YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Etibarlı və təhlükəsiz kommunikasiyaların qurulması Azərbaycan üçün prioritetdir

Həbib Misirov

YAP Kəlbəcər rayon təşkilatının sədri

​Bu gün Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən biridir. Ölkəmiz Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında mühüm rol oynayır.

44 günlük Vətən müharibəsində qalib gələrək Azərbaycan Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması və bərpası, o cümlədən beynəlxalq nəqliyyat əlaqələrinin inkişafı üzrə genişmiqyaslı işlər görməyə başlayıb.
​Azərbaycanın qonşu dövlətlərlə əlaqələri yüksək səviyyədədir və daha da sürətlə inkişaf etməyə başlamışdır. Hökumət üzvlərinin qarşılıqlı səfərləri, birgə müqavilələr və xüsusilə nəqliyyat, energetika və digər sahələrdə əməkdaşlıqlar öz mühüm töhfələri verməkdədir. Zəngəzur dəhlizi artıq reallığa çevrilir.

​Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında ölkəmizin beynəlxalq əməkdaşlıq mərkəzi kimi söz sahibi olmasını bir daha gördük. Belə ki, bu gün ölkəmiz Transxəzər beynəlxalq nəqliyyat marşrutunun səmərəli istifadəsinə böyük səy göstərir. Əlbəttə ki, bu marşrut Xəzəryanı dövlətlərin nəqliyyat potensialından maksimum dərəcədə istifadə etməyə imkan verməklə, nəqliyyat infrastrukturunun inkişafına dair yeni layihələrin həyata keçirilməsinə şərait yaradır.

​Bildiyimiz kimi, 2018-ci ilin avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan prezidentlərinin iştirakı ilə Xəzəryanı ölkələrin V sammiti keçirilib. Sammitin yekununda Xəzəryanı ölkələrin prezidentləri Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanı imzalayıblar. Xəzərin strateji bir məkan olduğunu nəzərə alsaq, burada hər an böyük təsirləri olan qarşıdurmanın meydana gəlmə ehtimalının az olmadığı qənaətinə gəlmək mümkündür. Bu səbəblərdən Aktau sammitini siyasi liderlər haqlı olaraq tarixi hadisə kimi qiymətləndirirlər. Xəzər dənizinin hüquqi statusuna dair 2018-ci ildə Aktauda imzalanmış Konvensiya tarixi əhəmiyyət kəsb edir. Çoxillik iş nəticəsində imzalanmış bu sənəd Xəzərin hüquqi statusunu müəyyən edib.

​Xəzər dənizi qarşılıqlı beynəlxalq və regional layihələrin mühüm tərkib hissəsidir. Bu gün Xəzəryanı dövlətlərin əməkdaşlığının müqavilə-hüquqi bazası möhkəmlənir. Təhlükəsizlik, hidrometeorologiya, nəqliyyat, suyun bioloji ehtiyatlarının qorunub saxlanması və səmərəli istifadəsi, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahələrində, habelə qarşılıqlı maraq doğuran başqa sahələrdə sazişlər imzalanıb və qüvvəyə minib. Əməkdaşlıq barədə sazişlərin yeni layihələri üzərində işlər gedir.

​Xəzəryanı ölkələr arasında dostluq və mehriban qonşuluq münasibətləri, o cümlədən BMT, ATƏT, İslam Əməkdaşlığı Təşkilatı, Türk Dövlətləri Təşkilatı, MDB və İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində ikitərəfli və çoxtərəfli əməkdaşlıq Xəzər dənizində sabitliyin və təhlükəsizliyin mühüm amilidir.

​Prezident cənab İlham Əliyevin çıxışında qeyd etdiyi məqamlardan biri də regional təhlükəsizlik olmuşdur. Belə ki, ölkə rəhbəri çıxışında bildirmişdir ki, "Bizim qarşılıqlı fəaliyyətimizin əsasını bütün tərəflərin mənafelərinin nəzərə alınması, Xəzəryanı dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə, müstəqilliyinə hörmət və bir-birinin daxili işlərinə qarışmamaq təşkil edir."

Xəzər dənizi regionu ölkələri ilə qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın inkişafı, investisiya mühitinin yaxşılaşdırılması, etibarlı və təhlükəsiz kommunikasiyaların qurulması Azərbaycan üçün prioritetdir. Nəqliyyat infrastrukturunun inkişafı, nəqliyyat xidmətlərinin yaxşılaşdırılması əməkdaşlığın mühüm istiqamətidir.

​Həmçinin çoxillik işlər sahəsində Xəzəryanı dövlətlər arasında bağlanmış ikitərəfli və çoxtərəfli müqavilələr Xəzər dənizi regionunun inkişaf etmiş infrastruktura malik iri beynəlxalq nəqliyyat qovşağına çevrilməsi üçün yaxşı təməl yaratmışdır.