YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İşğaldan azad olunmuş torpaqlarımızda görülmüş işlər dünya üçün bir nümunə olacaq

Samir Baxşiyev

YAP Siyəzən rayon təşkilatın sədri

“Beynəlxalq Hava Limanlarının inşası davam ediləcəkdir”. Bu fikirləri aprelin 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirə zamanı səsləndirmişdir.

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qalib ordumuz tərəfindən 44 günlük Vətən müharibəsində əldə edilmiş şanlı zəfər nəticəsində torpaqlarımız düşmən tapdağından azad olunandan sonra dövlətimizin qarşısında qoyulmuş əsas vəzifə həmin ərazilərdə bərpa-quruculuq işlərinin həyata keçirilməsi və məcburi köçkün vəziyyətinə düşmüş soydaşlarımızın öz doğma yurdlarına qayıtmasıdır. Dövlət başçısının müvafiq tapşırıqları əsasında erməni vandalları tərəfindən xarabalığa çevrilmiş yaşayış məntəqələrimizdə qısa müddət ərzində zəruri infrastrukturun yaradılması işlərinə start verildi. İlk növbədə nəqliyyat infrastrukturunun yenidən və müasir tələblər səviyyəsində qurulması üçün genişmiqyaslı işlər görülməyə başlanıldı. Belə ki, müasir səviyyəyə cavab verən nəqliyyat və dəmir yollarının inşası sürətləndirildi. Bundan əlavə yeni hava limanlarının inşası da əsas vəzifələrdən biri kimi qarşıya qoyuldu. Qeyd etməliyik ki, aeroportlar müasir dövrdə ən mühüm nəqliyyat dayanacaqlarından biridir. Yeni hava limanları Qarabağın inteqrasiyasını sürətləndirməklə yanaşı bölgənin inkişafına təkan verəcək və Qarabağa getmək istəyən ölkə və xarici vətəndaşların işini xeyli asanlaşdıracaqdır. Gerçəkləşdirilən layihələr sırasında Qarabağın hava qapısı olan Füzuli Beynəlxalq Hava Limanının qısa müddət ərzində inşası və Prezident cənab İlham Əliyev və Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdağan tərəfindən açılışı bütün dünyaya bir daha ölkəmizin qüdrətinin nümayişi idi. Bundan əlavə Laçın və Zəngilan rayonlarında da yeni aeroportların tikintisi olduqca önəmlidir. Bu önəmi xüsusi olaraq vurğulayan ölkə başçısı qeyd etmişdir ki, "Füzuli, Zəngilan və Laçın hava limanlarının inşa edilməsi və istismara verilməsi bölgənin canlanmasına gətirib çıxaracaq. Bu hava limanlarının həm yüklər, həm sərnişinlər, eyni zamanda hərbi təyinatı da, təbii ki, göz önündədir. Biz daim hazır olmalıyıq və hərbi gücümüzü artırmalıyıq, hərbi infrastruktur yaratmalıyıq və hava limanları bizim məqsədlərimizə də xidmət edəcək". Bu fikirlər bir daha cənab Prezidentin nə qədər müdrik və uzaqgörən siyasət yürütməsinin bariz sübutudur.

Cənab Prezident Qarabağ məsələsi barədə danışanda dəfələrlə vurğulamışdır ki, biz bu münaqişəni özümüz həll etmişik və məsuliyyətli insanlar kimi həmişə biz hər şeyə hazır olmalıyıq.

İnanırıq ki, aparılan geniş miqyaslı infrastruktur layihələri nəticəsində tezliklə Qarabağ bölgəsi və Zəngəzur nümunəvi bir bölgə kimi qurulacaqdır. Azərbaycan vətəndaşları orada rahat, firavan yaşayacaq və görülmüş işlər dünya üçün də bir nümunə olacaqdır.