YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hacıqabulda şəhidlərinin xatirəsinə idman zalı açılıb

Hacıqabul rayonunda şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə yeni idman zalının açılışı olub.

Tədbirdə Yeni Azərbaycan Partiyası (YAP) Hacıqabul rayon təşkilatının sədri Elnur Əmiraslanov, Hacıqabul Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Saleh Ələskərov, təhsil sektorunun müdiri Bəxtiyar Ələkbərov, hüquq mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri, qazilər, veteranlar, məktəblilər və idmançılar iştirak ediblər.

İdman zalının açılışından öncə Azərbaycanın Dövlət Himni səsləndirilib, şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad olunub.

Hacıqabul rayon Gənclər və İdman İdarəsinin rəisi Xalid Rəcəbli çıxış edərək, şanlı ordumuzun müharibədə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bütün döyüş əməliyyatlarını yüksək səviyyədə həyata keçirməklə, şanlı Zəfər qazanmasından və tarixi ədaləti, ölkəmizin ərazi bütövlüyünü bərpa etməsindən söz açıb. Bildirilib ki, hərbçilərimizin şücaəti, canı-qanı bahasına qazanılan bu Qələbə hər bir azərbaycanlı üçün son dərəcə əziz və qiymətlidir.

Şəhid ailələri adından şəhid Yaqubov Hümbətin anası Laçın Hümbətova, şəhid Abbasov Hüseynin atası Abbasov Əlizadə çıxış edərək, qəhrəman övladları ilə fəxr etdiklərini, onların problemlərinin həllinə dövlət tərəfindən həssas yanaşıldığını vurğulayıblar. Hərtərəfli qayğı ilə əhatə olunduqlarına görə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.

RİH başçısının birinci müavini Saleh Ələskərov Vətən müharibəsi şəhidlərinin valideynlərinə başsağlığı verərək ordumuzun qüdrətindən, o cümlədən şəhidlərin keçdikləri döyüş yolundan, göstərdikləri qəhrəmanlıqlardan söhbət açıb. Həmçinin şəhid ailələrinə, müharibə iştirakçılarına və qazilərə ölkə rəhbərliyi tərəfindən göstərilən hərtərəfli diqqət və qayğıdan danışıb.

YAP Hacıqabul rayon təşkilatının sədri Elnur Əmiraslanov bildirib ki, Ali Baş Komandan İlham Əliyevin haqq mübarizəsinə başlamaq əmri xalqın sevincinə, coşqusuna səbəb oldu, qürurla qarşılandı. Elə ilk gündən düşmən üzərində qazanılan hərbi uğurlar xalqımızın qələbə ovqatını daha da artırdı. Xalq öz rəhbəri ətrafında sıx birləşdi. Minlərlə igid, cəsur oğullarımız mənfur düşmənlə vuruşmaq üçün səfərbərlik şöbələrinə axışdı. Dövlət-xalq, xalq-dövlət bir yerdə oldu, barmaqlar dəmir yumruqda birləşib düşmənin başına endirilən sarsıdıcı zərbəyə çevrildi.

Rayon Təhsil sektorunun müdiri Bəxtiyar Ələkbərov çıxış edərək, 44 günlük müharibə ərəfəsində Azərbaycandakı milli birliyin, milli ruhun və təfəkkürün nə qədər güclü olmasından söhbət açıb.

Tədbirin sonunda şəhər 6 saylı tam orta məktəbin şagirdləri tərəfindən vətənpərvərlik ruhunda şer səsləndirilib.