YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağdamdakı Foruma qatılan hər kəs erməni işğalının acı nəticələrini gözləri ilə gördü

Sevinc Qasımova

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədr müavini

Oktyabrın 5-də BMT-nin Məskunlaşma Proqramı (UN-HABITAT) və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə əməkdaşlığı, ADA Universitetinin təşkilati dəstəyi ilə Ağdamda “Dayanıqlı İnkişaf Məqsədləri” və “Yeni Şəhər Gündəliyi” – postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi” mövzusunda Azərbaycan Milli Şəhərsalma Forumu keçirilib.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Forumun açılış mərasimində iştirak ediblər.

Dövlətimizin başçısı tədbirdə çıxış edib. O qeyd edib ki, təxminən 30 il boyunca Ağdamın bütün binalarının daşları tək-tək dağıdılıb, sökülüb, oğurlanıb və satılıb. Prezident vurğulayıb ki, azad edilmiş ərazilərdə mövcud olan 67 məsciddən 65-i tamamilə dağıdılıb, onlardan ikisi – biri Ağdamdakı, digəri Şuşadakı məscid yarım dağıdılıb və murdarlanıb.

Ermənilərin Qarabağda törətdiyi qanunsuz əməlləri, ağılasığmaz vəhşilikləri sözlə ifadə etmək çətindir. Düşmən bizim milli irsimizi kütləvi surətdə məhv edib, talayıb, qədim tarixi-dini abidələrimizi dağıdıb, bir qismini isə saxtalaşdıraraq erməniləşdirib. Ermənilərin törətdiyi bu vandalizmi hətta sivilizasiyadan kənar xalqlar belə törətməzdi.

Ağdam məruz qaldığı dağıntılara görə “ruhlar şəhəri” adlandırılır. Ümumiyyətlə, ermənilər Şuşa, Laçın və qismən Kəlbəcər istisna olmaqla, işğal altında saxladığı digər şəhərlərimizdəki bütün binaları yerlə-yeksan edib.

Ermənistanın təcavüzü, torpaqlarımıza basdırdığı minaların təhlükəsi hələ də davam edir. İrəvan hərbi-siyasi rəhbərliyinin göstərişi ilə işğal dönəmində ərazilərimizə 1 milyondan çox mina basdırılıb. Forumda çıxışlar zamanı beynəlxalq ictimaiyyətə bir daha duyuruldu ki, müharibə başa çatandan bəri təxminən 250 azərbaycanlı minaların qurbanı olub. Təəssüf ki, 250 hələ son rəqəm deyil, az qala hər həftə yeni mina qurbanları olur. Yəni Ermənistanın Azərbaycana, mülki əhaliyə qarşı terror siyasəti hələ də davam edir. Ona görə, ilk növbədə ərazilərimizin minalardan təmizlənməsi, Ağdama böyük qayıdışın, hələliksə orada çalışan işçilərin təhlükəsizliyinin təmin edilməsi qarşımızda əsas vəzifə kimi durur.

Başqa bir deyimlə, “Qafqazın Xirosiması” adlandırdığımız Ağdamda keçirilən 44 ölkədən olan 130-dan çox nümayəndənin qatıldığı Azərbaycan Milli Şəhərsalma Forumuna gələn hər kəs Ermənistanın işğalının çox acı sonuclarını öz gözləri ilə bir daha gördü.

Biz əminik ki, işğalçı Ermənistanın məhv etdiyi Qarabağı əsl sahibləri yenidən dirçəldəcək, Qarabağımız əvvəlkindən daha əzəmətli olacaq.