YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan regionda daha da inkişaf etmiş ölkəyə çevriləcək

David İbramxəlilov

Yeni Azərbaycan Partiyası Qusar rayon təşkilatının sədri

Aprelin 12-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən 2022-ci ilin birinci rübünün yekunlarına həsr olunmuş  müşavirədə qeyd olunan məqamlar bir daha təsdiq etdi  ki, əvvəlki illərdə olduğu kimi dinamik inkişaf bu ilin 3 ayı ərzində də davam edib və əldə olunan  göstəricilər yüksəkdir. Belə ki, ümumi daxili məhsulda 6,8 faiz artım olub. Bu da, sözsüz ki, ötən ilin uğurlarının davamıdır. Aydın görünür ki, həyata keçirilən davamlı və uğurlu islahatlar nəticəsində ölkəmizin iqtisadi qüdrəti durmadan artmaqdadır. Dünyada tam aradan qalxmayan pandemiya səbəbindən hələ də böhran müşahidə olunsa da, Azərbaycanda vəziyyət tam fərqlidir, hər sahədə davamlı inkişaf gedir.Son 3 ayda qeyri-neft sektoru da inkişaf edib, belə ki, bu sektorda 10 faizdən çox artım olub. Bu da iqtisadiyyatımızın neftdən asılılığının azaldılması istiqamətində görülən tədbirlərin effektli nəticəsidir.
Dövlətimizin başçısı Azərbaycanın regiona gətirdiyi reallıqlara da toxundu. Biz, həqiqətən də, bu reallıqların dünya dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən qəbul olunduğunu görürük. Onlar bu vəziyyətin sülh və təhlükəsizliyə əsaslandığını dərindən dərk edir və region ölkələri arasında bütün sahələrdə, o cümlədən iqtisadi əməkdaşlıqda əhəmiyyətini anlayırlar. Bu məsələ, təbii ki, Ermənistan tərəfinə də aydındır. İşğal siyasəti nəticəsində düşdükləri bataqlıqdan yeganə çıxış yolu region ölkələri ilə əməkdaşlıqdan keçir. Bunun üçün qalib ölkənin - Azərbaycanın müəyyən etdiyi reallıqları və təklif etdiyi 5 prinsipi qəbul etmək lazımdır. Azərbaycan Ordusunun müasirləşdirilməsi və daha da gücləndirilməsi istiqamətində də müvafiq tədbirlər görülür. Bu məsələdən danışarkən dövlətimizin başçısı bir daha qeyd etdi ki, hərbi məsələlərin həlli üçün nə qədər vəsait lazımdırsa, o qədər də ayrılacaq. Bu, onu təsdiqləyir ki, ölkəmiz bundan sonra da müdafiə qüdrətini artıracaq. Beynəlxalq məsələlərə toxunan Prezident İlham Əliyev bir məsələni də xüsusi vurğuladı ki, ATƏT-in Minsk qrupu de-fakto etibarsızıdır, qeyri-funksionaldır. Yəni bu qurum fəaliyyət göstərdiyi 28 il müddətində sıfır nəticə göstərdiyi kimi bu gün də faktiki olaraq fəaliyyətsizdir. Çünki onun fəaliyyətinin predmeti artıq yoxdur. Ona görə də Prezident İlham Əliyev ATƏT-ə maraqlı çağırış edərək bildirdi ki, bu təşkilat ictimai diplomatiyanı canlandıraraq regionda etimad mühitinin yaradılması ilə məşğul ola bilər. Avropa İttifaqının mövqeyinə gəldikdə isə, Prezident İlham Əliyev bu mühüm qurumun aprel ayının 6-da təşkil etdiyi üçtərəfli görüşdə Ermənistanın Azərbaycanın irəli sürdüyü 5 baza prinsipini qəbul etdiyini bildirdi. Bu, olduqca mühüm hadisədir və regionda sülhlə bağlı proseslərin başlanğıcı kimi də qiymətləndirilə bilər.
Cənab Prezident ilin sonuna qədər görüləcək işlər barədə də danışdı. Bunlardan ən əsası Şərqi Zəngəzurda və Qarabağda aparılan abadlıq-quruculuq işləridir. Bilirik ki, dövlətimiz sakinlərin öz yurdlarına daha tez qayıtmaları üçün əlindən gələn hər şeyi edir. Genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirilir, yeni yollar tikilir, şəhərlər, kəndlər salınır. Şuşa, Cəbrayıl, Kəlbəcər, Zəngilan, Qubadlı şəhərlərinin, həmçinin Hadrut və Suqovuşan qəsəbələrinin Baş planlarının hazırlanması üçün də dövlətimizin başçısı xüsusi tapşırıq verdi. Görülən işlər və həyata keçirilən layihələr bizə deməyə əsas verir ki, Şərqi Zəngəzur və Qarabağ Azərbaycanın inkişaf etmiş bölgələrindən biri olacaq və orada mövcud olan iqtisadi potensial ölkəmizin gücünə yeni güc qatacaq. Müşavirədə regional kommunikasiyaların açılmasının vacibliyi vurğulandı. Xüsusilə, Zəngəzur dəhlizi ilə bağlı Ermənistanın üzərinə götürdüyü öhdəliklə bağlı dövlətimizin başçısı qeyd etdi ki, əgər üçtərəfli razılaşmanın tələblərindən biri pozulacağı və Qərbi Zəngəzurdan keçməklə Naxçıvan və Türkiyəyə bütün növ kommunikasiyalar açılmayacağı təqdirdə Azərbaycan da üçtərəfli razılaşma ilə əlaqədar öhdəliklərin yerinə yetirilməsi ilə bağlı heç bir məsuliyyət daşımayacaq. Bu, Ermənistana sonuncu ciddi xəbərdarlıq kimi də qiymətləndirilə bilər. 12 aprel müşavirəsi ölkədaxili və xarici milli cağırışlar kontekstində mühüm bir hadisə kimi yadda qaldı.