YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xalqın etimad ünvanı

Tofiq Cahangirov

YAP İdarə Heyətinin üzvü

Ötən il martın 5-də Yeni Azərbaycan Partiyasının VII qurultayı keçirildi. Qurultay vacib qərarların qəbul edilməsi ilə yadda qaldı. Partiyanın yeni Nizamnaməsi qəbul olundu, 40 nəfərdən ibarət tərkibdə İdarə Heyəti seçildi, 6 siyasi partiyanın YAP-a qoşulmasına dair qərar qəbul edildi. Bununla da ölkənin siyasi həyatında tamamilə yeni bir strategiyanın əsası qoyuldu.

Prezident, YAP-ın sədri  İlham Əliyev qurultayda geniş, dərin məzmunlu və proqram xarakterli çıxış etdi. Əldə edilən uğurları, aparılan hərtərəfli islahatları dəyərləndirən Prezident İlham Əliyev partiyanın gələcək fəaliyyətilə bağlı istiqamətləri müəyyən etdi. Azərbaycanın genişmiqyaslı islahatlar aparan ölkə olduğunu bildirən Prezident İlham Əliyev öncə son 3 il ərzində həyata keçirilən mütərəqqi işləri yüksək qiymətləndirərək partiyanın VII qurultayının keçirilməsi zərurətini yaranmış yeni reallıqların tələbi kimi dəyərləndirdi. Dövlət başçısı qeyd etdi ki, partiyanın VII qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir: “Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır. Yeni Azərbaycan Partiyası bundan sonra da bütün ölkəmizdə gedən proseslərin mərkəzində olacaq”.

Doğrudan da bu gün sıralarında 800 minə yaxın insanı birləşdirən YAP-ın fəaliyyəti, ideyaları, apardığı siyasət göz önündədir. Bu il yaranmasının 30 ili tamam olacaq partiya ötən müddət ərzində uğurla inkişaf edib və bütün seçkilərdə - həm parlament, həm prezident seçkilərində böyük səs çoxluğu ilə qalib gəlib. Bu gün Azərbaycanda YAP-a rəqib ola biləcək hər hansı bir siyasi qüvvə mövcud deyil. Prezidentin də söylədiyi kimi, YAP sözün əsl mənasında ümumxalq partiyasına çevrilib. Cəmiyyətimizin bütün təbəqələri hakim partiyada birləşib.

Azərbaycan Prezidenti qurultaydakı çıxışında xüsusi qeyd etdi ki, Yeni Azərbaycan Partiyasının adı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır: "Partiya Heydər Əliyevin ətrafında yaradılmışdır, onun siyasi təcrübəsi, bilikləri, xalq qarşısında göstərdiyi xidmətlər, Naxçıvanda çalışdığı dövrdə göstərdiyi əsl vətənpərvərlik və öz xalqına olan sadiqlik Azərbaycanın mütərəqqi insanlarını onun ətrafında birləşdirdi".

2003-cü ildə xalqın Heydər Əliyev siyasətinə səs verdiyini vurğulayan Prezident İlham Əliyev son 17 ildə qazanılan uğurlara da toxundu: "Təbii ki, 2003-cü ildə xalq Heydər Əliyev siyasətinə səs vermişdir, mənə etimad göstərmişdir. Çünki mən demişdim ki, əgər xalq etimad göstərərsə, Ulu Öndərin siyasətinə sadiq qalacağam. O əsas amillərdən biri idi. Həyat onu göstərdi ki, biz son 17 il ərzində doğrudan da tarixi uğurlara imza atdıq. Bu dövrü xarakterizə etmək üçün çox vaxt lazımdır. Hər şey göz qabağındadır. Əminəm ki, bizim tarixçilərimiz, politoloqlarımız, alimlərimiz bu dövrü də məqalələrdə, kitablarda, dərsliklərdə düzgün əks etdirəcəklər".

Qurultayda yeni hədəfləri müəyyən edən Prezident İlham Əliyev bəyan etdi ki, Azərbaycan dünyada tam müstəqil siyasət yürüdən ölkədir. Heç kim Azərbaycanla diktə dili ilə danışa bilməz. Azərbaycan indiyədək heç kimə hesabat verməyib, bundan sonra da bu siyasət davam etdiriləcək.

Yeni Azərbaycan Partiyasının VII qurultayının keçirilməsi həm də Prezident İlham Əliyevin islahatlar siyasətinin davamı oldu. Çünki 2018-ci il prezident və 2020-ci il parlament seçkilərindən, xüsusən də 2020-ci ildə İkinci Qarabağ müharibəsində əldə olunmuş Qələbədən sonra yaranmış yeni reallıq siyasi islahatların dərinləşməsi üçün zəmin yaratmışdı. Yaranmış yeni reallıqlar hakim partiyada islahatların aparılması və yeni fəaliyyət prioritetlərinin müəyyən olunmasının zəruriliyini ortaya çıxarmışdı. Beləliklə, yeni idarəetmə modelini tətbiq etməyin zamanı yetişmişdi. Bu baxımdan hesab etmək olar ki, VII qurultayda qəbul olunmuş qərarlar hakim partiyanın “iqtidar-xalq” modelinin real işə düşdüyünü, milli həmrəyliyin yeni inkişaf mərhələsinin başlandığını nümayiş etdirdi. Partiyada birinci müavin postunun təsis olunması və bu postun ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya həvalə olunması idarəetmə prosesinin təkmilləşdirilməsinə səbəb oldu.

Beləliklə, Yeni Azərbaycan Partiyasının VII qurultayında qəbul olunmuş qərarlar partiyanın fəaliyyətində keyfiyyət etibarı ilə əhəmiyyətli dəyişikliklərə səbəb oldu. Belə ki, partiyanın Nizamnaməsi tələb və çağırışlarına uyğunlaşdırıldı. Yeni Nizamnaməyə əsasən Qurultay, Partiyanın Sədri, İdarə Heyəti və Təftiş Komissiyası partiyanın orqanları qismində müəyyən edildi. Partiya Sədrinin birinci müavini vəzifəsi təsis edildi, həmçinin Partiyanın strukturuna Veteranlar Şurasının, Gənclər Birliyinin, Mərkəzi Aparatın, yerli təşkilatların və onların aparatlarının daxil olduğu təsbit edildi.  VII qurultayda İdarə Heyəti, Təftiş Komissiyası və Veteranlar Şurasının say tərkibi müəyyən edildi, İdarə Heyəti və Təftiş Komissiyasının üzvləri, Veteranlar Şurasının üzvləri, sədri və sədr müavini seçildi. Qurultayda Partiyanın yeni Proqramının hazırlanması və qəbulu barədə qərar qəbul olundu.

Hazırda YAP-da yeni kadr siyasətinin əsas meyarları peşəkarlıq, dövlətçilik və vətənpərvərlikdir. 2021-ci il sentyabr 10-da və 2022-ci ilin yanvarın 28-də Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin iclaslarında YAP-ın 76 yerli təşkilatının sədrləri vəzifəyə təyin ediləndə də bu meyarlar əsas götürülmüşdür. Bu kadr siyasəti zamanı  76 yerli təşkilatın 48-də yeni sədrlər təyin olundu. Sədrlərin orta yaş həddi isə 59-dan 50-yə endi.

Ötən bir ildə YAP-ın fəliyyətində diqqət çəkən məqamlardan biri də partiyanın beynəlxalq əlaqələrinin möhkəmləndirilməsidir ki, bu da ölkənin xarici siyasətinin davamıdır. Azərbaycan və Türkiyənin iqtidar partiyaları arasında uzun illər davam edən əməkdaşlıq 2021-ci ildə yeni mərhələyə qədəm qoydu. Belə ki,  ötən il iyun ayının 2-də iki ölkənin hakim partiyaları arasında əməkdaşlığa dair niyyət protokolu imzalandı. Hər iki partiyanın birgə təşkilatçılığı ilə videoformatda konfranslar keçirildi, nümayəndə heyətlərinin qarşılıqlı səfərləri baş tutdu. 2021-ci il dekabrın 3-də isə Kiyev şəhərində Yeni Azərbaycan Partiyası ilə Ukraynanın hakim “Xalqın Xidmətçisi” Partiyası arasında da əməkdaşlıq memorandumu imzalandı. Ötən il YAP Çin Kommunist Partiyasının videoformatda təşkil etdiyi beynəlxalq tədbirlərdə iştirak etdi, həmçinin, oktyabrın 29-da iki partiya arasında videoformatda keçirilən görüş zamanı əməkdaşlığın yeni perspektivləri müzakirə olundu. Bundan başqa, YAP-ın Rusiya, Qazaxıstan, Özbəkistan, Tacikistan, Yaponiya, Vyetnam, Laos və Kambocanın da  hakim partiyaları ilə əlaqələri mövcuddur. YAP Asiya regionunda 350-dən artıq siyasi partiyanı əhatə edən Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) Daimi Komitəsinin üzvü kimi qurumun tədbirlərində fəal iştirak edir, həmçinin, dünyanın 100-ə yaxın siyasi partiyasını özündə birləşdirən Mərkəzçi Demokrat İnternasionalının (İDC-CDİ) müşahidəçi üzvü olaraq fəaliyyətini davam etdirir. Bütün bunlar onu deməyə əsas verir ki, hakim partiya ildən-ilə öz beynəlxalq əlaqələrini daha da genişləndirir. Bu da öz növbəsində xarici siyasət sahəsində Azərbaycanın nüfuzunun güclənməsi və uğurlarının artmasına təsirsiz ötüşmür.

YAP-ın VII qurultayında qəbul edilən qərarlar Azərbaycan gəncliyinin ölkə və cəmiyyət həyatına daxil olan mütərəqqi yeniliklərin əsas mərkəzi qüvvəsi rolunda çıxış etməsi tendensiyasını da gücləndirdi. Milli dövlətçilik düşüncəmizdə gəncliyə xitab çox önəmli məsələdir. Azərbaycan gəncliyi tarix boyu ona olan ümidləri doğruldub. Üzərinə düşən vəzifələri layiqincə yerinə yetirib. Bu gün YAP üzvü olan, partiyada məsul vəzifələrdə çalışan gənclilərimiz qarşısında da böyük bir vəzifə var. YAP sədri, Prezident İlham Əliyevin tarixdə ən qüdrətli mərhələsinə gətirib çıxardığı müstəqil dövlətimizin daha böyük nailiyyətlər qazanması üçün çalışmaq, onu böyük strateji hədəflərinə yetirmək gəncliyimizin ali vəzifəsidir.

Beləliklə, Cənubi Qafqazın ən böyük siyasi partiyası olan YAP-ın VII qurultayından ötən dövr ərzində həyata keçirilən islahatlar fonunda ölkədə yeni siyasi mühitin formalaşması, siyasi və milli həmrəyliyin daha da güclənməsi, hakim partiyanın fəaliyyətində, idarəetmədə yeni keyfiyyət dəyişiklikləri müşahidə olunur. Həmçinin həyatat keçirilən islahatlar partiyanın fəaliyyətində çeviklik və səmərəliliyin da da artmasına səbəb olub. Partiyamızın Sədri cənab İlham Əliyevin dediyi kimi,  “indi Azərbaycanda görülmüş işlər, ölkəmizin uğurlu inkişafı, əlbəttə, hər bir vətənpərvər insana əyani şəkildə göstərir ki, bugünkü iqtidarın apardığı siyasət yeganə düzgün siyasətdir”.