YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Heydər Əliyev fenomeni Azərbaycan xalqının müasir milli azadlıq mübarizəsinin, milli özünüdərkinin əsasını təşkil etməkdədir

Vüqar Seyidov

YAP Suraxanı rayon təşkilatının sədri

Məşhur fransız filosofu Vovenarq  deyirdi ki, böyük işlər görmək üçün elə yaşamalısan ki, sanki heç vaxt ölməyəcəksən. Əlbəttə, ətrafımızda öz əməlləri ilə ölümsüzlük zirvəsinə ucalanlar var. Onlar cismani aramızda olmasalar da onların nəcib əməllərinin fövqündə mənəvi cəhətdən həmişə bizi əhatə etdiklərini hiss edirik. Məsələn, kim deyə bilər ki, Ulu Öndər Heydər Əliyevin əziz ruhu bugün bizim yanımızda deyil? Mən hesab edirəm ki, 2003-cü ilin soyuq dekabrında xalqını yalnız onun yorğun və nəcib bədəni tərk etmişdir. Onun ruhu isə hər zaman bizimlədir. Hər birimizin həyatında minnətdarlıq hissi ilə andığı, adı gələndə gözləri dolduğu, yoxluğunu qəbul etmədiyi, qəlbinin ən dərinliyində hifz edib saxladığı doğma kimsəsi vardır. Mütləq ki, vardır! Azərbaycan xalqı tarix boyu bir çox mötəbər dəyər yetişdirə bilmişdir. Lakin Ümummilli Lider Heydər Əliyev dəyərlilərin ən dəyərlisi kimi xalqın qəlbində özünəməxsus yer qazanmağı bacarmışdır. Onun xalqı qarşısında xidmətləri bir insanın edə biləcəklərindən çox böyük ölçüdə və miqyasda idi. Heydər Əliyevə sanki Ulu Tanrı müstəsna cəsarət, güc, enerji, zəka, hafizə və maraq vermişdi. Özünün də dəfələrlə dediyi kimi onu Allah öz pənahında saxlayırdı. O yalnız uca Yaradana və xalqına güvənirdi. Axı, biz tarixi, əfsanəvi, müqəddəs kitablardan oxuyuruq ki, hər xalqın, hər qəbilənin, hər insan qrupunun həyatında onları öz arxasınca aparan, xüsusi missiya ilə göndərilmiş kimsələr olmuşdur. Niyə axı biz xilaskarları ancaq əsrlər və ya min il əvvəldə axtarmalıyıq? Məgər həyat davam etmir? Məgər insanın və insanlığın mübarizəsi bitib? Əgər bitməyibsə və biz xilası bugün də Yaradandan istəyiriksə, onda müasir dövrümüzdə də onun tərəfindən xüsusi missiya ilə göndərilmiş adamların mövcudluğuna inanmağımız təəccüblü olmamalıdır. Məhz Ulu Öndər Heydər Əliyev belə fövqəlbəşər insanlardan idi. Onların sayı isə bütün yaradılış tarixində elə də çox deyildir.

Psixoanaliz elminin banisi Ziqmund Freyd öz elmi araşdırmalarının əsasında o nəticəyə gəlir ki, yaşadığımız gözəl həyat təkcə bizim deyil. Bu həqiqəti anlayıb başqalarına ziyan vermədən yaşamağı öyrənməliyik. Ulu Öndərin sədaqəti, onun məhəbbəti bütün insanlığa yetərdi. Dinindən, dilindən, milli mənsubiyyətindən asılı olmayaraq Ulu Öndər Heydər Əliyev insanlığı, yaradılmış bütün varlıqları sevirdi. Ulu Öndərin özünün də dediyi kimi o heç vaxt, heç kimə xəyanət etməmiş, yola çıxdıqlarını yolda tanıdıqlarına qurban verməmişdir. Heydər Əliyevin mötəbər insani keyfiyyətləri məni çox gənc yaşlarımdan onun həyat və fəaliyyətini tədqiq etməyə sövq etmişdir. Özüm üçün bunun böyük əhəmiyyəti olacağını dərk edərək Ümummilli Liderin fəaliyyəti mənə həmişə maraqlı olub. Ulu Öndər haqqında tədqiqatlarım zamanı onun barəsində dünya liderləri tərəfindən deyilmiş fikirlər diqqətimi cəlb etmişdir. Məsələn, ABŞ-ın sabiq Prezidenti Corc Buş ifadə etmişdir ki, dünyada tanınmış görkəmli dövlət xadimi Heydər Əliyevin şəksiz liderliyinə, cəsarətinə, misilsiz dünyagörüşünə və nadir natiqlik istedadına valehdir. ABŞ-la Azərbaycan Respublikasını müqayisə etdiyimiz zaman anlamaq çətin deyildir ki, Ulu Öndər bu böyük mərtəbəyə məhz öz şəxsi keyfiyyətləri hesabına layiq görülmüşdür. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Heydər Əliyevin haqqin rəhmətinə qovuşduğunun 18-ci ilini andığımız bu günlərdə belə onu böyük ehtiramla yad edir. O bildirir ki, Türkiyə-Azərbaycan dostluğunu tərənnüm edən “Bir millət, iki dövlət” ifadəsi tarixi əhəmiyyətə malikdir. Biz çalışmalıyıq ki, bu hikmətanə deyimin ifadə etdiyi amal bundan sonra da davam etsin. Şanlı Zəfər və Şuşa bəyannaməsi “Bir millət, iki dövlət” siyasi fəlsəfi ideyasının nə qədər əhəmiyyətli olduğunu illər sonra sübut etdi. Rusiya Prezidenti Vladimir Putin bir müsahibəsində qeyd edir ki, Heydər Əliyev böyük dövlət xadimi idi. Mübaliğəsiz demək olar ki, siyasi nəhəng idi. Putin ona sadəcə böyük hörmətlə yanaşmır, məhəbbət bəsləyirdi. Bunlar yalnız Ulu Öndərin şəxsiyyəti haqqında fikir bildirmiş cəmi bir neçə dünya lideridir.

Ulu Öndər Heydər Əliyev haqqında danışmaq, onu təsvir etmək, ona olan ehtiram və minnətdarlıq duyğularını belə ifadə etmək böyük məsuliyyətdir. Ən gözəl sözlər, ən zərif beytlər, ən dərin elmi araşdırmalar, ən həzin melodiyalar məhz ona həsr olunmuşdur. Çünki o hər bir sahənin mahir bilicisi idi. Heydər Əliyev haqqında keçmiş zamanda danışmaq mümkünsüzdür. Bu gün əldə etdiyimiz qələbələrin, zəfərlərin, mötəbər uğurların banisini Azərbaycan xalqı hər zaman qəlbində minnətdarlıq hissi ilə yaşadacaqdır. Bütün sahələrdə olduğu kimi xalqımızın ən böyük Zəfəri, qələbəsi olan 44 günlük Vətən Müharibəsində də, onun üçün ciddi hüquqi əsasların formalaşdırılmasında da məhz Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri vardır. Ermənistan-Azərbaycan keçmiş Dağlıq Qarabağ münaqişəsinin tarixi əsasları bütün dünyaya bəlli idi. Amma nə yazıq ki, dünya birliyi həqiqəti qəbul etmək istəmirdi. Əlində göstərici və dövlət sərhədlərimizin təsvir olunduğu xəritə ilə Ulu Öndər bütün dünyanı gəzirdi. O, dünyaya Azərbaycanı tanıtdı. Ən layiqli davamçısı isə dünyaya Azərbaycan faktorunu, inkişafın Azərbaycan modelini qəbul etdirdi.

Heydər Əliyev fenomeni Azərbaycan xalqının müasir milli azadlıq mübarizəsinin, milli özünüdərkinin əsasını təşkil etməkdədir. Müdrik xalqımız onun nurlu işığının ətrafında birləşərək özünün milli qurtuluşunu gerçəkləşdirə bilmişdir. Böyük mütəfəkkirlər, siyasi xadimlər ona görə Heydər Əliyevi fenomen adlandırırlar ki, o digər insanların görə bilmədiyini görür, dərk etmədiyini dərk edir və onun xüsusi qabiliyyətləri onu başqalarından kəskin surətdə fərqləndirir. Lider olmağın bir kitabı, bir məktəbi bəlkə də vardır. Xilaskar olmaq isə seçilmiş, xüsusi missiya ilə göndərilmiş insanların taleyidir. Ümummilli Liderin bir məşhur frazası var. Deyir ki, mən öz həyatımı, övladlarımın həyatını xalqıma qurban verirəm. Tarixi hadisələrin gedişatı sübut etdi ki, bu fikirlər sadə, söz xatirinə deyilmiş sözlər deyildir. Bütün məhdudiyyətlərə rəğmən sonsuz dözümlülük nümunəsi göstərən insanlar öz mənalı ömürlərini, öz həyatlarını xalqına qurban verir. Heydər Əliyev və onun ailəsinin hər bir fərdi müxtəlif zaman kəsikləri ilə bir əsirdir ki, öz həyatlarını düşünmədən xalqına qurban vermişlər.

Yəqin ki, bir çoxlarımız heç olmasa bir dəfə də olsa hollandiyalı dahi rəssam Van Qoqun əsərləri ilə qarşılaşmışıq. O deyirdi ki, başqalarının halına yana bilən insan yaşamağa layiqdir. Qəlbində insanlıq sevdası olan, dünyanı ortaq evi bilən Ulu Öndər fəaliyyəti dövründə yalnız öz xalqının deyil, bütün dünya vətəndaşlarının rifahını düşünmüşdür. Bəlkə də Heydər Əliyev müsəlman-türk əsilli olmasa idi, o dəfələrlə Nobel sülh mükafatına layiq görülərdi. Haqlı olaraq dünyada Heydər Əliyev fenomenini Azərbaycan xalqı ilə əlaqələndirirlər. Lakin onun töhfələri bütün dünya xalqlarının işıqlı gələcəyinə yönəlmişdi. Heydər Əliyev Sovet İttifaqının tərkibində türk xalqları arasında ilk Dövlət Təhlükəsizlik Komitəsinin generalı və daha sonra SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olmuşdur. O, qəlbində bəslədiyi vətən sevgisini, yurd eşqini və milli təəssübkeşliyini heç vaxt gizlətməmişdi. Vətən oğlu kimi hər zaman vətənin keşiyində dayanan Ulu Öndər xalqının şad günündə də, ağır anlarında da onun yanında olmağı özünə borç bilmişdir.

Madam ki, biz bu gün Ulu Öndər Heydər Əliyevi anmağa toplaşmışıq, o zaman xatirələr də mütləq dilə gətirilməlidir. Ulu Öndər Heydər Əliyev elə bir şəxsiyyət idi ki, nitqi ilə olduğu qədər susqunluğu ilə də böyük təsiretmə qabiliyyətinə malik idi. Lissabon Zirvə Toplantısı barədə xatirələrini bölüşənlər yazırlar ki, ermənipərəst qüvvələrin həmin görüşdə ölkəmizə qarşı qərar qəbul etdirmək istəyini sezən Ulu Öndər öz mühafizəsinin rəisinə uca səslə geriyə dönüş üçün təyyarəni hazırlatmağı tapşırır. Görüş iştirakçıları narahat olmağa başlayırlar. Və sonda Ulu Öndər öz xarizmatik şəxsiyyəti ilə ədalətli qərarın qəbul olunmasına səbəb olur. Başqa bir xatiratda da yazılır ki, Ukraynanın paytaxtı Kiyevə bərk qar yağır, qazın miqdarı isə Kiyevin istiliklə təminatına yetmir. Ulu Öndər öz nəcib və humanist əməli ilə dost Ukrayna xalqına yardım edir. Bir necə gün sonra Kiyevə səfər edəndə qar dayanır, günəş çıxır. Onu qarşılamağa gələn rəsmi şəxslər hamısı deyirlər ki, “Heydər Əliyev gəlişi ilə isti Azərbaycandan parlaq günəş gətirdi.”

Yəqin ki, bu yaxınlarda “Rossiya-24” telekanalında Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin “BTS-MOST” Səhmdar Cəmiyyətinin Direktorlar Şurasının sədri Ruslan Baysarovla görüşünü bir çoxunuz xatırlayırsınız. Məhz o görüşdə cənab Baysarov illər sonra səmimi etiraf edir ki, Baykal-Amur Magistralında dünyanın ən mürəkkəb tuneli sayılan Severomuyski Ulu Öndər Heydər Əliyevin birbaşa rəhbərliyi altında uğurla tikilmişdir. O, indiyə qədər dünyada ən mürəkkəb tunel hesab olunur. Bu, Sovet İttifaqına və onun çətiri altında birləşən çoxmilyonlu xalqlara Heydər Əliyevin yeganə töhfəsi deyildi. Onun fəaliyyəti hər zaman Sovetlər Birliyinin tərkibində birləşən xalqların milli inkişafına yönəlmişdir. Sonradan onu gözügötürməyənlər təəssüf ki, Heydər Əliyevin əməyini kiçiltmək məqsədi ilə “yenidənqurma” adı altında qarayaxmalar etdilərsə də Ulu Öndər təkcə öz xalqının deyil, digər Sovet xalqının da qəlbində böyük ehtiramla yaşadı, nümunələr göstərir ki, yaşayır və yaşayacaqdır.

Sonda uzun illər əvvəl mənimlə bölüşülmüş bir xatirəni də sizinlə paylaşmaq istərdim. İllər öncə Suraxanı rayon məktəblərinin birində müəllim öz sinfində inşa yazırdırarkən sual qoyur ki, “Heydər Əliyev bizim üçün nə etmişdir?” Bu məna dolu ritorik suala bir yeniyetmə övladımız elə ritorik sualla da cavab verir ki, “Heydər Əliyev bizim üçün nə etmədi ki?” Sözün bütün mənalarında Ulu Öndər Heydər Əliyev ötən əsrin son əlli ili ərzində Azərbaycan tarixində öz imzası, öz dəstixətti olan nadir şəxsiyyət olmuşdur. Xalqımızın sosial-iqtisadi formasiyasından ictimai-siyasi həyatına, hüquqi haqqlarının təkilləşməsindən, təminatından milli-mənəvi dəyərlərin qorunub saxlanmasına qədər bir çox sferada Heydər Əliyevin əvəzolunmaz, müstəsna xidmətləri olmuşdur. O, öz əziz balası olan Azərbaycan Respublikasını digər bir balasına əmanət etdi. İllər sonra bizim həm iqtisadi uğurlarımız, həm də siyasi və mənəvi birliyimiz, hərbi qələbələrimiz sübut etdi ki, Heydər Əliyevin təkidli tələblə hakimiyyətə gətirilməsi Azərbaycan xalqının ən müdrik qərarı idi. Ulu Öndər Heydər Əliyevin qərarlarının hamısı düşünülmüş və konkret əsasları olan qərarlardır. Xüsusi qeyd etmək istərdim ki, Ulu Öndərin xalqına ən böyük töhfəsi və ən doğru qərarı məhz cənab Prezident İlham Əliyev olmuşdur. Cənab Prezidentin zəkası, cəsarəti və qətiyyəti Ulu Öndərin yadigarıdır.

Allah Ulu Öndər Heydər Əliyevə rəhmət eləsin!

Ruhu qarşısında dərin ehtiramla baş əyirəm!