YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sədaqət Vəliyeva: Ana dilimizin qorunması və inkişafı hər zaman diqqət mərkəzindədir

“Dünyanın ən zəngin dillərindən olan Azərbaycan dili böyük tarixi inkişaf yolu keçmiş və bu yolda  bir sıra təsir və təzyiqlərə məruz qalmışdır. Lakin bütün maneələrə və təzyiqlərə baxmayaraq Azərbaycan dili daha da inkişaf edərək dünyanın ən mədəni və zəngin dillərindən birinə çevrilmişdir.   Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyev ana dilimizin qorunması və inkşaf etdirilməsi istiqamətində müstəsna xidmətlər göstərmiş, böyük cəsarət və qətiyyət nümayiş etdirmişdir. Ulu Öndər Heydər Əliyev hər zaman Azərbaycan dilinin işlənməsi, inkişaf etdirilməsi və qorunması məsələlərini xüsusi diqqətdə saxlamış və bu istiqamətdə Ümumilli Liderimizin rəhbərliyi ilə bir çox tədbirlər həyata keçirilmişdir. 70-ci illərin ortalarından başlayaraq, SSRİ-nin tərkibinə daxil olan respublikaların ictimai-siyasi həyatında ana dili məsələsi yenidən gündəmə gəlsə də, SSRİ Konstitusiyasının qəbulundan sonra milli respublikaların rəhbərləri bu məsələni gündəmə gətirməkdə aciz idilər. Bütün maneələrə və çətinliklərə baxmayaraq, həmin dövrdə Azərbaycan Respublikasının rəhbəri olan Ümumilli Liderimiz Heydər Əliyev dil məsələsində böyük cəsarət, vətənə sadiqlik göstərərək, öz mövqeyini qətiyyətlə ortaya qoymuşdur. Ümumilli Liderimizin qətiyyətli, dönməz və ardıcıl mübarizəsi nəticəsində 1978-ci il aprel ayının 21-də qəbul olunmuş Azərbaycan SSR Konstitusiyasına “Azərbaycan SSR-nin dövlət dili Azərbaycan dilidir” maddəsi əlavə olunmuşdur”.

Bu fikirləri Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, sonrakı dövrlərdə də Ulu Öndərimiz Heydər Əliyev ana dilimizin inkşafı ilə bağlı siyasətini uğurla davam etdirmişdir:    “Xalqın təkidli tələbi və istəyi ilə yenidən hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin uzaqgörən və müdrik siyasəti nəticəsində digər sahələrdə olduğu kimi Ana dili sahəsində də inkşaf dövrü başladı. 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapmışdır. Ümumilli Liderin dövlət dili sahəsindəki mövcud problemlərin həllinə xidmət edən siyasətinin davamı olaraq 2001-ci il iyunun 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzalamışdır. Müvafiq Fərmana uyğun olaraq Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyası yaradılmışdır. Eyni zamanda, Ulu Öndərin “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. Ulu Öndər Heydər Əliyev tərəfindən imzalanmış Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün təsis edilməsi haqqında Fərman böyük əhəmiyyətə malik tarixi hadisədir”.

“Bundan başqa, Ümummilli Lider Heydər Əliyev Azərbaycan dilinin inkişaf etdirilməsi və zənginləşdirilməsi istiqamətində bir çox addımlar atmışdır. Bu adımlara misal olaraq, dilçi alimlərə yüksək diqqət və qayğı göstərilmiş, milli dildə nəşr edilən kitabların tirajlarının sayı artırılmışdır” ,- deyən Sədaqət Vəliyeva əlavə edib ki, əsası Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş dövlət dil siyasəti bu gün cənab İlham Əliyev tərəfindən uğurla və layiqincə davam etdirilməkdədir.  Azərbaycan Prezidenti İlham Əliyev Ana dilimizin qorunması və inkişafı məsələsini hər zaman diqqətdə saxlayır. Dövlət başçısı, cənab İlham Əliyev tərəfindən Ana dilinin inkşafı ilə bağlı Fərmanlar və Sərəncamlar imzalanmış, dövlət proqramları həyata keçirilmişdir: “Prezident İlham Əliyevin Azərbaycan dili ilə bağlı "Ana dilimizə hörmət və qayğı daim olmalıdır. Biz ana dilimizi xarici təsirdən qorumalıyıq. Ana dilimiz bizim toxunulmaz sərvətimizdir. Azərbaycan xalqının formalaşmasında, müstəqil Azərbaycanın formalaşmasında ana dilimiz - Azərbaycan dili müstəsna rol oynamışdır. Biz elə etməliyik ki, dilimizin saflığını daim qoruyaq. Bu məsələyə çox ciddi diqqət göstərilməlidir"- kəlamını söyləməsi ölkə başçımızın Azərbaycan dilinə göstərdiyi diqqət və qayğının, yüksək dəyərin göstəricisidir”.