YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Fətəliyeva: Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət daim ölkəmizə və xalqımıza işıqlı yol göstərib

“Azərbaycan xalqı Ümummilli Liderimiz Heydər Əliyevin hər zaman böyük ehtiramla yad edir, Onun əziz xatirəsini daim uca tutur. 17 ildir ki, cismən aramızda olmasa da, Ulu Öndərimizin müəyyənləşdirdiyi siyasət daim ölkəmizə və xalqımıza işıqlı yol göstərib. Müstəqil Azərbaycanın qurucusu olan Heydər Əliyev dövlətimizin təməl prinsiplərini, onun inkişaf strategiyasını müəyyənləşdirib. Təbii ki, bu strategiya hər zaman Azərbaycana uğurlar qazandırıb”. Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib.

Sevinc Fətəliyeva bildirib ki, Görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə xalqın min illərlə arzusunda olduğu niyyətlər gerçəyə çevrilib, Azərbaycan müstəqilliyə qovuşub. "Mənim həyatımın məqsədi Azərbaycandır, Azərbaycan xalqıdır, Azərbaycan Respublikasıdır, Azərbaycan vətəndaşıdır” deyən xalqımızın böyük oğlu Azərbaycan dövlətçiliyinin ideoloji-siyasi əsaslarını, milli dövlətçiliyin konsepsiyasını yaradıb. Ümummilli Liderimiz Heydər Əliyevin müdrik və uzaqgörən idarəçiliyi sayəsində Azərbaycan bu gün xarici siyasətində etibar və sabitlik amili kimi çıxış edən, iqtisadi inkişaf və sosial rifah yolunda mətin addımlarla irəliləyən, demokratik təsisatların təşəkkül tapdığı müasir ölkədir.

Millət vəkilinin sözlərinə görə, məhz Ümummilli Lider Heydər Əliyevin siyasi kursu sayəsində Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynayıb və onu dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevirib. Ulu Öndər Heydər Əliyev dövlət başçısı və siyasi xadim kimi beynəlxalq vəziyyəti düzgün təhlil edərək, Azərbaycan dövlətinin müstəqilliyinin qorunması və inkişafı yolunda müstəqil siyasət apararaq xalqı öz ətrafında birləşdirməyi bacarıb. Ölkə rəhbəri kimi Heydər Əliyevin əsas siyasi kursu da bu prinsiplər əsasında həyata keçirilirdi. O, Azərbaycan xalqının hər bir nümayəndəsinin rahat, azad və əmin-amanlıq şəraitində yaşaması üçün səyini əsirgəmir, bu istiqamətdə iqtisadi-siyasi, sosial-mədəni dövlət siyasətini həyata keçirirdi. Gündən-günə iqtisadi qüdrətini artıran, dünya gücləri qarşısında qamətini qürurla dik tutmağı bacaran gənc bir dövlətin həqiqi qurucusu və lideri Heydər Əliyevin sonrakı dövrlərdə həyata keçirtdiyi bütün islahatların kökündə də məhz bir amal, bir məqsəd dayanırdı ki, bu da hər bir azərbaycanlının müstəqil, sağlam və rahat yaşayışını təmin etməkdən ibarət idi.

S.Fətəliyeva qeyd edib ki, Ulu Öndər Heydər Əliyev mürəkkəb qlobal və regional vəziyyətin mövcudluğu bir şəraitdə əsaslandırılmış xarici siyasət kursu müəyyənləşdirdi. Bu, Azərbaycan dövlətçiliyi üçün tarixi töhfə idi. Onun sözlərinə görə, dünyada söz sahibi olan ölkələrin Azərbaycanla qarşılıqlı müqavilələr bağlamaları, Azərbaycanın həyata keçirdiyi irimiqyaslı layihələrdə iştirak etmək istəmələri təkcə durmadan inkişaf edən bir ölkənin artan nüfuzu və iqtisadi imkanları deyildi, həm də rifah halı yüksələn, yaşayış şəraiti yaxşılaşan Azərbaycan vətəndaşlarının həyata keçirilən bu proseslərdə birbaşa tərəf kimi iştirak etmək hüquqlarının var olması idi.

Deputat söyləyib ki, Ulu Öndərimizin müəyyənləşdirdiyi xarici siyasət kursunda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ən başlıca yer tuturdu. Belə ki, Heydər Əliyev bütün xarici səfərlərində, beynəlxalq tədbirlərdə, xarici ölkələrin nümayəndələrinin ölkəmizə səfərlərində Qarabağ həqiqətlərinə xüsusi yer verir, Ermənistanın işğalçılıq siyasətini ifşa edirdi. Məhz bu siyasət nəticəsində Azərbaycan diplomatik müstəvidə münaqişənin həlli ilə bağlı uğurlar qazanırdı. Dünya ölkələri, beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır və bu barədə sənədlər qəbul edirdilər. 44 günlük Vətən müharibəsində qazanılan qələbədə bu amillər də vacib rol oynadı. Çünki Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş siyasi kursda milli maraqlarımız hər şeydən üstün dayanırdı. Və bu kursin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticə etibarilə qələbəmizi şərtləndirdi. Müharibənin davam etdiyi günlərdə Ermənistan rəhbərliyinin, erməni lobbisiinin və diasporunun cəhdlərinə baxmayaraq, heç bir dövlət, beynəlxalq təşkilat Azərbaycana qarşı hər hansı addım atmadı, Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğu bəyan olundu.

“Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dünyanın ən sürətlə inkişaf edən, yeniləşən, müasirləşən, demokratikləşən dövlətinə çevrilib. Qazanılan uğurlar, torpaqlarımızın işğaldan azad olunması isə regionda yeni vəziyyət yaradır. Bu amil Azərbaycanın beynəlxalq aləmdə mövqeyini əhəmiyyətli dərəcədə gücləndirəcək. Əminliklə demək olar ki, Ümummilli Liderin qurduğu dünyəvi Azərbaycan dövləti öz tarixinin yüksəlişlə müşayiət olunan şərəfli bir dövrünü yaşayır. Bundan sonrakı mərhələlərdə Azərbaycan daha da güclənəcək, dünyada nüfuzunu daha da artıracaq, regionda yeni gücə çevriləcək. heç bir qüvvə Azərbaycanı tutduğu uğurlu yoldan bundan sonra da döndərə bilməyəcək!”,- deyə S.Fətəliyeva vurğulayıb.