkəmləndirir.  Forumda da  bu mühüm məqam diqqətə çatdırılmışdır ki, Azərbaycanın sürətli iqtisadi inkişafı əməkdaşlıq əlaqələrinin genişlənməsinə yol açıb. Azərbaycan bu illərdə investisiya cəlbediciliyini yüksək səviyyədə qoruyub. Belə ki, son 15 ildə ölkə iqtisadiyyatına  260 milyard dollar həcmində sərmayə yatırılıb ki, bunun yarıdan çoxu xarici investisiyadır. Ən əsası bu vəsaitlər  ölkəmizi müasirləşdirməyə,  yeni infrastruktur yaratmağa kömək edib.”

V.Rəhimzadə diqqəti  Forumun  mövzusuna yönəldərək bildirib ki, hər bir ölkənin malik olduğu imkanların, əldə etdiyi təcrübənin  təhlili qarşıya qoyulan məqsədlərə nail olmaq üçün səylərin birləşdirilməsinə geniş imkanlar açır:  “Söhbət ümumi parlaq  gələcəyin qurulmasından gedirsə, bu birliyin, həmrəyliyin qorunmasının önəmi daha aydın nəzərə çarpır. Azərbaycan daim təşəbbüsləri gerçəkliyə çevirən ökə kimi tanınıb və nüfuz qazanıb. Ən əsası ölkəmizin yerləşdiyi coğrafi məkan, malik olduğu təbii resurslardan səmərəli istifadə məqsədilə gündəmə gətirdiyi layihələrin  uğurlu icrası Azərbaycana yeni tərəfdaşlar, dostlar qazandırıb. Bir məqamı da qeyd edək ki,  əməkdaşlıqlar  öncə regional çərçivədə qurulub. İndi isə artıq bu  əlaqələrin coğrafiyasının daha da genişləndiyinin şahidi oluruq. Ən əsası  bir layihənin iştirakçısı iki, yaxud üç dövlətin olmasına baxmayaraq, onun gətirdiyi iqtisadi və siyasi dividendlərdən bəhrələnən ölkələrin sayı  daha çox ola bilər. Bu kontekstdən yanaşdıqda “Bir kəmər, bir yol” təşəbbüsünün  parlaq gələcəyini görməmək mümkün deyil.”

Baş  redaktor Forumun ikinci hissəsi üçün seçilən  “Daha parlaq birgə  gələcəyin qurulması” mövzusuna da diqqəti yönəldib: “Təbii ki, birgə səylərin göstərilməsi, iqtisadi  əməkdaşlığın genişləndirilməsi öz növbəsində  bəşəriyyəti narahat edən problemlərin həllinə də bir çağırış edir. “Bir kəmər, bir yol” təşəbbüsü nəqliyyat sahəsində yeni imkanlar açmaqla yanaşı, Avrasiya məkanında sabitliyin, təhlükəsizliyin və sülhün bərqərar olması işinə xidmət edir. Dövlətimizin başçısı İlham Əliyev Forumdakı çıxışında Dağlıq Qarabağ problemindən geniş bəhs edərək bildirmişdir ki, sülh və təhlükəsizlik haqqında danışarkən, Ermənistan və Azərbaycan arasında olan münaqişəni qeyd etməliyik: “Təəssüflər olsun ki, uzun illər, 25 ildən çox müddət ərzində Azərbaycanın beynəlxalq səviyyədə tanınan əraziləri Ermənistanın işğalı altındadır. İşğal nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilmişdir. İnsanlarımız etnik təmizləməyə məruz qalmışdır və Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası erməni qoşunlarının ərazilərimizdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul etmişdir. Əfsuslar olsun ki, bu qətnamələr yerinə yetirilmir. Bu, təkcə bizim ölkə üçün yox, regional sabitlik və sülh üçün ciddi bir problemdir.”

 “Ümumilikdə Forumda  parlaq gələcəyi şərtləndirən bütün amillər diqqətdən keçirildi və dünyaya sülh, təhlükəsizlik, birlik və əməkdaşlıq mesajları ünvanlandı” söyləyən Vüqar Rəhimzadə qeyd edib ki, Azərbaycan sabitləşdirici faktor,  dinamik  iqtisadi inkişafa malik ən islahatçı ölkə, dünya birliyinin fəal üzvü kimi bu çağırışlara böyük töhfələr verir.