YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nəsimi rayonunda ulu öndər Heydər Əliyevin xatirəsi anılıb

Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatı ulu öndər Heydər Əliyevin anadan olmasının 99-ci ildönümünə həsr edilmiş tədbir keçirib.

Əvvəlcə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin büstünü ziyarət edərək, önünə gül-çiçək dəstələri qoyublar.

Tədbirdə öncə ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edən YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov bildirib ki, müasir müstəqil Azərbaycan dövlətinin xilaskarı və qurucusu ulu öndər Heydər Əliyevin adı Azərbaycan xalqının rəmzinə, əməlləri isə hünər timsalına çevrilib. Heydər Əliyevin polad iradəsi və qətiyyəti, xalqın tərəqqisi yolunda yorulmaz xidməti, fədakar əməyi sayəsində müasir Azərbaycanın bünövrəsi qoyulub. Məhz onun inkişaf strategiyası nəticəsində Azərbaycan dünyanın siyasi xəritəsində geostrateji mövqeyini möhkəmləndirə bilib, zaman-zaman qlobal məkanda gedən proseslərin istiqamətverici subyektinə çevrilməyə nail olub.

Azərbaycan Tibb Universitetinin prorektoru, YAP Nəsimi rayon ərazi partiya təşkilatının sədri Sabir Əliyev çıxışında Ulu Öndərin Vətən və xalq qarşısında tarixi xidmətlərindən bəhs edib.

Nəsimi Rayon Ağbirçəklər Cəmiyyətinin sədri Zərifə Quliyeva isə bildirib ki, bütün mənalı ömrünü öz xalqının və Vətəninin inkişafı naminə sərf edən Ulu Öndər Azərbaycanı dünyaya tanıdıb.

Daha sonra Bədii Qiraət üzrə respublika birincisi, Bakı Xoreoqrafiya Akademiyasının tələbəsi Firuzə İsmayıl ulu öndər Heydər Əliyevə həsr olunan şeir səsləndirib.

Sonda partiya sıralarına yeni qəbul edilmiş bir qrup şəxsə üzvlük vəsiqələri təqdim olunub.