YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan regionda lider dövlətə çevrilib

Təvəkkül Əliyev

YAP Şuşa rayon təşkilatının sədri 

Bu gün Erməni vandallarının xarabazara çevirdikləri tarixi yurdlarımızın bərpası, inkişaf axarına qovuşması, sosial-iqtisadi dirçəlişi indi Azərbaycanın qarşısında duran ən mühüm vəzifədir. Biz işğaldan azad edilmiş rayonların, şəhərlərin, kəndlərin əvvəlki simasını yeni keyfiyyətdə, indiki dövrün tələblərinə uyğun bərpa etməliyik. Qarabağda hazırda infrasturktur işləri gedir və bitdikdən sonra o bölgə çox müasir və inkişaf edən bir yer olacaq.

Bütün bunlar Prezident İlham Əliyevin göstərişi ilə başlanmış işlərin müəyyən bir hissəsidir və iqtisadi inkişaf planları işğaldan azad olunmuş bütün rayonları əhatə edir. Artıq Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimi olub və açılışda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva iştirak ediblər. Bu açılış Azərbaycan tarixində böyük əhəmiyyətə malik olan bir tədbir idi, çünki bu açılış mərasimi ilə "Böyük qayıdış" prosesinə start verildi.

Təbii ki, işğaldan azad olunmuş ərazilərimizdə görülən işlər bununla bitmir. Bütövlükdə isə Qarabağ və Şərqi Zəngəzurun bərpası hərtərəfli olmaqla kompleks şəkildə həyata keçirilir. Hazırda Qarabağ və Şərqi Zəngəzurda çoxsaylı layihələrin icrası davam edir. Cənab İlham Əliyevin tapşırığına əsasən, işğaldan azad edilmiş torpaqlarda aqrar sahənin inkişafı ilə bağlı mühüm tədbirlər görülür. Belə ki, Kənd Təsərrüfatı Nazirliyi, “Azərkosmos” ASC azad olunmuş ərazilərdə faktiki əkinaltı torpaqların peyk təsvirləri əsasında xəritələşdirməsini aparıb. Həmin torpaqlarda əkinlərə, o cümlədən çoxillik əkmələrə aqrotexniki qulluq göstərilməsi məqsədilə işlərə başlanılıb. Ona görə də işğaldan azad olunmuş ərazilərə həyatın qaytarılması prosesində dövlət-dövlət, dövlət-özəl, dövlətvətəndaş və dövlət-donor əməkdaşlığı zəruridir. Yaxın onillikdə Qarabağ ərazisi həm yerli və həm də xarici şirkətlərin geniş fəaliyyət meydanına çevriləcək.

Qarabağ bölgəsində eyni zamanda təbii və tibbi əhəmiyyəti olan mineral sular mövcuddur. Bu suların istehsalı, qablaşdırılması və dünya bazarına çıxarılması ən uğurlu investisiyalardan biridir. Eyni zamanda bu suların müalicə əhəmiyyətli istifadə edilməsi regionda tibbi turizmin inkişafına da ayrıca təkan verəcəkdir. Gələcəkdə Füzuli-Xocavənd-Şuşa-Laçın, Füzuli-Cəbrayıl-Zəngilan, Zəngilan-Qubadlı-Kəlbəcər-Laçın, Bərdə-Ağdam istiqamətlərində turizm marşrutlarının təşkili nəzərdə tutulur. Şuşanın Azərbaycanın Mədəniyyət paytaxtı elan edilməsi turistlərin də diqqətindən yayınmayacaq. Artıq şəhərdə rəngarəng tədbirlərin təşkili, festivallar, turizm məhsullarının təqdimi, beynəlxalq sərgilərin və digər mədəni-kütləvi görüşlərin keçirilməsi böyük maraq doğurur.

Əminik ki, cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində Azərbaycan bundan sonra daha da qüdrətlənəcək, “Qarabağ dünyanın Cənnət məkanına çevriləcək. Çünki Azərbaycan öz mövqelərini günbəgün möhkəmləndirir. Azərbaycan artıq regionda lider dövlətə çevrilib.