YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti: Biz İkinci Qarabağ müharibəsinin nəticələrini düzgün təhlil edərək öz hərbi gücümüzü artıracağıq

Ermənistan bilməlidir ki, biz heç nəyi unutmamışıq. Biz şəhidlərimizi unuda bilmərik, Xocalı qurbanlarını unuda bilmərik, dağılmış şəhərlərimizi unuda bilmərik. Dağılmış qəbirləri, təhqir edilmiş məscidləri biz necə unuda bilərik? Biz heç vaxt unutmamalıyıq. Azərbaycan xalqı bunu öz yaddaşında daim saxlamalıdır.

Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun rəhbər və şəxsi heyətinin bir qrupu ilə görüşündəki nitqində səsləndirib.

Ermənistan rəhbərliyinin, erməni siyasi-ictimai və dini xadimlərinin öz ideologiyasını, öz siyasətini əsassız iddialar üzərində qurduqlarını bildirən dövlətimizin başçısı deyib: “İkinci Qarabağ müharibəsindən sonra bu gün onlar artıq düşmənçiliyi ölkə daxilində bir-birinə qarşı istiqamətləndirirlər. Baxın, Ermənistanın informasiya məkanında nə qədər çirkin proseslər gedir. Bir-birini nə qədər təhqir edirlər, hədələyirlər. Nəyə görə? Çünki onlar əsrlər boyu gənc nəsli düşmənçilik ruhunda böyütmüşdülər. Düşmənçilik, nifrət toxumları səpmişdilər və bu da onların iflasına gətirib çıxardı. Ona görə biz heç nəyi unutmayacağıq”.

Prezident qeyd edib ki, biz artıq Birinci və İkinci Qarabağ müharibələrinin şəhidlərinin qanını aldıq və qisasımızı döyüş meydanında aldıq. “Amma bununla bərabər, Ermənistan dərk etməlidir ki, Azərbaycan bundan sonra da güclənəcək və bu, şübhəsizdir. O cümlədən bizim hərbi gücümüz artacaq. Müharibədən sonra artıq müvafiq göstərişlər verildi, yeni kontraktlar imzalandı, yeni silahların, texnikanın, müasir texnologiyaların əsasında texnikanın alınması prosesi başlamışdır. Silahlı Qüvvələrimizin struktur islahatları təsdiqləndi. Deyə bilərəm ki, Silahlı Qüvvələrimizin, Ordumuzun say tərkibi artırılacaq. Biz İkinci Qarabağ müharibəsinin nəticələrini və gedişatını düzgün təhlil edərək, əlbəttə ki, öz hərbi gücümüzü artıracağıq” , - deyə Müzəffər Ali Baş Komandan vurğulayıb.