YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İkitərəfli əməkdaşlıqda yeni səhifə

Anar Nəbiyev

YAP Qazax rayon təşkilatının sədri

Azərbaycan türkdilli dövlətlərlə əməkdaşlığa xüsusi önəm verir. Avqustun 24-də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin ölkəmizə səfəri çərçivəsində keçirilən görüşlərdə hazırkı dövrün aktual məsələləri ətrafında aparılan müzakirələrə, imzalanan sənədlərə diqqət yetirmək kifayətdir. Azərbaycan və Qazaxıstan Prezidentləri tərəfindən “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında 2022-2026-cı illər üzrə əməkdaşlığın inkişaf etdirilməsi haqqında Kompleks Proqram”ı və “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə”,  20-dən artıq sənəd isə müvafiq strukturlar arasında imzalandı. Sənədlər ümumilikdə iki ölkənin gələcək inkişafının aydın mənzərəsini təqdim edir. Bir əsas məqamı da xüsusi qeyd edək ki, avqustun 27-də Azərbaycanla Qazaxıstan arasında diplomatik münasibətlərin qurulmasının 30 ili tamam olur. Qazaxıstan Prezidentinin səfərinin bu mühüm hadisə ərəfəsinə təsadüf etməsi bir daha 30 illik əməkdaşlıq yolunun təhlilinə bir zərurət yaradır.

Xarici siyasətində qarşılıqlı hörmət və maraqlar prinsipinə xüsusi önəm verən Azərbaycanın istər ikitərəfli, istərsə də çoxtərəfli çərçivədə əlaqələri yüksələn xətlə inkişaf edir. İki dost, qardaş ölkənin münasibətlərinin bu səviyyəyə yüksəlməsində təbii ki, möhkəm təməlin rolu inkaredilməzdir. Ortaq tarixə və köklərə malik olan Azərbaycanla Qazaxıstanın əlaqələrinin inkişafında ulu öndər Heydər Əliyevin və Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayevin xidmətləri böyükdür. Müxtəlif sahələrdə uğurla inkişaf edən Azərbaycan-Qazaxıstan münasibətləri yeni mərhələyə daxil olur. 30 illik  inkişaf yolu keçən bu əməkdaşlıq artıq strateji tərəfdaşlıqdan müttəfiqliyə yüksəlir. Səfər zamanı diqqətçəkən mühüm hadisələrdən biri də  Prezident İlham Əliyevin Qazaxıstan Respublikasının “Altın kıran” - “Qızıl qartal” ali ordeni ilə təltif edilməsi oldu. Bu, xalqlarımızın dostluğunun və qardaşlığının təsdiqi, Prezident İlham Əliyevin Azərbaycan-Qazaxıstan münasibətlərinin möhkəmlənməsi üçün gördüyü işlərə verilən yüksək qiymətdir. Onu da qeyd edək ki, ötən il İstanbulda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə isə  Prezident İlham Əliyevə “Türk Dünyasının Ali Ordeni” təqdim edilmişdi. Bu ali mükafatın verilməsində də  cənab İlham Əliyevin türk dünyasının birliyinə verdiyi töhfələr əhəmiyyətli rol oynadı.

Göründüyü kimi, Azərbaycanın türk dünyasının birliyinə, həmrəyliyinə töhfələri yüksək dəyərləndirilir. Əldə olunan uğurlar münasibətlərdə yeni səhifənin açılmasına stimul verir. İkitərəfli münasibətlərdə və beynəlxalq problemlərə dair bütün məsələlərdə ölkələrimizin mövqeləri üst-üstə düşür. Qazaxıstan və Azərbaycan bir-birinə yaxın dövlətlərdir.

Bu gün artıq Azərbaycan və Qazaxıstan strateji tərəfdaş olmaqla yanaşı, müttəfiqliklərini də sənəd əsasında dünyaya çatdırdılar. Türkdilli dövlətlər arasında əlaqələrin inkişafı hazırda diqqətdə olan məsələlər sırasındadır. Onların işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işlərinə dəstəkləri atdıqları addımlarda özünün aydın ifadəsini tapır. Belə ki,  Qazaxıstanın Qarabağın yenidən qurulmasında iştirakı dostluğumuzun bariz təzahürüdür. Qazaxıstanın Azərbaycana hədiyyəsinin – işğaldan azad edilmiş ərazilərdə tikiləcək Uşaqların Yaradıcılığının İnkişafı Mərkəzinin təqdimatının keçirilməsi  xalqımıza qardaşcasına münasibətin daha bir təzahürü, humanitar əməkdaşlığın daha bir elementidir. Mərkəz Füzuli şəhərində tikiləcək. Füzuli şəhərinin tikintisinin Baş planı təsdiqlənib, artıq yaşayış fondunun ilk tikililəri başlayır. Məhz, həmin vaxtadək, bu mərkəz hazır olanda Füzulinin ilk sakinlərinin oraya köçürülməsi planlaşdırılır. Prezident İlham Əliyev bu əminliyi ifadə etdi ki,  qazax xalqının böyük oğlu Kurmanqazının adını daşıyacaq Uşaqların Yaradıcılığının İnkişafı Mərkəzi həm də Qazaxıstan-Azərbaycan dostluğu mərkəzi olacaq.

Atılan hər bir addım, imzalanan hər bir sənəd əlaqələri daha da möhkəmləndirir, yeni prioritetlər üzrə inkişafına stimul verir. İkitərəfli əməkdaşlıq beynəlxalq təşkilatlar çərçivəsində də əlaqələrin inkişafında mühüm rol oynayır. Azərbaycan və Qazaxıstan Prezidentlərinin mətbuata bəyanatları bütün bunlara işıq salır. Prezidentlər qeyd etdilər ki, beynəlxalq səviyyədə əməkdaşlığımız yüksələn xətt üzrə inkişaf edir. Xarici siyasətdə iştirak etdiyimiz aparıcı beynəlxalq təşkilatlarda geniş əhatəli məsələlər üzrə fəal əməkdaşlıq edirik, daim bir-birimizi dəstəkləyirik və bu, gələcəkdə də davam edəcək. Çünki əməkdaşlıq etdiyimiz beynəlxalq təşkilatların sayı kifayət qədər çoxdur və hər yerdə Qazaxıstan və Azərbaycan nümayəndələri sıx, qarşılıqlı fəaliyyətdədirlər.

Ümumilikdə Azərbaycanla Qazaxıstan arasında həm strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə, həm də 2022-2026-cı illər üzrə əməkdaşlığın inkişaf etdirilməsi haqqında Kompleks Proqram əlaqələrin növbəti illərdə inkişafının təqdimatıdır.