YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Fətəliyeva: Ermənistan öz cılız məntiqilə heç vaxt beynəlxalq dəstək qazana və Azərbaycanın təşəbbüslərinə xələl gətirə bilməz

“BMT-nin İnsan Hüquqları Şurasının 46-cı sessiyası çərçivəsində Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın təşəbbüsü ilə irəli sürülən “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamə qəbul edilib. Qətnamə inkişaf etmiş və inkişaf etməkdə olan dövlətlər arasında COVID-19 əleyhinə peyvəndlərin ədalətsiz və qeyri-bərabər bölüşdürülməsi məsələsinin insan hüquqlarından istifadəyə mənfi təsiri məsələsinə diqqəti çəkir və bunun pandemiyanın tamamilə aradan qaldırılmasında, eləcə də BMT-nin Dayanıqlı İnkişaf Gündəliyində nəzərdə tutulan məqsədlərə nail olunmasında başlıca əngəllərdən biri olduğunu vurğulayır. Pandemiyanın aradan qaldırılmasında qlobal həmrəyliyin və çoxtərəfli əməkdaşlığın əhəmiyyətini xüsusi vurğulayan qətnamə bu baxımdan Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə 3-4 dekabr 2020-ci il tarixində keçirilmiş BMT Baş Assambleyasının COVID-19 pandemiyasına həsr olunan xüsusi sessiyasının əhəmiyyətini qeyd edir”. Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

Sevinc Fətəliyeva bildirib ki, qətnamə Prezident İlham Əliyevin  1 fevral tarixində Azərbaycan Televiziyasına verdiyi müsahibəsində Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin COVID-19 əleyhinə peyvəndlərin dünya miqyasında ədalətsiz və qeyri-bərabər bölüşdürülməsinə laqeyd qalmayacağı ilə bağlı ifadə etdiyi mövqeyə uyğun olaraq irəli sürülmüşdü və əldə edilmiş nəticəyə əsasən demək olar ki, ölkə başçısının pandemiya ilə bağlı əvvəlki təşəbbüsləri kimi, bu təşəbbüs də qısa müddət ərzində qlobal dəstək qazandı. Millət vəkili xatırladıb ki, ötən ilin dekabr ayında Prezident İlham Əliyevin 120 ölkəni özündə birləşdirən Qoşulmama Hərəkatının sədri kimi irəli sürdüyü təşəbbüs əsasında BMT Baş Assambleyasının COVID-19 pandemiyası ilə mübarizəyə həsr edilmiş dövlət və hökumət başçılarının xüsusi sessiyası keçirilmişdi. Bu sessiya  qlobal miqyasda çox mühüm hadisə idi. Qoşulmama Hərəkatına sədrliyi həyata keçirən Azərbaycan Prezidenti ötən ilin may ayında qurumun Təmas Qrupunun koronavirusla mübarizəyə həsr edilmiş Zirvə görüşündə belə bir təşəbbüslə çıxış etmişdi. Prezident İlham Əliyevin bu təşəbbüsü Qoşulmama Hərəkatının bütün 120 üzv dövləti tərəfindən dəstəkləndi. Ümumilikdə, BMT-nin 150-dən artıq üzv dövləti həmin təşəbbüsə öz dəstəyini ifadə etdi.

Deputat qeyd edib ki, Azərbaycanın təşəbbüsünə BMT səviyyəsində yüksək dəstək verilməsi respublikamızın beynəlxalq nüfuzunun getdikcə artmasını bir daha təsdiqləyir. Belə genişmiqyaslı tədbirin keçirilməsi Azərbaycana və onun liderinə dünyada olan inamın, etibarın və etimadın göstəricisidir. Xüsusi sessiyada çıxış edən Prezident İlham Əliyev bildirdi ki, bu gün dünya üçün ən böyük təhlükə olan COVID-19 pandemiyası ilə mübarizədə beynəlxalq ictimaiyyətin birgə səylərinə çox böyük ehtiyac var. Hesab edirəm ki, BMT-nin İnsan Hüquqları Şurasının 46-cı sessiyası çərçivəsində Azərbaycanın təşəbbüsü ilə irəli sürülən “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamə qəbul edilməsi də pandemiya ilə qlobal mübarizəyə öz töhfəsini verəcək və bizi ümumi hədəflər ətrafında daha da sıx birləşdirəcək. Bu qətnaməyə ümumilikdə 133 dövlət həmmüəlliflik edib ki, bu da BMT-nin İnsan Hüquqları Şurasında qəbul edilən qətnamələr üçün olduqca yüksək göstəricidir. Həmmüəlliflər sırasında dünyanın fərqli regionlarında yerləşən, iqtisadi göstəriciləri kəskin fərqlənən və fərqli siyasi qruplaşmalara məxsus olan ölkələr təmsil olunur.

S.Fətəliyeva vurğulayıb ki, qətnamənin qəbuluna  Ermənistan mane olmağa çalışsa da, uğursuzluğa məruz qalıb və bununla da növbəti dəfə beynəlxalq miqyasda özünü  rüsvay edib: “Qətnamənin qəbul olunması zamanı çıxış edən Ermənistan nümayəndəsi ölkəsinin bir sıra təkliflərinin qətnamədə nəzərə alınmadığını bildirib. Ermənistanın təklifləri isə münaqişə zonalarına humanitar girişə imkan verilməsi və s. kimi məsələləri lüzumsuz yerə siyasiləşdirən təkliflər idi. Ölkəmizin diplomatik uğurlarına, beynəlxalq müstəvidə çəkisinin artmasına qısqanclıqla yanaşan və tamamilə mövzudan kənar danışan Ermənistan nümayəndəsi onu da deyib ki, Azərbaycanda 2020-ci ilin noyabrında “ermənilər yaşayan Qarabağ”da dezinfeksiya aparılmasını əks etdirən poçt markası dövriyyəyə buraxılmışdı. Guya bununla Azərbaycan belə bir mesaj verirdi ki, ermənilər virusdur və buna görə də aradan qaldırılmalıdır. Daha sonra erməni nümayəndə  Azərbaycanda guya ermənilərə qarşı nifrət zəminində çıxışların edildiyini, etnik təmizləmə aparıldığını iddia edib. Son olaraq Ermənistan qətnamənin BMT Baş Assambleyasının koronavirusa qarşı xüsusi sessiyası kimi qlobal təşəbbüslərin alqışlandığı bəndi üzrə konsensusa qoşulmadığını bildirdi. Ermənistanın bu bənd üzrə konsensusa qoşulmamasının yeganə səbəbi həmin xüsusi sessiyanın Azərbaycan Prezidentinin təşəbbüsü ilə çağırılmasıdır. əslində, Ermənistan bu cür cılız məntiqlə heç vaxt beynəlxalq dəstək qazana və Azərbaycann nüfuzuna xələl gətirə bilməz. Ölkəmizin beynəlxalq təşəbbüsləri hər zaman əməkdaşlığa, sülhə və təhlükəsizliyə xidmət edir. Bu təşəbbüslər bundan sonra da davam edəcək”.