YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qarabağ və Şərqi Zəngəzurda möhtəşəm quruculuq işləri həyata keçirilir

Abbas Əliyev

Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatının sədri

Vətən müharibəsində qazanılan möhtəşəm Zəfərdən sonra işğaldan azad edilmiş ərazilərə qayıdacaq insanlar üçün layiqli həyatı təmin etmək məqsədilə geniş miqyaslı quruculuq-abadlıq işləri görülür, ermənilər tərəfindən dağıdılan kəndlər, şəhərlər, tarixi mədəni-dini abidələr nümunəvi qaydada yenidən qurulur. Azərbaycan Prezidenti cənab İlham Əliyev Nazirlər Kabinetinin cari ilin birinci rübünün yekunlarına həsr olunan müşavirəsində söylədiyi nitqində quruculuq işlərindən ətraflı bəhs edib. Postmüharibə dövründə işğaldan azad olunmuş ərazilərdə reallaşdırılan layihələrin böyük bir qismi infrastruktur quruculuğunu, o cümlədən də müasir yol-nəqliyyat şəbəkəsinin qurulmasını əhatə edir. Respublikanın digər bölgələrindən işğaldan azad olunmuş ərazilərə avtomobil yolları müxtəlif istiqamətlərdən çəkilir. Deyə bilərik ki, indi bütün yollar Qarabağa aparır. Bütövlükdə, işğaldan azad edilmiş ərazilərdə yol infrastrukturunun yaradılması ilə bağlı statistika kifayət qədər zəngindir. Artıq bir neçə yol layihəsinin icrası tamamlanıb. Ötən il Füzulidən mədəniyyət paytaxtımız olan Şuşaya çəkilən 100 kilometr uzunluğunda Zəfər yolunun istifadəyə verilməsi böyük rəmzi məna daşıyır. Hazırda Şuşaya aparan ikinci avtomobil yolunun (Əhmədbəyli-Füzuli-Şuşa), bu yol üzərində inşa olunan tunelin və körpülərin tikintisi də intensiv şəkildə davam etdirilir.

Müşavirədə bildirildiyi kimi, bu il Naftalandan Talış kəndinə qədər çəkilən yollar tam istismara verilməlidir. Bu, eyni zamanda, Naftalanı Suqovuşanla birləşdirəcək. Hər iki yaşayış yeri turizm üçün çox əlverişlidir. Laçın şəhərindən yan keçən yeni alternativ yolun istifadəyə verilməsi də bu ilə planlaşdırılır. Bu yolun da çox böyük əhəmiyyəti var. Cari ildə istifadəyə veriləcək yolların arasında Füzuli-Hadrut, Qubadlı-Eyvazlı və digər yollar da var. O cümlədən Kəlbəcər və Laçın rayonlarında hərbi əhəmiyyətli yolların çəkilişi davam etdiriləcək. “Tarixdə heç vaxt yollar olmayan yerlərdə, ərazilərdə təkcə keçən il 700 kilometrə yaxın yollar çəkilib. Yəni, Azərbaycan-Ermənistan sərhədinə qədər bu yollar çəkilib”, - deyə Prezident İlham Əliyev bildirib.

Eyni zamanda, Bərdə-Ağdam, Kəlbəcər-Laçın avtomobil yolunun və təxminən 4 kilometrlik tunelin inşası sürətlə davam etdirilir. Xudafərindən Qubadlıya, oradan isə Laçına gedən magistral yol, eləcə də Horadiz-Ağbənd, Ağdam-Füzuli yolları çəkilir. Ən vacib yollardan biri Toğana-Kəlbəcər avtomobil yoludur. Bu yol və 12 kilometrlik tunel istifadəyə verildikdən sonra daha Murov aşırımından keçməyə ehtiyac qalmayacaq və məsafə qısalacaq. Eyni zamanda, Kəlbəcər-İstisu avtomobil yolunun tikintisi davam etdirilir. İşğaldan azad edilmiş ərazilərdə müasir yol-nəqliyyat infrastrukturunun yaradılmasının digər mühüm bir istiqamətini dəmir yollarının inşası təşkil edir. Hazırda Bərdə-Ağdam dəmir yolunun tikintisi aparılır. Bu yolun 2023-cü ildə istifadəyə verilməsi nəzərdə tutulur. Postmüharibə dövründə işğaldan azad edilmiş ərazilərdə Füzuli beynəlxaql aeroportundan sonra daha iki hava limanının yaradılması istiqamətində də işlər aparılır.

44 günlük müharibəni zəfərlə başa vuran və yeni reallıqlar yaradan Azərbaycan regional əməkdaşlıq platformalarının formalaşmasına güclü siyasi iradə nümayiş etdirir. Bu baxımdan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat bağlantısının yaradılması xüsusilə diqqət çəkir. Sözü gedən nəqliyyat bağlantısının yaradılması haqqında müvafiq müddəa Azərbaycanın təkidi ilə üçtərəfli Bəyanatda yer alıb. Azərbaycan indiyədək Zəngəzur dəhlizinin yaradılması istiqamətində əməli addımlar atıb. Prezident İlham Əliyevin 2021-ci il fevralın 14-də Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarına səfəri çərçivəsində Zəngəzur dəhlizinin mühüm komponenti olan Horadiz-Ağbənd dəmir yolu xəttinin təməli qoyulub. Uzunluğu 100 kilometr olan bu dəmir yolu xətti Zəngəzur dəhlizinin funksionallığını təmin edəcək çox mühüm infrastrukturdur. Ölkəmiz, eyni zamanda Zəngəzur dəhlizinin avtomobil yolu komponenti üzrə də işlərə start verib. Belə ki, ötən il oktyabrın 26-da Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun təməli qoyulub. Yolun başlanğıc məntəqəsindən Ağbəndə, Ermənistan sərhədinə qədər məsafə 123,6 kilometrdir.

Təəssüf ki, eyni sözləri məğlub Ermənistan barəsində demək mümkün deyil. 10 noyabr Bəyanatı ilə üzərinə müəyyən öhdəliklər götürən bu ölkə məsuliyyətsiz davranış nümayiş etdirir və hansısa şərtlər dili ilə danışmağa uğursuz cəhdlər göstərir. Bu isə, ilk növbədə, forpost dövlətin özünə ziyandır. Azərbaycan Ermənistandan keçməsi nəzərdə tutulan dəhlizin cəmi bir neçə kilometrliyindən, ancaq bu dəfə İranın ərazisindən keçməklə Naxçıvana uzanacaq nəqliyyat bağlantısının yaradılması ilə bağlı cənub qonşumuzla razılığa gəlib. Artıq müvafiq sənədlər imzalanıb və yaxın perspektivdə təməlqoyma mərasiminin olacağı da gözləniləndir. İranla razılaşmaya əsasən yeni dəhliz avtomobil və dəmir yolları komponentlərindən ibarət olacaq. Bu prosesdə itirən isə yenə Ermənistan olacaq.