YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan bayrağı daha əzəmətlə dalğalanır

David İbramxəlilov

YAP Qusar rayon təşkilatının sədri 

Azərbaycan xalqı tarixə adını müzəffər xalq kimi yazmağı bacardı, biz 44 gün ərzində həm ərazi bütövlüyümüzü bərpa etdik, həm də  ədaləti bərpa etdik. İndi  azad edilmiş torpaqlara “Böyük qayıdış” başlayıb. Qarabağın hər guşəsində bərpa-quruculuq işləri surətlə davam edir. Zəngilanın Ağalı kəndində icra edilən birinci pilot layihə başa çatmaq üzrədir. Bir il bundan əvvəl başlayan layihənin icrası ilə 200 evdən ibarət gözəl kənd salınıb - “Ağıllı kənd”. Kəndin genişləndirilməsi və əlavə 150 evin inşa edilməsi, o cümlədən ikimərtəbəli, üçmərtəbəli mənzil tipli evlərin inşa edilməsi nəzərdə tutulur. Bu kənddə məşğulluq, məktəb, bağça, tibb məntəqəsi, bütün xidmətlər – “ASAN”, “DOST”, kiçik və orta biznesə dəstək xidmətləri mövcuddur. Bu gün Azərbaycan Cənubi Qafqazda həm iqtisadi, həm də siyasi güc mərkəzidir. Bunun əsasında isə zəngin iqtisadi potensialdan səmərəli istifadə və çoxkombinasiyalı siyasi diplomatiya dayanır. Cənab Prezident İlham Əliyevin yürütdüyü çevik diplomatiya həm iqtisadi inkişafın həm də müharibədə qazanan qələbənin siyasi əsasıdır.
Zəngilanın Ağalı kəndində çıxışında cənab Prezident qeyd etdi ki, “Əsl müstəqillik məhz odur ki, sən müstəqil siyasət apara biləsən. 1993-cü ildən başlayaraq xalq Ulu Öndərə müraciət edib onu hakimiyyətə dəvət edəndən sonra əsl müstəqillik həyatımız başlamışdır. Bu gün iqtisadi göstəricilərimiz çox müsbətdir. Dünya miqyasında bu il ən sürətlə inkişaf edən ölkələrdən biri Azərbaycandır.
Azərbaycan iqtisadi cəhətdən müstəqil ölkədir. İqtisadi cəhətdən müstəqil ölkələrin sayı o qədər də çox deyil. Ancaq Azərbaycan tam müstəqildir və heç bir yardıma, kreditə ehtiyacı yoxdur”.
Beynəlxalq siyasi-iqtisadi müstəvidə gələcəyə aydın nəzərlərlə baxan siyasi və akademik çevrələr Azərbaycanı Cənubi Qafqazın gələcəyinin, bu bölgədə sülh və əməkdaşlıq mühitinin qarantı kimi görür. Bu faktdır və Azərbaycanın illər ərzində yaradıb formalaşdırdığı, Vətən müharibəsindəki zəfərlə də nidasını qoyduğu tarixi reallıqdır. Dövlət rəhbərimizin yürütdüyü müstəqil siyasət, müasir çağırışlara uyğun çevik qərarlar verərək zamanında həyata keçirməsi qazandığımız uğurların lokomotivi olmuşdur.
Azərbaycan Prezidenti hazırkı gərgin dünyamızda apardığı müstəqil siyasətlə ölkəmizin milli-strateji inkişaf xəttini uğurla həyata keçirir. Ölkəmizə böyük tarixi nailiyyətlər qazandırmaqla yanaşı, bir çox qlobal problemlərin aradan qaldırılmasına, bəşəriyyət üçün daha gözəl bir dünyanın qurulmasına mühüm töhfələrini verir.
Azərbaycanın açıq bəyan etdiyi sülh gündəliyi və gələcək əməkdaşlığa dair təşəbbüsləri Cənubi Qafqazda regional inkişaf üçün yeni imkanların yaradılmasına yönəldilib. Bu, təkcə Azərbaycan və Ermənistana deyil, ümumiyyətlə, Cənubi Qafqaza aid məsələdir.
Azərbaycanın təklif etdiyi 5 prinsipi qəbul edən Ermənistan bəzən bu öhdəlikılərdən yayınmağa çalışsa da danışıqlar masası arxasında oturmağa, Azərbaycanın irəli sürdüyü şərtləri qəbul etməyə məcburdur. Zəngəzur dəhlizi də açılacaq, sərhədlər də tezliklə dəqiqləşəcək. Yeni dünya düzəni və Azərbaycanın real gücü bunu deyir.

Bu gün tarixin ən mürəkkəb sınaqlarından uğurla keçən Azərbaycan müstəqilliyimizin 104-cü ilini qeyd edir. Azərbaycan Prezident İlham Əliyevin səbirli, müdrik və uzaqgörən diplomatiyasının qazandırdığı zəfərlə güclü, qüdrətli dövlət kimi yeni bir tarixi dövrə qədəm qoyur.

Bu gün şəhid qanı ilə suvarılmış Qarabağda Azərbaycan bayrağı daha əzəmətlə,daha qürurla dalğalanır.