YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xalqın ən çətin günündə xilaskar lideri

Müşfiq Cəfərov,

Milli Məclisin deputatı

Ümummilli lider Heydər Əliyevin Azərbaycan qarşısındakı əvəzsiz tarixi xidmətlərinin ən qabarıq siyasi təzahürü onun dayanıqlı milli dövlət qurması, onu möhkəmləndirməsidir. Xalqımız tarixən milli dövlət qurmaq uğrunda davamlı mübarizə aparsa da, yalnız ötən əsrin sonlarında uzunmüddətli istiqlal mübarizəsinin məntiqi yekunu olaraq bu arzusuna çatmışdır. Hələ 1991-ci il 18 oktyabr tarixində imzalanan “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı” dövlətimizi rəsmi olaraq 1918-ci il mayın 28-dən 1920-ci il aprelin 28-dək mövcud olmuş Azərbaycan Demokratik Respublikasının varisi və müstəqil respublika elan etmişdir.

Lakin dövlət müstəqilliyinin ilk illərində – 1991-ci ildən 1993-cü ilin iyununa qədərki mərhələdə respublikada ağır sosial-iqtisadi böhran, hərc-mərclik, anarxiya təsdiqlədi ki, dövlət müstəqilliyinin qorunub-saxlanılması onun qazanılmasından qat-qat çətindir. 1991-1993-cü illərdə respublikamız müstəqil sayılsa da, əslində, bu müstəqillik formal xarakter daşımış, xalqımız ədalətli və sivil dövlətdə yaşamaq arzusunu tam mənada gerçəkləşdirə bilməmişdir. Həmin illərdə Azərbaycanda hakimiyyətdə xalqın etimad göstərdiyi siyasi qüvvənin olmaması dövlət idarəçiliyi mexanizmlərinin formalaşmasında ciddi maneəyə çevrilməklə yanaşı, daxili böhranın, vətəndaş itaətsizliyinin, xaos və anarxiyanın yaranmasına rəvac vermiş, qanunçuluğun və hüquq qaydalarının təmini, vətəndaşların azad, təhlükəsiz yaşamaq hüququnun, ən nəhayət, ictimai asayişin qorunması sahəsində əsaslı problemlər yaratmışdı. Belə şəraitdə nəinki hüquqi dövlətdən, demokratiyadan, hətta insanların təhlükəsiz yaşamaq kimi adi hüququndan danışmaq belə mümkün deyildi. 1993-cü ilin iyun ayının əvvəllərində Gəncə şəhərində xalqın dəstəyindən tamamilə məhrum olmuş mərkəzi hakimiyyətə qarşı baş qaldırmış hərbi qiyam isə ölkədəki özbaşınalığın kulminasiya həddinə yetişməsi idi. Belə bir mürəkkəb şəraitdə xalqın səsinə səs verərək hakimiyyətə qayıdan Heydər Əliyev respublikanı milli müstəqilliyin itirilməsi təhlükəsindən qurtarmış, çağdaş tariximizə dövlətçiliyin xilaskarı, qurucusu kimi daxil olmuşdur. Heydər Əliyevin rəhbərliyi altında hakimiyyət boşluğu qısa müddətdə aradan qaldırılmış, respublikanın müxtəlif bölgələrində dövlətçiliyə qəsdlər təşkil edən cinayətkar ünsürlər xalqın dəstəyi ilə zərərsizləşdirilmiş, vətəndaş sülhü və həmrəyliyinin təmini istiqamətində ciddi addımlar atılmışdır. Ulu öndərin bu mərhələdə Azərbaycan üçün ən böyük xidməti isə onun müstəqil dövlət qurması, dövlətçilik sütunlarını möhkəmləndirməsi, tarixi ənənə və müasirlik əsasında milli inkişaf konsepsiyasını müəyyənləşdirməsi olmuşdur. Bütün bunlar Azərbaycanda ardıcıl və sistemli olaraq hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin formalaşdırılması prosesinə başlamaq imkanı yaratmışdır. Azərbaycanın o zamankı məhdud imkanlarını nəzərə alan Heydər Əliyev iqtisadiyyatın bütün sahələrinin paralel inkişafının qeyri-mümkünlüyünü önə çəkmiş, bu sahədə ciddi dönüşə nail olmaq üçün respublikanın malik olduğu zəngin karbohidrogen ehtiyatlarından səmərəli istifadəni vacib saymışdır. Ümummilli lider neft sektoruna xarici sərmayələrin cəlb edilməsi istiqamətində ciddi addımların atılmasını təmin etmiş, 1994-cü ilin 20 sentyabrında “Əsrin müqaviləsi”nin imzalanmasına nail olmuşdur. Xəzər hövzəsində beynəlxalq əməkdaşlığın əsasını qoymuş bu müqavilənin imzalanması ilə respublikamızın gələcək inkişafının fundamental bünövrəsi qoyulmuşdur. Ulu Öndərin rəhbərliyi altında hazırlanaraq 1995-ci ilin 12 noyabrında qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkədə vətəndaş cəmiyyəti quruculuğunun hüquqi əsaslarını yaratmış, ölkədə çoxpartiyalılıq əsasında demokratik parlament seçilmiş, siyasi plüralizm, şəxsiyyət, söz, mətbuat və vicdan azadlıqları bərqərar olunmuşdur. Ulu Öndərin “Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır” deyimi Konstitusiyanın 1-ci maddəsində təsbit edilmişdir.

Bu gün Ulu Öndərin hüquqi və demokratik dövlət quruculuğu xəttini yeni dövrün tələblərinə uyğun davam etdirən cənab İlham Əliyev son 17 ildə Azərbaycanın güclü, dinamik inkişaf edən və bütün beynəlxalq qurum və təşkilatlar tərəfindən nüfuzlu tərəfdaş kimi qəbul edilən bir dövlətə çevrilməsini təmin etmişdir. Son illərdə respublikamızın hüquqi dövlət quruculuğu sahəsində fəaliyyət imkanlarının genişlənməsi ilk növbədə dinamik iqtisadi uğurlarla şərtlənir. Yeni neft strategiyasının uğurla həyata keçirilməsi, Azərbaycanın bütövlükdə Avropanın enerji təhlükəsizliyində söz sahibinə çevrilməsi, ölkəyə xarici investisiya axınının sürətlənməsi, qeyri-neft sektorunun, sahibkarlığın inkişafı, regionların tərəqqisi, cəmiyyətdə işgüzar maddi fəallığın pozitiv nəticələri ölkənin maliyyə imkanlarının artmasında özünü göstərir. İqtisadi sahədə keçid dövrünün başa çatması, dövlətçilik sütunlarının möhkəmlənməsi respublikamızda demokratik proseslərin dərinləşdirilməsinə, qanunçuluğun gücləndirilməsinə və liberallaşmaya xidmət edən hüquqi-siyasi və demokratik islahatlar kursunun genişləndirilməsini ciddi tələb kimi önə çıxarır. Əminliklə demək olar ki, dövlət başçısı İlham Əliyevin yeritdiyi və Heydər Əliyev ideyalarından qaynaqlanan uğurlu siyasət sayəsində Azərbaycan gələcəkdə daha böyük uğurlara imza atacaq.