YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Məlahət İbrahimqızı: Ulu Öndər Heydər Əliyev çoxşaxəli fəaliyyəti ilə Azərbaycan xalqının tərəqqisi və inkişafına xidmət edib

"Müasir müstəqil Azərbaycan dövlətinin hazırkı inkişaf mərhələsinə çatmasında bir çox amillər müstəsna rol oynayıb. Bu sırada şəxsiyyət-lider amili mühüm yer tutur. Şübhəsiz ki, Azərbaycan xalqı və dövlətinin tarixin səhnəsində özünəməxsus yer tutmasını, gerçək müstəqilliyini əldə edərək qoruyub saxlamasını təmin edən dahi şəxsiyyət Heydər Əliyev olub. Həm keçmiş SSRİ, həm də müstəqillik dövründə Ulu Öndər Heydər Əliyev çoxşaxəli fəaliyyəti ilə Azərbaycan xalqının tərəqqisi və inkişafına xidmət edib". Bu fikirləri Milli Məclisin deputatı, YAP Siyasi Şurasının üzvü Məlahət İbrahimqızı deyib.

Məlahət İbrahimqızı bildirib ki, Azərbaycan məhz Ulu Öndərin rəhbərliyi ilə inkişaf edərək tərəqqi yoluna çıxıb, bütün sahələrdə mühüm uğurlar, parlaq nəticələr əldə edib. Onun sözlərinə görə, Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin siyasi, iqtisadi əsaslarını yaradıb, xalqın müstəqil və güclü dövlətə sahib olmaq arzusunu reallığa çevirmiş fenomen şəxsiyyətdir. Dünyamiqyaslı ictimai-siyasi xadimin titanik əməyi, qətiyyəti, möhkəm siyasi iradəsi sayəsində müasir Azərbaycan dövləti qurulmuş, ölkəmiz dünya məkanında öz layiqli yerini tutub.  Dahi şəxsiyyətin yüksək mədəniyyəti, dərin biliyi, iti zəkası və ünsiyyət tərzi insanları onun qəbul etdiyi qərarları, verdiyi göstərişləri yerinə yetirməyə məcbur etməkdən daha çox, onların doğru və vacib olmasına inandırırdı.

YAP Siyasi Şurasının üzvü qeyd edib ki, Ümummilli Liderimiz nəinki xalqımız, bütövlükdə türk dünyası üçün əvəzsiz bir fenomendir: "Heydər Əliyevin ölkəmizin ən yeni tarixində, bütövlükdə Azərbaycanın dövlətçilik tarixində yeri və roluna nəzər salarkən Onun respublikamıza rəhbərlik etdiyi dövrlərdə gördüyü misilsiz işlərin, altına imza atdığı möhtəşəm nailiyyətlərin əhəmiyyətinə xüsusi diqqət yetirmək lazımdır. Əvvəla qeyd etmək lazımdır ki, hakimiyyətinin birinci dövrünü əhatə edən 1969-1982-ci illər ərzində görülən işlər, həyata keçirilən tədbirlər nəticəsində əldə edilən çoxsaylı nailiyyətlər respublikamız üçün tarixi əhəmiyyətə malikdir. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyevin Mərkəzi Komitənin birinci katibi seçilərək respublikanın rəhbəri olmasından sonra bütün sahələrdə həyata keçirilən islahatlar respublikamızın inkişafını təmin etdi. Eyni zamanda, müstəqillik dövründə Ulu Öndərin çoxşaxəli və yorulmaz fəaliyyəti, misilsiz xidmətləri sayəsində müasir və qüdrətli Azərbaycan inşa edildi.1993-cü ildə xalqın israrlı tələbi ilə yenidən hakimiyyətə gəldikdən sonra ölkədə sabitlik və təhlükəsizlik təmin edildi, bütün sahələrdə böhran və tənəzzülün qarşısı alındı, tərəqqi yoluna qədəm qoyuldu. Bir sözlə, Azərbaycan inkişaf yoluna çıxdı".

M.İbrahimqızı söyləyib ki, Ulu Öndərin yaratdığı dövlətçilik ənənələrinə sadiqlik, milli mənafeləri hər şeydən üstün tutmaq prinsipləri bugünkü Azərbaycan dövlətinin qurulmasında və möhkəmləndirilməsində əsas rol oynamışdır və həmin prinsiplərə bu gün də ciddi  əməl olunur: "Ölkə başçısı İlham Əliyev tərəfindən yürüdülən siyasət nəticəsində Azərbaycan müasir, qüdrətli və dinamik inkişafa malik olan ölkə kimi tanınır. Bütün sahələrdə ardıcıl və sistemli islahatlar həyata keçirilir. Ulu Öndər cismən bizimlə olmasa da, Onun ideyaları yaşayır və hər zaman yaşayacaq. Çünki bugünkü və gələcək inkişafımız Ulu Öndər Heydər Əliyevin qurduğu bünövrə üzərində ucalıb. Heydər Əliyev ideyalarını uğurla həyata keçirən möhtərəm Prezidentimiz İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib. Bundan sonra da,  Azərbaycan dövləti daim regionun aparıcı dövləti olaraq qalacaq, xalqımız Heydər Əliyev ideyalarından əbədi bəhrələnəcək".