YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

ATƏT yeni reallıqları tam qəbul edib

Rövşən Əhmədov

YAP Ağcabədi rayon təşkilatının sədri

Ötən ilin ölkəmizin həyatında əlamətdar bir il olub. Əsas məqsədimiz keçən il həm azad edilmiş torpaqlarda bərpa işlərinə start vermək idi, eyni zamanda, beynəlxalq müstəvidə yeni reallıqları qəbul etdirmək idi və cənab Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət nəticəsində hər iki istiqamət üzrə nəticələr göz qabağındadır.

Postmünaqişə dövrünün birinci ilinin nəticələri deməyə əsas verir ki, qarşımızda duran bütün vəzifələr icra edilib. Aparılan fəal iş nəticəsində dünyanın aparıcı beynəlxalq təşkilatları yeni reallıqları qəbul ediblər. BMT xətti ilə Şuşa şəhərində beynəlxalq tədbir keçirilib. Bu çox əlamətdar hadisə idi. Bu bir daha onu göstərdi ki, BMT Azərbaycanın ərazi bütövlüyünü tam tanıyan qurumdur.

30 ilə yaxın bir müddətdə kağız üzərində qalmış BMT-nin qərarlarını Azərbaycan güc vasitəsilə həll etdi. Bununla da Azərbaycan həm münaqişəni həll etdi, həm də BMT üzərindən qəbul etdiyi qətnamələrin icra olunmaması ilə bağlı yükü götürdü.

BMT-dən sonra ən böyük beynəlxalq təsisat Qoşulmama Hərəkatıdır. Qoşulmama Hərəkatına hazırda Azərbaycan sədrlik edir və bütün üzv dövlətlərin razılığı ilə sədrlik daha bir il uzadılıb. Qoşulmama Hərəkatı Azərbaycan bu hərəkata üzv olandan dərhal sonra keçmiş münaqişə ilə bağlı ədalətli mövqe nümayiş etdirdi. Qoşulmama Hərəkatı birmənalı şəkildə həm işğal, həm müharibə dövründə, həm ondan sonra Azərbaycanla həmrəy olub.

Cənab Prezidentin müşavirə zamanı ATƏT və Minsk qrupu ilə bağlı söylədiklərini xalq olaraq çoxdan gözləyirdik. Minsk qrupuna münaqişənin həlli üçün verilmiş mandat de-yure qüvvədə olsa da, de-fakto artıq etibarsız sayıla bilər. ATƏT də yeni reallıqları tam qəbul edib. Minsk qrupu İkinci Qarabağ müharibəsinə qədər 28 il fəaliyyətdə idi və həmsədr ölkələr bu illər ərzində Azərbaycana, Ermənistana bəlkə də yüzlərlə səfər etmişlər. Nəticə də sıfırdır. Bunun səbəbləri də Azərbaycan ictimaiyyətinə məlumdur.

Avropa İttifaqı (Aİ) ilə təmaslar müharibədən sonra daha intensiv xarakter almışdır. Aİ postmünaqişə dövrünün reallıqlarını qəbul etmişdir. İmzalanmış yekun kommunikedə “Dağlıq Qarabağ” adı yoxdur. Münaqişə həll olunub. İndi isə Avropa İttifaqı Azərbaycan-Ermənistan əlaqələrinin normallaşması ilə məşğuldur və aprelin 6-da Brüsseldə keçirilmiş görüşdə bu məsələlər müzakirə olunub.