YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Heydər Əliyev-Müstəqil Azərbaycan dövlətinin memarı

Mehdi Balabəyov

Yeni Azərbaycan Partiyası Şabran rayon təşkilatının sədri

Dünyada tarix haqqında yazanlar çox olsa da, tarix yaradanların sayı azdır. Çünki tarix yaratmaq tarix yazmaqdan qat-qat çətin və məsuliyyətlidir. Əqidəsi, məsləyi xalqının azadlığı, inkişafı, qüdrətlənməsi uğrunda mübarizəyə həsr olunmuş belə simalar nəsillər dəyişdikcə daha böyük əbədiyyət qazanırlar. Azərbaycanımızın milli sərvəti olan bu nəhəng şəxsiyyətlər həm yaratıqlari məktəblə, həm də yeni təfəkkür tərzi ilə yaddaşlarda əbədi iz buraxırlar. Zəmanəmizin ən böyük şəxsiyyəti olan Ümummilli Liderımız Heydər Əliyevdə məhz belə şəxsiyyətlərdən idi.

Müasir Azərbaycan tarixindən söhbət düşəndə ilk öncə gözümüzün önündə bütün işıqlı həyatını xalqının xoşbəxtliyinə həsr edən Heydər Əliyev canlanır. Özünün dediyi kimi azərbaycanlı olması ilə daim qürur duyan bu böyük şəxsiyyətin həyatının 40 ildən artıq bir dövrü ölkəmizin tərəqqisi naminə apardığı mübarizəyə həsr olunub. Odur ki, Azərbaycanın inkişaf prosesinin əsasını qoyan, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu olan Heydər Əliyev xalqımızın qəlbində daim yaşayır və yaşayacaqdır.

Heydər Əliyevin şəxsi həyatı, uşaqlıq və gənclik illəri, ömrünün bütün dövrləri gərgin zəhmətlə keçib. Əlbəttə, bu dövrlərin çətin anları yaşanmasaydı, maneələr qətiyyətlə dəf edilməsəydi sonrakı zamanların uğurları qazanılmazdı. Rəhbərin həyatının səhifələri qeyri-adi, çoxlarına mümkünsüz görünən, qəhrəmanlara xas olan hadisələrlə xarakterikdir. Sovetlər dövründə milli təhlükəsizlik orqanlarında işləmək nə qədər şərəfli olsa da, bir o qədər çətin və məsuliyyətli idi. Heydər Əliyev çox böyük təsirlərə, çətinliklərə məruz qalsa da bu sistemdə şərəfli həyat yolu keçib, öz fəaliyyəti, çoxlarına xas olmayan xeyirxahlığı, vətənpərvərliyi ilə şəxsiyyətini tarixiləşdirib. Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycan Respublikasının rəhbəri kimi iştirak etdiyi bütün beynəlxalq tədbirlərdəki çıxışlarında Dağlıq Qarabağın xalqımıza məxsus olmasını bəyan etmiş, bu münaqişənin ilk növbədə sülh yolu ilə, danışıqlar vasitəsilə həll olunmasına tərəfdar olduğunu, dialoqla tarixi ədaləti bərpa etməyə səy göstərdiyini bildirsə də, müharibə yolu ilə də qələbəyə nail olmaq yolunu hamının nəzərinə çatdırmışdır.

Bu məqsədlə Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti kimi müstəqil dövlətin milli ordu quruculuğunun əsaslarını yaratmış və silahlı qüvvələrimizin peşəkar kadrlarla, yeni nəsil mütəxəssislərlə, müasir texnika ilə təchiz edilməsi istiqamətində əhəmiyyətli addımlar atmışdır.

Zaman xalqımızı ağır sınaqlara çəksə də, artıq yenidən tariximizin şərəfli səhifələri yazılır. Heydər Əliyevin müəyyənləşdirdiyi, İlham Əliyevin layiqincə davam etdirdiyi siyasi xəttin nəticəsi olaraq güclü Azərbaycan dövlətinin yaranması bu gün dünyanın etiraf etdiyi reallıqdır. Ötən il 44 günlük Vətən müharibəsindəki qələbə də bu salnamənin parlaq səhifəsidir. Bu Qələbənin əldə olunması Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi və möhtərəm İlham Əliyevin layiqincə davam etdirdiyi siyasətin nəticəsi və təntənəsidir. Bu zəfərlə Ermənistanın 30 illik işğalına son qoyuldu, məğlubiyyət damğası birdəfəlik üzərimizdən götürüldü, yeganə ağrılı problemimiz həllini tapdı.

Təbii ki, bu anlarda müstəqil Azərbaycanın banisi ulu öndər Heydər Əliyevin şad olan ruhuna dünyanın hər yerində bir daha rəhmət oxunurdu. Möhtərəm Prezident İlham Əliyevin dəfələrlə bəyan etdiyi kimi, Azərbaycan bütün nailiyyətlərinin, zəfərlərinin təməlində xalqımızın bu günü və gələcəyi üçün yeganə düzgün yolu nurlandıran Heydər Əliyev siyasəti dayanır. Məhz bu siyasət müsəqilliyimizin və inkişafımızın hərəkətverici qüvvəsidir.

Ümumilli Liderimizin anadan olmasının 99-cu ildönümü ərəfəsində bir daha Ulu Öndəri ehtiramla anırıq. Aradan illər, onilliklər keçdikcə Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısındakı tarixi xidmətlərinin mahiyyətini daha dərindən anlayırıq.

Nə qədər bəşəriyyət var, Azərbaycan, azərbaycançılıq var Heydər Əliyev yaşayır və yaşayacaqdır.