YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan ədaləti bərpa edəcək, işğal altındakı torpaqlarımız tezliklə azad olunacaq

Siyavuş Novruzov

Milli Məclisin Komitə sədri 

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasına xidmət edir. Dövlət başçısı Azərbaycanın prinsipial mövqeyini dəfələrlə qəti şəkildə ifadə edib: işğal edilmiş torpaqlarımız geri qaytarılmalı, ölkəmizin ərazi bütövlüyü tam təmin olunmalıdır. Ölkə Prezidenti BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında videoformatda çıxışı zamanı, Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edərkən Ermənistanın işğalçı siyasətini bir daha ifşa etdi, təcavüzkar ölkənin beynəlxalq hüquq normalarını kobud surətdə pozduğunu, hətta yeni müharibə planları qurduğunu diqqətə çatdırdı. Eyni zamanda, sentyabrın 27-də Prezident İlham Əliyev xalqa müraciəti zamanı “Ermənistan işğalçı dövlətdir, bu işğala son qoyulmalıdır və son qoyulacaqdır. Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!” deməklə həm Azərbaycanın prinsipial mövqeyini beynəlxalq ictimaiyyətin nəzərinə çatdırdı, həm də işğalçı Ermənistana, ermənipərəst dairələrə konkret ismarıc verdi.

Qüdrətli Azərbaycan Ordusu ərazi bütövlüyümüzü təmin etmək iqtidarında olduğunu bu gün düşmənin növbəti hərbi təxribat cəhdinin qarşısını alarkən bir daha nümayiş etdirdi. Qürurverici haldır ki, Azərbaycan Ordusunun qoşun bölmələrinin həyata keçirdiyi əməliyyatlar nəticəsində işğal altındakı bir sıra kəndlər və əlverişli ərazilər azad olunub. Eyni zamanda, Azərbaycan xalqı öz dövlətinə, Prezidentinə, Ali Baş Komandanına qətiyyətli dəstək göstərir və düşmənə qarşı vahid mövqedən çıxış edir. Xalqımız əmindir ki, Azərbaycan ədaləti bərpa edəcək, işğal altındakı torpaqlarımız tezliklə azad olunacaq. Xalq-iqtidar birliyi bizi yeni qələbələrə yaxınlaşdırır! Eyni zamanda, hazırkı şəraitdə baxışlarından asılı olmayaraq bütün siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının, diaspor qurumlarının və digər ictimai-siyasi təşkilatların vahid mövqedən çıxış edərək dövlətimizin, Ali Baş Komandanımızın ətrafında sıx birləşməsi vacibdir.

Mən də cənab Prezidentimizin, Ali Baş Komandanımızın çağırışı əsasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə könüllü müraciət edərək qeydiyyatdan keçmiş bir şəxs olaraq və müharibə veteranı kimi istənilən vaxt döyüş bölgəsinə getməyə və düşmənə qarşı vuruşmağa hazır olduğumu bildirirəm.