YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni reallıqlara verilən dəyərin təntənəsi

Bəxtiyar Nəbiyev

YAP Yasamal rayon rəşkilatının sədri

Azərbaycan-Qazaxıstan əlaqələri bütün sahələrdə uğurla inkişaf edir, dövlət və hökumət başçılarının qarşılıqlı səfərləri ölkələrimiz arasında əməkdaşlığın ildən-ilə güclənməsinə mühüm təsir göstərir. İki dövlət arasında ən müxtəlif sahələrə dair imzalanmış mühüm sazişlər əməkdaşlığın yüksək dinamizmlə inkişaf etdirilməsinə zəmin yaradır. Ortaq tarixə, mədəniyyətə malik olan türk dövlətləri arasında bütün sahələrdə əməkdaşlıq əlaqələrinin möhkəmlənməsi böyük perspektivlərdən xəbər verir. 31 ilə yaxın müddətdə müstəqil dövlətlər kimi dünya siyasi arenasında yer tutan türk dövlətlərinin bir-birinə daha da yaxınlaşması müsbət nəticələr verməkdədir. Siyasi əlaqələrin möhkəmləndirilməsi bilavasitə iqtisadi münasibətlərin dinamik inkişaf zərurəti ilə şərtlənir. Ölkələrimiz və xalqlarımız arasında siyasi, iqtisadi, humanitar sahələrdə əməkdaşlıq əlaqələrinin inkişafı istiqamətində əldə edilmiş ciddi nailiyyətlər ümumilikdə dövlətlərarası münasibətlərin inkişafında öz sözünü deyir.

Qazaxıstan Azərbaycanın Cənubi Qafqazdakı strateji yerini və rolunu düzgün qiymətləndirir, ölkəmizlə çoxşaxəli əməkdaşlığın gücləndirilməsinə mühüm diqqət yetirir. Azərbaycan-Qazaxıstan münasibətlərinin ölkəmizin milli maraqlarına uyğun istiqamətdə təşəkkül tapması ulu öndər Heydər Əliyevin müəllifi olduğu xarici siyasət kursunun mahiyyətindən irəli gəlib. Ulu öndər Heydər Əliyevin xarici siyasət strategiyasını uğurla davam etdirən Prezident İlham Əliyev Qazaxıstanla ikitərəfli əlaqələrin genişləndirilməsini ilk gündən vacib amil kimi nəzərdən keçirib. Dövlət başçılarının qarşılıqlı səfərləri əlaqələrin daha da gücləndirilməsi baxımdan mühüm əhəmiyyət kəsb edib.

Əməkdaşlıq formatına gəlincə, bu da çoxtərəfli xarakter daşıyır. Belə ki, Qazaxıstanla Azərbaycan BMT, ATƏT, İƏT, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə, TÜRKSOY, Türk Dövlətləri Təşkilatı kimi beynəlxalq və regional təşkilatlarda fəal şəkildə qarşılıqlı fəaliyyət göstərir. Bundan başqa, iki ölkənin qanunvericilik orqanları arasında sıx əməkdaşlıq əlaqələri qurulub.

Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında diplomatik əlaqələr 1992-ci il avqustun 30-da yaradılıb. 1993-cü ilin yanvarında Qazaxıstanın Azərbaycanda, 2004-cü ilin martında isə Azərbaycanın bu ölkədə səfirlikləri fəaliyyətə başlayıb. 2008-ci ilin sentyabrından isə Azərbaycanın Qazaxıstanın Aktau şəhərində konsulluğu fəaliyyət göstərir.

İki ölkə arasında yaxın dostluq münasibətləri 2004-cü il martın 1-də Astanada imzalanmış “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında dostluq münasibətləri və strateji tərəfdaşlıq haqqında Bəyannamə” və 2005-ci il mayın 24-də Bakıda imzalanmış “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilə” ilə daha da möhkəmləndirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevlə 2022-ci il 24 avqust tarixində görüşü bir daha göstərdi ki, beynəlxalq səviyyədə əməkdaşlığımız yüksələn xətt üzrə inkişaf edərək keyfiyyətcə yeni mərəhələyə qədəm qoyub. Azərbaycan və Qazaxıstan bütün məsələlər üzrə eyni mövqeyi nümayiş etdirir. İkitərəfli münasibətlərdə və beynəlxalq məsələlərə dair bütün məsələlərdə ölkələrimizin mövqeləri üst-üstə düşür. Beynəlxalq səviyyədə Azərbaycan-Qazaxıstan əməkdaşlığı yüksələn xətt üzrə inkişaf edir. Xarici siyasətdə iştirak etdiyimiz aparıcı beynəlxalq təşkilatlarda geniş əhatəli məsələlər üzrə fəal əməkdaşlıq edirik, daim bir-birimizi dəstəkləyirik və bu, gələcəkdə də davam edəcək. Çünki əməkdaşlıq etdiyimiz beynəlxalq təşkilatların sayı kifayət qədər çoxdur və hər yerdə Qazaxıstan və Azərbaycan nümayəndələri sıx, qarşılıqlı fəaliyyətdədirlər.

Qazaxıstan Prezidentinin Azərbaycana səfəri zamanı tərəflər arasında 20-dən artıq sənəd imzalanıb. Bu qarşılıqlı fəaliyyətin möhkəmlənməsinə ciddi kömək edəcək. Bu sənədlərin imzalanması ilə iki ölkə arasındakı iqtisadi, ticarət, siyasi, mədəni, nəqliyyat, kommunikasiya, elm, təhsil, xarici siyasət və digər sahələrdə əlaqələr daha da inkişaf edəcək. Səfər zamanı imzalanmış “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə”nin xüsusi əhəmiyyətə malik olduğunu qeyd etmək lazımdır. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, biz təkcə strateji tərəfdaşlar deyil, həm də müttəfiqlərik: “Əlbəttə, bu, bizim üzərimizə xüsusi məsuliyyət qoyur və biz bu məsuliyyətə hazırıq. Bəyannamə bizim əməkdaşlığımızın çox istiqamətlərini ehtiva edir və əlbəttə ki, gələcək fəaliyyətimiz üçün çox ciddi baza kimi xidmət edəcək”.

Birgə Bəyannamədə həm də Azərbaycanın Mərkəzi Asiyanın beş ölkəsi ilə çoxtərəfli əməkdaşlığının gələcəkdə mümkün inkişafı da əksini tapıb. Mərkəzi Asiya ölkələrinin coğrafi mövqeyinin, təbii ortamının, tarixi inkişaf yolunun, mədəniyyət, dil və din özəlliklərinin eyniliyi və ya oxşarlığı onların iqtisadi bağlarının genişlənməsinə, dərinləşməsinə, Xəzər dənizinin şərqində yerləşən ölkələri Azərbaycanla hərtərəfli əlaqələrinin genişlənməsinə öz müsbət təsirini göstərməkdədir. Bundan əlavə qeyd etmək lazımdır ki, Mərkəzi Asiyanı Qafqaz və Avropa ölkələri birləşdirən ən əlverişli yol Xəzər dənizi üzərindəndir. Azərbaycanın paytaxtı Bakı şəhəri ilə Mərkəzi Asiyanın Aktau (Qazaxıstan) və eləcə də, Türkmənbaşı (Türkmənistan) arasında gəmi-bərə körpüsünün salınması regionun Qafqazla iqtisadi əlaqələrinin inkişafına müsbət təsiri müşahidə edilir. Bu da öz növbəsində regionun xarici nəqliyyat bağlarının genişlənməsinə, bununla da regionun digər bir sıra Asiya ölkələrinin Azərbaycan üzərindən Avropa ilə iqtisadi-ticari bağlarının əlverişli şəkildə inkişafına zəmin yaratmaqdadır. Bu da onu deməyə əsas verir ki, Azərbaycan və Qazaxıstan Orta Dəhlizin əsas ölkələridir və Azərbaycan hazırda Qazaxıstanın Cənubi Qafqazda əsas ticari-iqtisadi tərəfdaşıdır.

Həmçinin Birgə Bəyannamədə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonunun Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə birləşdirilməsinin vacibliyi də qeyd edilib. Aparılan danışıqlar, imzalanməş sənədlər ümumilikdə göstərir ki, Azərbaycan-Qazaxıstan əməkdaşlığı keyfiyyətcə yeni mərhələyə qədəm qoyur.

Bütün bunlar xalqlarımızın dostluğunun, qardaşlığının mötəbər təsdiqi, Prezident İlham Əliyevin Azərbaycan-Qazaxıstan münasibətlərinin möhkəmlənməsi üçün gördüyü işlərə verilən yüksək qiymətin, qarşılıqlı güvənin, Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfərin, Zəfərin yaratdığı yeni gerçəkliklərə və perspektivə verilən dəyərin təntənəsidir.