YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

44 günlük Vətən müharibəsi bizim böyük zəfərimizlə bitdi

Təvəkkül Əliyev

YAP Şuşa rayon təşkilatının sədri   

44 günlük Vətən müharibəsi bizim böyük zəfərimizlə bitdi. Beləliklə, Azərbaycan bu tarixi müharibədən öz ərazi bütövlüyünü bərpa edərək çıxdı. İqtisadi güc, güclü ordu, beynəlxalq səviyyədə qazanılan uğurlar, milli həmrəylik və birlik - Azərbaycana qələbə qazandıran amillər idi. Uzun illərdən bəri düşmən tapdağı altında qalmış torpaqlarımızın işğaldan azad edilməsi ilk növbədə Azərbaycan xalqının özünə inamını qaytardı. Xalqın Ali Baş Komandanın ətrafında birləşməsi, azərbaycanlıların doğma torpaqlarına bağlılığı və bu millətin vətənpərvərlik duyğuları, hətta Ermənistana siyasi-hərbi dəstək ifadə edən bəlli ölkələri də mat vəziyyətə salmışdı. Ermənistan ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mif cəmi 44 günə darmadağın oldu. Zəfərimizə mənəvi məna verən isə 28 il işğal altında olan torpaqlarımızı, xüsusilə siyasi və strateji əhəmiyyət daşıyan Şuşa şəhərinin hərbi döyüşlərlə azad edilməsi oldu.

Vətən müharibəsi Qələbəsi təkcə işğal altında olan  torpaqların azad edilməsi deyil,  millətin dirçəlişi, oyanışı, özünə qayıdışının mənəvi simvolu oldu. Sübut edildi ki, Azərbaycanın razılığı olmadan  Qarabağla bağlı heç bir qərar qəbul edilə bilməz. Çünki Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, bu işğala son qoyulsun, bu haqsızlığa son qoyulsun, tarixi ədalət zəfər çalsın. Prezident İlham Əliyevin uzaqgörən siyasəti olmasaydı, biz hələ də  BMT Təhlükəsizlik Şurasının kağız üzərində qalan 4 qətnaməsini təkbaşına reallaşdıra, hərb meydanında düşmənə qalib gələ, cəbhə xəttinin bütün istiqamətlərində əməliyyat şəraitinə tam nəzarət edə bilməzdik. Üstəlik ərazisi xeyli böyük olan Kəlbəcər, Ağdam və Laçın rayonları şəhid vermədən, qan tökülmədən geri qaytarıldı.

44 günlük Vətən müharibəsi Azərbaycanın tarixində yeni səhifənin başlanğıcı oldu. Mənfur düşmən tərəfindən yerlə-yeksan edilmiş bütün binalar, bütün tarixi abidələr, məscidlər, qəbirlər dövlətimiz tərəfindən bərpa ediləcək. Prezident İlham Əliyevin rəhbərliyi altında Qarabağ nəinki regionun, bütün dünyanaın müasir, əsrarəngiz və təhlükəsiz bölgəsinə çevriləcək. Çünki Ali Baş Komandan fəaliyyəti dövründə qarşıya qoyduğu bütün hədəflərə uğurla çatıb və ölkəsini daim zirvələrə qaldırıb.