YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prioritet məsələlərdən biri şəhid ailələrinin, qazilərin diqqət və qayğı ilə əhatə olunmasıdır

Vüqar İsayev

YAP Göygöl rayon təşkilatının sədri

Prezident İlham Əliyevin sədrliyi ilə 2022-ci ilin birinci rübünün yekun­larına həsr olunan müşavirə zamanı görülən işlər təhlil olunmaqla yanaşı, postmüharibə dövrünün mənzərəsi də açıq şəkildə göstərilmişdir. Dövlət başçımız son üç ay da daxil olmaqla postmüharibə dövrünün reallıqlarını, ölkə daxilində həyata keçirilən sosial – iqtisadi layihələri həm ümumi inkişafımız kontekstində, həm də xarici siyasət və regional münasibətlər kontekstində kompleks olaraq təqdim etdi.

Prezidentin nitqində ərazilərimizin bərpası və Azərbaycanın yaratdığı yeni reallıq­ların dünya tərəfindən qəbul edilməsi məsələsini aktuallaşdırdığını gördük. Dövlət başçımız ilk növbədə dünyanın ən böyük beynəlxalq təşkilatı olan BMT–nin davranışlarına diqqət çəkərək, onun Şuşa­da keçirdiyi tədbiri yüksək qiymətləndirdi. Prezident İlham Əliyev BMT – Azərbaycan münasibətlərindən söz açıb beynəlxalq təşkilatların postmüharibə reallıqlarını qəbul etdiklərini vurğuladı.

44 günlük müharibənin nəticələrini qəbul edən ATƏT-in fəaliyyətdə olan sədrinin bölgədəki prosesləri postmünaqişə anlayışı çərçivəsindən dəyərləndirdiyi göz qabağındadır. Baxmayaraq ki, ATƏT-in mandat ver­diyi Minsk qrupu və onun həmsədrləri fəaliyyətdə olduqları dövrdə Azərbaycanın işğal altında olan torpaqla­rının azad edilməsi ilə bağlı təcavüzkara qarşı beynəlxalq təzyiq mexanizmlərinin işə salınması üçün heç bir əməli iş görməmişlər. ATƏT-in Minsk qrupunun ötən müddətdəki fəaliyyətinin nəticələri, Azərbaycan Prezidentinin də vurğuladı­ğı kimi sıfıra bərabər olub. Hazırda isə, Minsk qrupuna münaqişənin həlli üçün verilmiş mandat faktiki olaraq de–yure qüvvədə olsa da, de–fakto etibarsız sayılmalıdır. Yəni Azərbaycanın bölgədə yaratdığı reallıqlar ATƏT-in Minsk qru­punun fəaliyyətinə son qoyub. Amma əslində ATƏT bir mötəbər təşkilat kimi, fəaliyyət istiqamətlərinə uyğun olaraq, regionda təhlükəsizliyin və əməkdaşlığın təmin edilməsi üçün Azərbaycan–Ermənistan əlaqələrinin normallaşmasına öz töhfəsini verə bilər.

Müşavirədə, həmçinin ərazilərimizin işğaldan azad olunmasından sonra həyata keçirilən sosial layihələrdən də danışıldı və həssas qrupların problemlərinin prioritet olduğu bildirildi. Dövlət başçısının tapşırıqlarına uyğun olaraq, ilk növbədə, 93 min şəxsə – həm şəhid ailəsi üzvləri, həm müharibə əlilləri, eyni zamanda, müharibə veteranlarına 103 min sosial ödəniş təyin olunmuşdur. 2021-ci ilin əvvəllərində bu kateqoriyadan olan insanlara ödənilən Prezident təqaüdünün məbləği, bu ilin əvvəlindən isə əlilliyə görə aldıqları sosial müavinətlər 60 faizədək artırılmışdır. Məşğulluq sahəsinə dəstək tədbirləri çərçivəsində 11 min şəhid ailəsi üzvü və müharibə əlilinə kömək məqsədilə məşğulluq tədbirləri görülmüşdür. Son üç il ərzində 6300, ümumilikdə isə 12 min 500 mənzil məhz bu kateqoriyadan olan insanlara təqdim olunub. İlin sonunadək əlavə 1300 mənzilin də təqdim olun­ması gözlənilir. Müşavirədə döyüşlər zamanı yaralanmış 8 min əsgərə 23 min reabilitasiya xidməti göstərildiyi də vurğulanmışdır.  Belə ki, əzalarını itirən 190 qazi bu günədək dördüncü nəsil 200 elektron protezlə təchiz edilib. Əlavə olaraq, müharibədə yaralanmış 3 minədək əsgərə 16 min reabilitasiya vasitəsi təqdim olunub. Dövlət başçımızın dəfələrlə qeyd etdiyi kimi, şəhid ailələrinin və qazilərin problemləri ilk növbədə həllini tapmalıdır və bunlar prioritet məsələlərdir.

Azad edilmiş torpaqların yüz faiz daxili imkanlar hesabına bərpa olunması, bu məqsədlə heç bir xarici ölkədən bir manat da vəsaitin istənilməməsi, Azərbaycanın iqtisadi qüdrətini bir daha nümayiş etdirir. Prezident İlham Əliyev müşavirədəki çıxı­şında bir daha aydın şəkildə bəyan etdi ki, Azərbaycanın qazandığı bütün nailiyyətlər ölkənin daxili imkanları hesabına əldə olunub. Azərbaycan heç kimdən bir manat da olsun dəstək almayıb. Azad edilmiş torpaqlar da tamamilə daxili imkanlar hesabına bərpa olunur. Xarici şirkətlər isə həmin ərazilərdə yalnız podratçı qismində çalışırlar. Bütün bunlar bir daha sübut edir ki, Azərbaycan həqiqətən də güclü iqtisa­diyyata malik olan bir dövlətdir və bundan sonra bu güc daha da artacaq.