YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Postmünaqişə dövründə sülh danışıqlarında gündəliyi Azərbaycan diktə edir

İlqar İlyasov

YAP Laçın rayon təşkilatının sədri

44 günlük Vətən müharibəsinin Azərbaycanın şanlı Qələbəsi ilə başa çatmasından sonra Cənubi Qafqazda yeni geosiyasi proseslərin başlanğıcı, regionun tarixində yeni eranın əsası qoyuldu. İndi bölgədəki bütün proseslər məhz Azərbaycanın şəksiz liderliyi və diqtəsi altında cərəyan edir. İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması ilə bölgədə təhlükəsizlik mühiti, davamlı sabitliyə və əmin-amanlığa əlverişli şərait yarana bilər.

Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası tərəflər arasında gələcək sərhədyanı ərazilərdəki münaqişələrdən sığortalanmaq və qarşılıqlı əməkdaşlıq üçün vacib olan bir nömrəli məsələdir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının vacibliyini bir neçə dəfə bəyan edib. Ölkə rəhbəri Minsk qrupu başda olmaqla, həmsədrləri bu istiqamətdə fəallığa çağırıb. Sülh müqaviləsi münaqişə və müharibə səhifəsinin bağlanması, istənilən potensial hərbi qarşıdurma riskinin minimuma endirilməsi və ya aradan qaldırılması üçün əhəmiyyətlidir.

Dünyanın bir çox dövlətləri arasında olduğu kimi Azərbaycan və Ermənistan arasında da müharibədən sonra yeni səhifənin açılması, yeni sazişin imzalanması bölgədə gələcək sülh və mehriban siyasət üçün lazımlı nüans kimi qəbul edilir. Vaxtilə Avropanın bir çox dövlətləri də bu mərhələdən keçdi, tarixi səhvlərini unudaraq gələcəyə baxdı. İndi Ermənistan da keçmişdəki səhvlərindən dərs çıxarmalı, hazırda oturduğu torpaqların kimin olmasını yaddan çıxartmamalı və bir daha Azərbaycan Respublikasının torpaqlarına göz dikməməlidir. Bakı cəmi 44 gün ərzində torpaqlarımıza edilən qəsbkarlığın nəticəsinin necə ağır olacağını hərbi əməliyyatlar vasitəsilə göstərdi. Bundan sonra bizim ərazilərimizlə bağlı erməni revanşistlərin hər hansı xəyalı bizi Ermənistandakı tarixi torpaqlarımız haqqında düşündürə bilər. Bu reallığı Ermənistanın indiki və gələcək siyasi hakimiyyəti nəzərə almalı, sülh sazişinin imzalanmasının ilkin mərhələsi olan Üçtərəfli Bəyanat və digər razılaşmalara əməl etməyin qaçılmaz olmasını məsuliyyətləri ilə dərk etməlidir. Azərbaycan bütün bu addımların həyata keçirilməsi və sülh müqaviləsinin imzalanması üçün hüquqi prinsipləri, beynəlxalq normaları və qanunların aliliyini əsas götürür. Buna görə də, uzun illər Azərbaycan-Ermənistan arasındakı münaqişəyə səssiz qalmaqla, öz nüfuzlarını zərbə altına qoyan beynəlxalq qurumlar, xüsusilə də, BMT, ATƏT və digərləri sülh müqaviləsinin imzalanması üçün öz təşəbbüslərini ortaya qoymalıdırlar. Əks halda, rəzil sosial partlayışlar fonunda məhv olan Ermənistan bundan sonra da region üçün əsas təhlükə mənbəyi kimi qalacaqdır.