YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nizami Cəfərov: Nizami Gəncəvi kimi dahi şair və mütəfəkkir təkcə Azərbaycanda deyil, bütün dünyada dərindən öyrənilməlidir

“Nizami Gəncəvi kimi dahi şair və mütəfəkkir təkcə Azərbaycanda deyil, bütün dünyada dərindən öyrənilməlidir. Çünki o, ümumbəşəri şairdir”. Bu fikirləri Milli Məclisin deputatı, akademik Nizami Cəfərov deyib.

N.Cəfərov bildirib ki, Ümummilli Liderimiz Heydər Əliyev hələ sovetlər dövründə Azərbaycana rəhbərlik edərkən Nizami yaradıcılığına böyük diqqətlə yanaşıb, dahi şairimizin yaradıcılığının dərindən öyrənilməsi, təbliği, onun yubileylərinin qeyd olunması istiqamətində vacib addımlar atıb. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1979-cu ildə qəbul olunmuş “Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin öyrənilməsini, nəşrini və təbliğini daha da yaxşılaşdırmaq tədbirləri haqqında” qərar Nizami yaradıcılığının tədqiqi və təbliği üçün yeni perspektivlər açdı. Böyük mütəfəkkirin 1981-ci ildə Ulu Öndərin bilavasitə təşəbbüsü və iştirakı ilə keçirilən 840 illik yubiley mərasimləri ölkənin mədəni həyatının əlamətdar hadisəsinə çevrilmişdi.
Eyni zamanda, müstəqillik illərimizdə də dahi şairin yaradıcılığına xüsusi diqqətlə yanaşılıb və 2011-ci ildə Nizami Gəncəvinin 870 illiyi dövlət səviyyəsində silsilə tədbirlərlə geniş qeyd edilib.

“Hesab edirəm ki, dövlətimizin başçısının bu Sərəncamı Nizami Gəncəvinin həyat və yaradıcılığını bütün istiqamətlər üzrə yeni düşüncə əsasında tədqiq və təhlil etməyə geniş imkan yaradan tarixi sənəd kimi mühüm əhəmiyyətə malikdir. Fikrimcə, Nizami yaradıcılığı Türk dünyasında da geniş təbliğ olunmalıdır. Nizaminin bəzi ideyaları var ki, ondan bir-iki əsr əvvəl yaşamış türk filosoflarına istinad edir. Bu baxımdan, Nizami Gəncəvinin yaradıcılığı azərbaycanlı, yəni türkmənşəli şair kimi Türk dünyası tərəfindən də dərindən öyrənilməlidir. Onu da qeyd edim ki, bu istiqamətlərdə işlər gedir. Bilirsiniz ki, “Nizami Gəncəvi” Beynəlxalq Mərkəzi var və bu mərkəzdə dünyanın nüfuzlu şəxsləri təmsil olunur. Eləcə də Böyük Britaniyanın Oksford Universitetində Nizami Gəncəvi Mərkəzi fəaliyyət göstərir. Bu mərkəzə akademik Nərgiz Paşayeva rəhbərlik edir. Mərkəzin böyük uğurları var. Burada yalnız Nizami yaradıcılığı öyrənilmir, eyni zamanda, Azərbaycanın, həm də Qafqazın mədəniyyəti öyrənilir. Düşünürəm ki, 2021-ci ilin ölkəmizdə “Nizami Gəncəvi İli” elan olunması dahi Nizami Gəncəvinin irsinin daha dərindən öyrənilməsi və dünyada təbliğ olunması baxımından mühüm addım olacaq”,-deyə akademik vurğulayıb.