YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Böyük Qayıdış xalqımız üçün bir təntənə, bir qürur mənbəyidir

Fəxrəddin Vəliyev

Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatının sədri

Prezident cənab İlham Əliyevin may ayının 27-də Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin açılışında çıxışı zamanı “Vətən müharibəsində Qarabağı heç vaxt görməyənlər Qarabağ uğrunda ölümə getməyə hazır idilər və ölümə də getmişdilər. Üç minə yaxın şəhidimizin xatirəsi bizim qəlbimizdə əbədi yaşayacaq” söylədiyi fikirlər Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində göstərdiyi yüksək dövlətçilik, millətçilik ruhunun təzahürüdür.

Ordumuzun ermənilərin hücumlarına cavab olaraq başladığı Vətən müharibəsi xalqımızın 30 illik həsrətinə 44 gündə son qoydu. Vətənpərvər oğullarımızın erməni təcavüzünü qəhrəmancasına dəf etməsi və əks-hücuma keçərək düşmənə sarsıdıcı zərbələr endirməsi xalqımızın qələbə əzminin nümayişi oldu. Bu günlər ərzində ordumuzun işğalçı erməni ordusuna qarşı apardığı müharibə milli şüurun, xalq və ordu birliyinin təcəssümünə çevrildi. Hər kəs Vətən fədaisi oldu o gün. İllərlə yaşadığımız ağrı-acılar bir andaca sevincə çevrildi. Ordumuzun bu qalibiyyəti bütün dünyaya nümayiş etdirdi ki, Azərbaycan xalqı qarşısına qoyduğu hər bir vəzifəni yerinə yetirə bilmək qüdrətindədir.

Vətən müharibəsi bir daha sübut etdi ki, Azərbaycan xalqının hər bir fərdi özünü Vətən uğrunda fəda etməyə və düşmənə sarsıdıcı zərbə vurmağa qadirdir. Gedən döyüşlər xalqımızın hansı iradəyə, hansı hisslərə sahib olduğunu göstərdi.

Ən əsası odur ki, bu müharibədə bütün xalq öz rəhbəri ətrafında bir yumruq kimi sıx birləşdi. Qələbəyə doğru inamla irəliləyən qorxmaz, cəsur əsgərlərimiz düşmənin işğal olunmuş torpaqlarımızdakı hərbi hissələrini, istehkamlarını, ön xətt mövqelərini, döyüş texnikalarını və infrastrukturunu, canlı qüvvəsini, cəbhənin dərinliyindəki atəş nöqtələrini, bazalarını darmadağın etdi, kəndlərimizi, strateji yüksəklikləri sürətlə tutdu.

Azərbaycan torpaqları qarış-qarış, kənd-kənd işğaldan azad edildi. Uzun illərdən sonra doğma torpaqlarımızda yenidən üçrəngli şanlı bayrağımız ucaldıldı. Vətən müharibəsi Ali Baş Komandanın, Azərbaycan Ordusunun, xalqımızın zəfəri ilə başa çatdı. Bu qələbəni Ali Baş Komandanın qətiyyəti, siyasi iradəsi, ordumuzun şücaəti hesabına qazandıq. Ona görə 44 günlük qəhrəmanlıq savaşımız tarix boyu şanlı qürur mənbəyimiz olaraq qalacaq.

Azərbaycanın igid, cəsur oğulları, qeyrətli qızları həmişə vətənpərvər olmuş, yadelli işğalçılara qarşı qəhrəmancasına mübarizə apararaq Vətənini düşməndən azad etmişdir. Mərd, mübariz oğul və qızlarımız öz doğma torpaqlarını həmişə hərarətlə sevmiş, onun qədrini bilmiş, Vətən naminə canlarını qurban verməkdən çəkinməmişlər. Bu yolda öz qanları ilə adlarını şəhidlik adlı uca bir zirvəyə yazmışlar. Bu gün milli vətənpərvərlik Vətənin göz bəbəyi kimi qorunmasında təzahür edir və bunu bugünkü gənclərimiz bütün məsuliyyəti ilə dərk edirlər.

Ümummilli lider Heydər Əliyev gənclərin vətənpərvər ruhda böyüməsinə xüsusi diqqət yetirərək deyirdi: "Hamımızın ümumi vəzifəmiz xalqımızda vətənpərvərlik, Vətən torpağına, millətə sədaqət, Vətən uğrunda şəhidliyə hazır olmaq hisslərini formalaşdırmaq, inkişaf etdirmək və təbliğ etməkdir.

Torpaqlarımızın qorunması, ərazilərimizin bütöv olması yolunda canlarından keçmiş şəhidlərimizin keçdiyi döyüş yolu gənc nəsillərə örnəkdir. Bu döyüş yolunu gənclərə çatdırmaq, onlarda vətənpərvərlik hissini formalaşdırmaq, şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmaq, onları gəncliyə nümunə göstərmək isə hər bir Azərbaycan vətəndaşının ən müqəddəs borcu olmalıdır. Azərbaycan bu gün öz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında regionun ən güclü dövlətinə, sülh və təhlükəsizlik diyarına çevrilmişdir.

44 gün ərzində həm ərazi bütövlüyünü bərpa edən, həm ədaləti bərpa edən, həm də milli ləyaqətini bərpa edən müzəffər Azərbaycan xalqı yeni bir tarix yazır”.

Böyük Qayıdış xalqımız üçün bir təntənə, bir qürur mənbəyidir Odur ki, xalq onu hər şeydən üstün tutan rəhbərinin ətrafında bir “dəmir yumruq” kimi daha da sıx birləşəcək, daim onun ardınca addımlayacaq.