YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan xalqının ədalətli mübarizəsi yüksək dəyərləndirilir

Ramil Orucov

YAP Gəncə şəhər təşkilatının sədri

Qlobal tərəfdaşlığın, sivilizasiyalararası əməkdaşlığın ən səmərəli platformasına çevrilən müstəqil Azərbaycanın qlobal məzmun daşıyan beynəlxalq tədbirlərə ev sahibliyi etməsi artıq ənənə halını alıb.

İyunun 30-da dünya mediasının diqqəti yenidən ölkəmizə yönəldi. Bakıda Heydər Əliyev Mərkəzində Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin "Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi" mövzusuna həsr olunan Bakı konfransında hərəkata üzv dövlətlər Qalib Azərbaycanın Prezidenti cənab İlham Əliyevin irəli sürdüyü qlobal miqyaslı təşəbbüsləri, Azərbaycan xalqının ədalətli mübarizəsini yüksək dəyərləndirdiklərini nümayiş etdirdilər.

Azərbaycana olan etimadının və ölkəmizin beynəlxalq nüfuzunun artmasının, eləcə də respublikamızın qlobal səylərinin beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsinin nəticəsidir ki, təşkilata sədrlik Azərbaycana həvalə edilib. Eyni zamanda 2023-cü ilin sonuna kimi Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin uzadılması da beynəlxalq birlik tərəfindən ölkəmizin daim dəstəkləndiyinin təsdiqidir.

Ölkə Prezidentimiz cənab İlham Əliyevin Qoşulmama Hərəkatına sədrlik etdiyi maddətdə irəli sürdüyü hər bir qlobal təşəbbüslər beynəlxalq birlik tərəfindən rəğbətlə qarşılanıb, təqdir edilib. Prezident cənab İlham Əliyev söylədiyi kimi, Azərbaycan özünün sədrliyi dövrü üçün müfəssəl və ambisiyalı fəaliyyət planı qəbul edib. Təəssüflər olsun ki, COVID-19 pandemiyası ağır fəsadlar verdi, çətinliklər yaratdı. Ancaq yeni reallıqlara hər zaman çevik və adekvat reaksiya verən Azərbaycan regional və qlobal miqyasda da koronavirusa qarşı həmrəyliyin və əməkdaşlığın gücləndirilməsinə əhəmiyyətli töhfə verdi. Böhrandan az itki ilə çıxmaq üçün tədbirlər gördü, həmçinin təcrübəsini hərəkata üzv dövlətlər və başqa ölkələrlə də bölüşdü. Azərbaycanın Qoşulmama Hərəkatının sədri qismində irəli sürdüyü təşəbbüslər həmrəyliyi və qarşılıqlı dəstəyi möhkəmləndirməyə, təsisatın institusional inkişafına və bəlkə də müəyyən mərhələdə onun təşkilata çevrilməsinə yönəlib.

Dövlət başçımız, Qoşulmama Hərəkatının sədri cənab İlham Əliyev konfransda Azərbaycanın həmişə regional mövzular və qlobal məsələlərlə bağlı öz mövqeyini nümayiş etdirdiyini, ədalətsizliyə, beynəlxalq hüququn pozulmasına, müxtəlif münaqişələrə qarşı sərgilənən selektiv yanaşmaya, ayrı-seçkiliyə qarşı mübarizə aparmağa davam edəcəyini dünya birliyinin diqqətinə çatdırıb.

44 günlük Vətən müharibəsində BMT-dən sonra dünyanın ikinci böyük təşkilatın - Qoşulmama Hərəkatının üzv dövlətləri haqqın, ədalətin tərəfində olduqlarını 30 illik işğaldan sonra torpaqlarını azad edən Azərbaycana böyük dəstəkləri ilə nümayiş etdirdilər.

Qalib ölkəmizin Prezidenti çıxışında bu məqama xüsusi ilə toxundu: "Biz öz torpağımızda savaşırdıq, biz ədaləti bərpa edirdik, beynəlxalq hüququ bərpa edirdik. Lakin əfsuslar olsun ki, bəzi ölkələr bizə qarşı kampaniyaya - qarayaxma, böhtan və şantaj kampaniyasına başladılar. Təəssüflər olsun ki, bu, sadəcə, şifahi kampaniya və ya ictimai ittihamlar deyildi. Bəzi ölkələr bizim bu haqq işimizi BMT, onun Təhlükəsizlik Şurası səviyyəsinə çıxarmağa cəhd etdi. Lakin həmin vaxt Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olan, Qoşulmama Hərəkatında təmsil olunan dostlarımız anti-Azərbaycan mahiyyətli bəyanatı blokladılar. Azərbaycana qarşı ittihamı blokladılar və bununla da ermənipərəst qlobal qüvvələrin Azərbaycana qarşı hücumuna mane oldular. Biz bu həmrəyliyə görə sizə minnətdarıq".

Dünyada qlobal qütbləşmənin, müharibə və münaqişələrin, proqnozlaşdırıla bilinməyən vəziyyətlərin, ərzaq, enerji və humanitar böhranların baş verməsi isə haqqında danışılan platformanın üzv dövlətlərinin Azərbaycan xalqının ədalətli mübarizəsini dəstəkləməsi, həmçinin ölkəmizə göstərilən etimadın növbəti nümunəsidir.