YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Bir millət, iki dövlət”in böyük zəfəri

Nuranə Hümbətova

Bərdə rayonu R.Əhmədov adına

İmamqulubəyli Kənd İbtidai Məktəbin müəllimi

El arasında gözəl bir məsəl var: “Yaxşı dost dar gündə sınanar! ” Bu deyimi, təkcə fərdi-insani münasibətlərə deyil, həmçinin xalqlar, dövlətlər arası münasibətlərə də şamil etmək olar.

Yaxın keçmişdə erməni təcavüzkarları tərəfindən xalqımızın başına gətirilən müsibətlər danılmaz bir həqiqəti – Azərbaycan Türkiyə arasındakı qədim dostluq-qardaşlıq bağlarını bir daha yenilədi, bu bağların əbədi və sarsılmaz olduğunu göstərdi. Çünki onların kökləri çox dərindədır. Ulu öndərimiz deyirdi: “Türkiyə ilə Azərbaycanın əlaqələrinin qədim və zəngin tarixi var. Bu əlaqələr dostluq, qardaşlıq əlaqələridir. Həmin əlaqələrin mənbəyi bizim müştərək tarixi köklərimizdir, eyni kökə mənsubiyyətimiz, dilimizin, dinimizin, adət-ənənələrimizin eyni olmasıdır. Bütün bunlar əsrlər boyu bizi bərabərliyə, dostluğa, əməkdaşlığa çağırıbdır”.

 Həyatımızın hər sahəsində izi görünən, nəfəsi duyulan ümummilli liderimiz Heydər Əliyevin illər oncə müdrikcəsinə söylədiyi – “Azərbaycan-Türkiyə bir millət, iki dövlətdir” və böyük öndər Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir”, - kəlamları yaşadığımız günlərdə bir daha tarixiləşdi, toplumun bütün kəsimləri tərəfindən bəyənilən, uşaqdan-böyüyə hər kəsin dilinin əzbəri olan, istər sosial şəbəkələrdə, istərsə də cəmiyyət həyatının hər hansı bir sahəsində ən çox işlədilən ifadəyə çevrildi.

Dövlətimiz bütün dünya ölkələri, xüsusən də region ölkələri ilə həmişə sülh və qarışılıqlı əməkdaşlıq şəraitində yaşamağın tərəfdarı olsa da, qonşu Ermənistan dövlətinin yeritdiyi  içğalçılıq siyasəti üzündən uzun illərdir ki, regionda sülh, sabitlik, əmin-amanlıq pozulmuşdur.

Hər əsrdə 3-4 dəfə Azərbaycan xalqına divan tutan faşist xislətli erməni qəsbkarları öz cinayətkar əməllərindən əl çəkməmişdirlər. Hələ keçən əsrin 80-ci illərindən, yəni SSRİ-nin mövcud olduğu dövrdən “Miatsum” ideyası ətrafında birləşərək gizli şəbəkə quran ermənilər Dağlıq Qarabağla bağlı separatçı siyasətlərini altdan-altdan həyata keçirməyə başlamışdılar. Rusiyanın göbəyində doğulub sonradan Avropaya və digər xarici ölkələrə yayılan saxtakar elmi və mətbu təşkilatlarla donanımlı bu nəhəng şəbəkə əsrin sonlarına doğru məkrli siyasətini açıq-aşikar biruzə verdi.

O zamanlar ideoloji cəhətdən ermənilərin üstünlüyü, xalqımızın haqlı ikən haqsız duruma düşməsi içlər yandırırdı. Qardaş Türkiyənin Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı ortaya qoyduğu qəti və birmənalı mövqe, haqq işimizə verdiyi tərəddüdsüz dəstək həmrəyliyimizin bariz nümunəsi oldu. Türkiyə ermənilərin çirkin ideoloji saldırılarına qarşı mübarizədə daima Azərbaycanın yanında oldu, onun haqq səsinin dünya ictimaiyyətinə çatdırılması üçün əlindən gələni əsirgəmədi.

Öz işğalçı siyasətini tarixən mərhələ - mərhələ həyata keçirən, “Böyük Ermənistan” xülyası ilə yaşayan ermənilər əsasız və qeyri-hüquqi iddialarını reallaşdırmaq üçün ən müxtəlif təsir vasitələrindən – yeri gəldikdə dini etiqatdan, etnik və biznes lobbiçiliyndən, terror və soyqırım siyasətindən, ən nəhayət, erməni şərəfsizliyi və həyasızlığından, böyük maliyyə xərclərindən belə istifadə edirlər. Bunun üçün erməni diasporunun ixtiyarında son dərəcə böyük maliyyə ehtiyatları toplanmışdır. Odur ki, dünyanın böyük ölkələrində özlərinə yetərincə havadar toplayan ermənilər 1986-cı ildən bu yana beynəlxalq hüquq normalarını açıq-aşkar çığnayaraq yeritdiyi işğalçılıq siyasəti, qondarma “Dağlıq Qarabağ” problemi və Türkiyəyə qarşı bədnam “erməni soyqırımı” ilə bağlı cəfəng iddiaları ilə regionda münasibətlərin normallaşmasına əngəl olurdu. “Zavallı ermənilərin” bəzi beynəlxalq qurumlar və ermənipərəst təşkilatlar tərəfindən dəstəklənməsi Dağlıq Qarabağ məsələsinin ədalətli həllini yubadılmasına, illərlə uzanmasına səbəb olmuşdur. Ulu öndərimizin uzaqgörən siyasətini ləyaqətlə davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə birgə siyasəti bu beynəlxalq təşkilatların 30 ildə görə bilmədiyi işi 44 gündə zəfərlə həll etdi. Prezitendimizin başçılığı ilə xalqımız öz vətəninin, dövlətinin müdafiəsinə qalxdı və ermənilərdən işğal etdikləri torpaqlarımızı geri aldıq.

Bu zəfər Azərbaycan xalqının birliyi ilə möhtərəm Prezidentimiz, Cənab Ali Baş Komandan İlham Əliyevin qəhrəmanlığının – şəxsi zəkası və qabiliyyətinin, iradə və dözümünün, həyata keçirdiyi ardıcıl daxili və xarici siyəsətinin nəticəsidir. Vətənimiz, dövlətçiliyimiz üçün ağır zamanda etnik kökənindən, əqidəsindən, mənsub olduğu siyasi partiyadan asılı olmayaraq bütün Azərbaycan vətəndaşları ermənilərə qarşı döyüşdə birləşdi və zəfər qazandı. Ön cəbhədə azərbaycanlılarla çiyin-çiyinə döyüşən talış, yəhudi, ləzgi, avar və b. qardaşlarımız əsl qəhrəmanlıq nümayiş etdirdilər, neçə-neçə igid oğullar vətənin azadılığı uğrunda şəhid oldular.

XXI əsrin ikinci onilliyində baş verən 2-ci Qarabağ müharbəsi və Zəfər Qələbəsi, sanki XX əsrin ikinci onilliyində yaşanan tarixi hadisəni – fədakarlıqları və cəsarətləri ilə özlərindən sonra nəsildən-nəslə qürurla xatırlanacaq şanlı bir dastan yazan Ənvər paşa və Nuru paşa qardaşlarının qəhrəmanlıq və rəşadətini yenidən gözlər önündə canlandırdı. 1918-ci ilin martında Bakıda milli hərəkatın genişlənməsi ilə razılaşmayan bolşevik-daşnak qüvvələri öz məqsədlərinə nail olmaq üçün yerli əhaliyə qarşı amansız soyqırımı həyata keçirmişdilər. 1918-ci ildə Nuru paşanın başçılıq etdiyi Qafqaz İslam Ordusunun 4 aylıq döyüşləri ilə 1920-ci ildə Cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ermənilərə qarşı həyata keçirilən döyüşlər fərqli tarixdə və şərtlərdə cərəyan etsə də, hər iki müharibə mahiyyət etibarı ilə –  düşmənə qarşı sarsılmaz Türkiyə-Azərbaycan birliyi, bu birliyin qalibiyyətlə nəticələnməsi və bu Zəfər Qələbələrinin Azərbaycan xalqının və dövlətçiliyinin tarixində oynadığı həlledici rola görə eyni əhəmiyyətə malikdir.

Qəhrəman Nuru paşa və Ənvər paşa qardaşları hələ bir əsr bundan əvvəl bütünlükdə türk xalqının Azərbaycana olan bağlılığını əməlı şəkildə nümayiş etdirərək yazdıqları şanlı  dastanla həm də Türkiyə və Azərbaycanın əbədi qardaşlığının rəmzi oldular.

Azərbaycan Respublikasının mərhum prezidenti Heydər Əliyevin Azərbaycan xalqına qarşı 1918-ci ildə baş vermiş soyqırım gününün faciə günü kimi qeyd edilməsi barədə 26 mart 1998-ci il tarixli qərarı ilə verdiyi fərman qanla yazılmış bir tarixi yaddaşlara köçürdü.

Azərbaycan-Türkiyə münasibətləri 2020-ci ildə tarixi bir dönəmdən keçdi. Bu münasibətlər Azərbaycanın Dağlıq Qarabağ hərəkatına Türkiyənin tam dəstəyi ilə daha anlamlı və dərin ölçüyə çatdı. Türkiyə və Azərbaycan 2020-ci ildə hərbi sahədə işbirliyini daha da irəlilətdi. 2-ci Qarabağ müharibəsində önəmli rol oynayan, Türkiyənin gözbəbəyi Bayraktar TB2-lər Azərbaycana ixrac edildi və iki ölkənin işbirliyi ilə xalqımız itirdiyi torpaqlarına 30 ildən sonra yenidən sahib oldu. Bu ildə Türkiyədən Azərbaycana yüksək vəzifəli şəxslərin:  Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, Xarici İşlər Naziri Mevlüd Cavuşoğlu, Müdafiə Naziri Hulusi Akarın rəsmi-işgüzar səfərləri ilə Azərbaycanın gələcək uğurlarının təməlləri atılırdı.

Ağır günlərdə etibarlı dost əli xalqımızın ciynindən heç əskik olmadı; Türkiyə dövləti və xalqı 2-ci Qarabağ müharibəsinin başından ta sonunadək Azərbaycan xalqının yanında oldu. dağ-daş demədən, qarda-soyuqda minbir əziyyətlə qızğın döyüşlər aparan qəhrəman əsgərlərimiz Vətən torpaqlarında, mühəndis Səlcuq Bayraqdarın İHA və SİHA-ları havada dastan yazanda, Türkiyə mətbuatının nümayəndələri də yüksək fədakarlıq və peşəkarlığ nümayiş etdirdilər.

Bu gün Türkiyə ilə Azərbaycan bütün sahələr üzrə – siyasi, iqtisadi, mədəni, təhsil, təhlükəsizlik və müdafiə sahələrində, Silahlı Qüvvələrimizin birgə təhsili və bir-birilərinə köməyi sayəsində iki ölkə böyük bir həmrəylik içərisindədir. Beynəlxalq tədbir və görüşlərdə ölkələrimiz eyni maraq və mənafedən çıxış edərək bir-birini daim dəstəkləyirlər. İki ölkə arasında həm də strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə imzalanması, hərtərəfli təhlükəsizlik problemlərinin birgə həll edilməsi və qarşılıqlı inkişafın təmin edilməsi zərurəti türk dünyasını da birləşməyə sövq edir.

Müasir qloballaşan dünyanın yeni ictimai-siyasi münasibətlər zəminində ayrı-ayrı xalqların təhdidlərə qarşı özünümüdafiə səyləri ilk növbədə ortaq etnik, mədəni, mənəvi köklərə malik xalqların yaxınlaşma cəhdlərinin artması ilə müşahidə olunur. Əslində, eyni etnik kökənli xalqların mürəkkəb stuasiyalarda bir-birinə arxa durması, qarşıya çıxan çətinlikləri birlikgə dəf etmə cəhdləri tarixdə yeni deyildir. Bu mənada eyni soy-kökə, milli və ortaq dəyərlərə malik olan Azərbaycan-Türkiyə əlaqələri böyük perspektivə malikdir.

Tarixi həqiqətlər göstərir ki, Azərbaycan-Türkiyə dostluğu etibarlı dəyərdir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin də dediyi kimi: “Xalqlarımızın iradəsindən və ortaq milli-mənəvi dəyərlərindən qaynaqlanan Azərbaycan-Türkiyə birliyi və strateji müttəfiqliyi birgə səylərimizlə bu gün ən yüksək səviyyədədir. Dünyada bənzəri olmayan bu dostluq və qardaşlıq münasibətləri regionda sülhə, təhlükəsizliyə və əməkdaşlığa xidmət edən, siyasi və iqtisadi proseslərə istiqamət verən mühüm amilə çevrilmişdir... Əminəm ki, gələcək nəsillərə ən böyük əmanətimiz olan sarsılmaz Azərbaycan-Türkiyə birliyi və qardaşlığı “Bir millət, iki dövlət” şüarına uyğun olaraq bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcək və güclənəcəkdir”. “Bir millət, iki dövlət”i hələ çox Zəfərlər gözləyir!